İqtisadçı deputat: "Kredit faizləri sahəsində vəziyyət getdikcə kritikləşir" -TƏHLİL

Hazırda oxunan: İqtisadçı deputat: "Kredit faizləri sahəsində vəziyyət getdikcə kritikləşir" -TƏHLİL

31289

Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri Əli Məsimli Azərbaycanda bankların kredit siyasəti barədə təhlil yazıb. Deputatın Moderator.az-a təqdim etdiyi təhlil yazısını təqdim edirik: 


Beynəlxalq təcrübədən məlumdur ki, bank kreditlərindən istifadə, insanların arzu etdikləri məişət texnikası, elektronika, eləcə də mənzil, avtomobil almaq, yaxud da ki, biznesini inkişaf etdirmək və sairdən ötrü ən rahat üsuldur. Kredit almaq həm də çox adam üçün düşdüyü mürəkkəb vəziyyətdən çıxmadan ötrü çox əlverişli vasitədir. Ona görə də bazar iqtisadiyyatlı ölkələrdə əlverişli şərtlərlə və əlçatan faizlərlə təklif olunan kredit sistemi formalaşmışdır. Məsələn, Qərb ölkələrində-Avropa və Amerikada bank faizləri 6-7 faizdən, bir sıra hallarda 3-5 faizdən yüksək deyil. Qlobal maliyyə-iqtisadi böhranı digər sahələr kimi bank sektoruna və faiz dərəcələrinə təsir göstərsə də, bunu məsələnin mahiyyətinə ciddi davamlı dəyişiklik kimi qəbul etmək olmaz. Ona görə ki, həmin ölkələrdə “kredit hesabına yaşamaq” prinsipi artıq ənənəyə, həyat tərzinə çevrilib...Yeni müstəqil dövlətlər də getdikcə bu üsuldan daha geniş istifadə etməyə başlayıblar. Belə ki, postsovet məkanına aid olan ölkələrin əksəriyyətində kreditə görə faizlər 10-20 faiz arasında dəyişir. Baltikyanı ölkələrdə kreditlər illik 10 faizin altında, qonşu Gürcüstanda isə təxminən 10 faizlə verilir. Türkiyədə də faiz dərəcələri 10 faizin altındadır. Çində bu rəqəm 6 faiz ətrafındadır. Hər bir Çin ailəsi 4-6 faizlə 20-30 il müddətinə mənzil, avtomobil, mebel və sair almaqdan ötrü kredit götürə bilər. Postkommunust məkanına aid olan Şərqi Avropa ölkələrində də faiz dərəcələri əlçatanlığı ilə fərqlənir. Məsələn, Çexiyada faiz dərəcəsi 2,5 faizdir. Bir çox müsəlman ölkələrində isə banklar xidmət haqqı istisna olmaqla faizsiz işləyir...
Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq Azərbaycanda ikipilləli bank sistemi formalaşması prosesində yeni münasibətlərinin tələblərinə müvafiq surətdə kredit sistemi də inkişaf etməyə başladı. Hazırda Azərbaycanda Mərkəz Bankla yanaşı, 40-dan artıq kommersiya bankı fəaliyyət göstərir. Onların arasında təkcə Azərbaycanda deyil, bütövlükdə regionda ad çıxaran güclü banklar da mövcuddur. Mərkəzi bank və Beynəlxalq Bankla yanaşı, bir sıra banklarımız da dünya standartlarının tələblərinə cavab verən güclü kadr potensialına malikdir. 2013-cü ilin birinci rübündə bank sektorunun aktivləri 18 milyard manatı ötüb. Eyni zamanda verilən kreditlər 1,7% artaraq rübün sonuna 12 milyard 606 milyon manata çatıb və bu da bank aktivlərinin 65%-ni təşkil edir. Fiziki şəxslərin əmanətləri isə rüb ərzində 8,3% artaraq 5 milyard 536,4 milyon manat olub. Eyni zamanda, uzunmüddətli əmanətlər 14,4% artaraq cəmi əmanətlərin 41%-ni təşkil edib. Son illər postsovet məkanının əksər ölkələrində olduğu kimi, Azərbaycanda da istehlak kreditləri sürətlə artır və verilən kreditlərdə əsas yer tutur.
