Azərbaycanda turizmin inkişafına əngəl olan səbəblərdən biri də təyyarə biletlərinin qiymətinin yüksək olmasıdır. İndiyədək müxtəlif ekspertlərin səsləndirdiyi bu məsələ indi Dövlət Turizm Agentliyi tərəfindən gündəmə gəlib.
Agentlik “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) idarəetməsi həvalə olunan Azərbaycan İnvestisiya Holdinqinə (AİH) müraciət edərək, ölkəyə alternativ aviaşirkətlərin gətirilməsini təklif edib.
Agentliyin sədri Fuad Nağıyev bildirib ki, qiymətlərin aşağı olması üçün rəqabət olmalıdır:
“Məsələn, hazırda AZAL İsrailin paytaxtı Təl-Əvivə uçuşlara başlayıb. Əgər ordan da hansısa aviaşirkət Bakıya reys açsa, artıq rəqabət formalaşacaq. Yaxın vaxtlarda bu məsələlərin həllini tapacağına ümid edirik”.
MÖVZU İLƏ BAĞLI:
AZAL-la bağlı İnvestisiya Holdinqə şikayət - Ölkəyə Aşağıbüdcəli aviaşirkətlər gətiriləcək
Fuad Nağıyev həmçinin bu cür aviaşirkətlərin gətirilərsə, onlara subsidiya ayrılmasını da təklif edir: “Onlar da elə-belə uçmur. Aviaşirkət təyyarə qaldırırsa, ilin sonuna hansısa formada subsidiya almalıdır. Yəni 50-100 dollara uçuş varsa, biz onun üçün subsidiya ödənilməsini də fikirləşməliyik”.
Millət vəkili Razi Nurullayev isə Bizim.Media-ya açıqlamasında bildirib ki, aşağıbüdcəlli aviaşirkətlərin Azərbaycana gətirilməsi artıq təlabatdır:
“Necə ola bilər ki, Azərbaycan vətəndaşları gedib ucuz şəkildə Tiflisdən səyahətə başlamağa məcbur olsunlar. Axı hamının AZAL-ın qoyduğu qiymətlərə gücü çatmır. AZAL zaman-zaman aşağıbüdcəli şirkətlərin Azərbaycana gəlməsinə imkan verməyib. Bunu başa düşürük ki, onlar insanları AZAL-la uçmağa məcbur etməklə pul qazanmaq istəyir – amma Azərbaycan xalqının cibində bu pul varmı ki?”.
Deputat Dövlət Turizm Agentliyinin təşəbbüsünü alqışladığını qeyd edib:
“Hesab edirəm ki, Azərbaycanda ən az 4-5 aşağıbüdcəli aviaşirkət olmalıdır ki, onların arasında rəqabət yaransın, xidmətin səviyyəsi artsın. Bir şirkətin monopoliyası davam edəcəksə, nə keyfiyyət olmayacaq, nə də qiymətlər vətəndaşların çoxu üçün əlçatan olacaq”.
Xatirə Nəsirli, Bizim.Media