Bununla belə kredit məsələsində onun əlverişli və əlçatan olması əsas rol oynayır. Əlverişli və əlçatan kredit şərtləri dedikdə, ilk növbədə kreditə görə faiz dərəcələri, qaytarılmasının maksimim müddəti, eləcə də girov və sığorta şərtləri mühüm yer tutur.Bu baxımdan hələki Azərbaycanda əksər hallarda kredit şərtləri əlverişsiz olduğundan, ölkə vətəndaşlarının xeyli hissəsinin həmin şərtlərlə bank kreditlərində dolğun şəkildə faydalana bilmirlər. Postsovet məkanında Ukrayna, Belarus və Tacikistan istisna olmaqla, Azərbaycan banklarında digər qalan ölkələrlə müqayisədə kredit şərtləri xeyli sərt və faiz dərəcələri yüksəkdir. Belə ki, normal maliyyə-kredit sistemi formalaşmış ölkələrdə kreditlər illik 5-10 faizlə verildiyi halda, Azərbaycanda orta illik bank faizləri rəsmən 15 faiz göstərilsə də, bu göstərici nominal hesabla 26 faizə, bəzi hallarda isə hətta 36 faizə çatır. Ötən il Azərbaycanda illik inflyasiya 1,1 faiz, bu il isə 2 faiz ətrafında olduğu bir şəraitdə, 28-36 faizlik kredit çox anormal görünür Düzdür, ölkədə aşağı faizlə ipoteka və sahibkarlıq üçün güzəştli kreditlər verilir. Hazırda respublika üzrə ən aşağı faiz dərəcələri (4-8% intervalında), əsasən, dövlət büdcəsindən maliyyələşən Sahibkarlığa Kömək Milli Fondunun, İpoteka Fondunun və Kənd Təsərrüfatı Kreditləri Agentliyinin ayırdığı kreditlər üzrə müəyyən edilib. Dövlətin güzəştli kreditlərinin aşağı faiz dərəcəsi sayəsində 2013-cü ilin birinci rübündə ölkə üzrə kreditlərin orta faiz dərəcəsi 0,35% azalaraq 14,85% təşkil edib. Eyni dövrdə əmanətlər üzrə manatla nominal orta faiz dərəcələri də 9,85%-dən 9,84%-ə enib. Lakin hələlik qeyd etdiyimiz həmin istiqamətlərdə verilən kreditlərin ümumi həcmi real tələbatdan qat-qat az olduğundan, Azərbaycanın faiz siyasətində mühiti onlar müəyyən eləmir... Doğrudur, Azərbaycanda elə birgə banklar var ki (reklam olmasın deyə adını çəkmirik), MDB məkanı üçün orta hesab oluna biləcək səviyyədə faizlərlə işləyir, yəni sahibkarlar üçün ticarət, xidmət, inşaat, istehsal və kənd təsərrüfatı məhsullarının emalı sahələrində fəaliyyət göstərən fərdi sahibkarların dövriyyə vəsaitlərinin kreditləşdirilməsi üçün illik 15-20 faiz dərəcəsi ilə 750 000 manat məbləğinədək 24 ayadək kreditlər verilir.
Amma son illər əhalinin daha çox istifadə etdiyi istehlak kreditləridir və onun illik 22-36 faizlə ayrılır. Bu isə Mərkəzi Bankın uçot dərəcəsindən (4,75 faiz) müvafiq surətdə 4,6-7,6 dəfə yüksəkdir. Kiçik həcmli (1000 - 10 000 manat arasında) biznes kreditləri verən bank olmayan kredit təşkilatlarının təqdim etdiyi kreditlər istehlak kreditlərindən də yüksək faizlə, hətta 40-42 faizə verirlir. Azərbaycan banklarının istehlak kreditləri üzrə faizləri bir qayda olaraq daha çox 26-28 faiz olduğu halda, postsovet məkanın digər enerjidaşıyıcılı ölkələri olan Qazaxıstanda 12-13 faiz,Rusiyada 16 faiz ətrafındadır. Azərbaycanda istehlak kreditləri ilə yanaşı, biznes kreditlərinin də faiz dərəcəsi yüksəkdir. Azərbaycanda Mərkəzi Bankın uçot dərəcəsi 2008-ci ildə 10 faiz, 2009-cu ildə 2 faiz, 2010-cu ildə-3 faiz, 2011-ci ildə- 5,25 faiz, 2012-ci ildə- 5 faiz olub və hazırda 4,75 faiz təşkil edir. Bu intervaldakı dəyişikliklərin kommersiya banklarının təklif etdiyi kreditlərin faiz dərəcəsinə, cuzi məqamları çıxmaq şərtilə, elə bir təsiri olmayıb. Çünki Azərbaycanda kommersiya banklarının cəlb etdikləri vəsaitlərin çox az hissəsi Mərkəzi Bankın mərkəzləşdirilmiş kredit resurslarıdır. 2013-cü ilin birinci rübündə Azərbaycan Mərkəzi Bankının müəyyənləşdirdiyi faiz dəhlizinin aşağı həddi 1%, yuxarı həddi 7% təşkil edib, uçot dərəcəsi isə 5%-dən 4,75%-ə endirilib. Kommersiya bankları əhalidən və kənar mənbələrdən kreditləri illik cəmi 10-12%-lə götürdükləri halda, fiziki və hüquqi şəxslərə, vətəndaşlara 25-30%-lə təklif edirlər. Bu tədbirlərə baxmayaraq, eləcə də depozitlər üzrə orta illik faiz dərəcəsi 8% olduğu halda, kredit faizləri bundan 3-4 dəfə yüksəkdir.Ona görə də bizdə istehlak kreditləri Avropadan 4-5 dəfə bahadır. Görülən tədbirlərə baxmayaraq, hazırda bu sahədə vəziyyət getdikcə kritikləşir. Ona görə də ölkədə iqtisadi fəallığın yüksəldilməsi, biznes qurumlarının maliyyələşdirilməsində, eləcə də istehlak kreditlərinin verilməsində aparıcı rola malik kommersiya banklarının təklif etdikləri kreditlərin faiz dərəcələrinin yüksək olması müxtəlif səviyyələrdə haqlı narazılıqlar və ciddi suallar doğurur.
Azərbaycanda bank kreditlərinin yüksək olmasının görünən və görünməyən tərəfləri vardır. Görünən tərəflər içərisində aşağıdakı məqamlar daha çox təzir gücünə malikdir:
- bank sistemində oliqarxik elementlərin və inhisarçılıq meyllərinin olması;
- kredit resurslarının məhdudluğu (əslində bu amil nisbi xarakter daşıyır, çünki Azərbaycan kredit resursları yetərincə artırmaq iqtidarındadır);
- kredit portfelinə cəlb edilən resursların dəyərinin baha olması;
- kreditlərin qaytarılmasında risklərin yüksək olması;
- bank sektorunda oturuşmuş bazar münasibətlərinə xas olan rəqabətin olmaması;
- inzibati xərclərin və xidmət haqlarının daim artması və sair.
Bundan əlavə bəzi kommersiya bankları müştəri cəlb etmək naminə kreditlərin nominal deyil, effektiv faiz dərəcələrini elan edir, reallığı əks etdirməyən reklam kompaniyası aparır və yüksək faizlə verdikləri kreditləri aşağı faizli kimi təqdim etməyə çalışırlar. Borcalandan kreditə görə komissiya, sığorta, nağdılaşdırma, girovun saxlanması və digər xərclərin tutulması son nəticədə faiz dərəcələrinin yüksəlməsinə gətirib çıxarır. Çünki müştəri krediti 15-16 faizlə götürdüyünü düşünür, amma bundan 1,7-1,8 dəfə yüksək, yəni 26-28%-lə ödəniş edir. Amma bu sahə ilə iş görən çoxlarına məlumdur ki, bankda faiz dərəcələri, xidmətlə bağlı ödənişlərdən əlavə, hələ də bir sıra hallarda “şapka” və sair şəklində qeyri-rəsmi ödənişlərə də rast gəlinir.
Məsələyə geniş səpgidə yanaşdıqda, Azərbaycanın kredit bazarını aşağıdakı kimi səciyyələndirmək olar:
- kreditlərə görə faizlərin ifrat dərəcədə yüksək olması;
- kredit bazarınız sürətlə inkişaf etməsi;
- kredit bazarının Azərbaycan üçün yeni hadisə olması və bu bazarın hələ çox cavan olması;
- kreditə tələbatın orta dünya tempindən sürətlə artması;
- kredit bazarının sürətlə inkişafına rəğmən, bu bazarın çoxları üçün əlçatan və populyar olmaması.
Ona görə də istər dünya çapında, istər postkommunust, istərsə də MDB məkanında ən yüksək faizlə kredit verən banklar arasında Azərbaycan bankları ön yerlərdən birini tutur. Bazarlarda risklərin hələ də qaldığını əsas gətirən bank mütəxəssisləri indiki faiz dərəcələrini təbii sayırlar. Bank sahəsində çalışanların dediklərinə görə, Azərbaycanda bank kreditlərinin faiz dərəcələri çox yüksək olsa da, onlara həmin faizin yalnız 5-7 faizi çatır. Yüksək faizlə kredit verməklə banklar bir növ qaytarılmayan kreditləri sığortalayır. Yəni ödəməyi bacarmayan müştərinin vurduğu ziyan digər ödəyicinin yüksək faizi hesabına bağlanır. Kommersiya banklarının yüksək faizli kreditlər təklif etməklə qısa müddətdə daha çox gəlir əldə etməyə çalışmalarıdır. Belə yanaşma banklara sərf etsə də, ölkə iqtisadiyyatı və sosial sahədə bir sıra ciddi problemlərin qabarmasının katalizatoru rolunu oynayır. Bütün bunların nəticəsində:
Ø Azərbaycanda yeridilən bahalı kredit siyasəti ölkədə rəqabət qabiliyyətli real sektorun inkişafını ləngidən əsas amillərdən birinə keçirilmişdir. Bu cür yüksək faiz dərəcələri həmin kreditlərin real sektora geniş tətbiqini mümkünsüz edir, tətbiq edildikdə isə real sektorda istehsal olunan məhsulları daha bahalı edir və həmin sahibkarın bankrot təhlükəsi ilə üz-üzə qoyur;

Ø Yüksək faizli bank kreditləri Azərbaycanda istehsalla məşğul olan kiçik və orta müəssislərin fəaliyyətinin kütləviləşməsinə, sürətli inkişafına, biznesinin genişləndirilməsinə mane olan amillər içərisində əsas rollardan birini oynayır. Ona görə də normal faiz siyasəti yürüdən oturuşmuş bazar iqtisadiyyatlı ölkələrdə ÜDM-in yarıya qədəri kiçik, qismən də orta müəssislərin payına düşsə də, Azərbaycanda kiçik biznesin ÜDM-də və dövlət büdcəsinin gəlirlərinin formalaşmasındakı rolu çox cüzi və simvolikdir;

Ø Faiz dərəcəsinin yuxarı olması innovasiyalı inkişaf sahələrinə investisiyaların həcminin ixtisarına gətirib çıxarır. Faiz dərəcəsi nə qədər aşağı olarsa, iş adamları üçün mənfəətlə investisiya qoymaq imkanları da bir o qədər yüksək olar;

Ø Yüksək faiz dərəcələri, eləcə də kreditlərin verilişindəki əngəllər iş adamlarının kredit resurslarına çıxışını məhdudlaşdırır;

Ø Yüksək faizli kreditlər problemli kreditlərin payını artırır;

Ø Yüksək faizli krediti hər adam vaxtında qaytara bilmədiyindən, nəticədə girov qoyduğu şeylər insanların əlindən çıxır.
Bu cür bahalı kredit siyasəti əhalinin cibindən daha çox pul çıxarılmasına xidmət edir ki, nəticədə vətəndaşların, fiziki və hüquqi şəxslərin bir hissəsi çıxılması mümkünsüz olan borc çuxuruna yuvarlanıb, maşınını, torpaq sahəsini, zinət əşyalarını, mənzilini, bürövlükdə evini. obyektini itirənlərin sayının sürətlə artmasına gətirib çıxarır.
Azərbaycanda bank kreditləri sahədəki vəziyyət qaydaya salınmasa, bu sahədə yaranmış problemlər yaxın illərdə istehlak kreditləri problemi yaradacaq.... Orta gələcəkdə isə ciddi sosial narazılıq mənbələrindən birinə çevrilib, arzuolunmaz kataklizmlər yarada bilər. Azərbaycan iqtisadiyyatının, xüsusən də neftdən kənar sahələrdə artımın keyfiyyətinin yüksəldilməsi xeyli dərəcədə ölkədə ədalətli faiz siyasətinin həyata keçirilməsindən asılıdır. Ona görə də dövlətin bu sahədə vəziyyətin normallaşdırılması işinin sürətləndirilməsinə təsir göstərməsini zəruri hesab edirik. Hazırkı şəraitdə kommersiya banklarının əhaliyə və sahibkarlara verdiyi kreditlərin faiz dərəcəsini aşağı salmaqdan, ümumiyyətlə kreditləri ucuzlaşdırmaqdan ötrü aşağıdakı tədbirlərin həyata keçirilməsini vacib sayırıq:
1. Azərbaycanda faiz dərəcələrinin aşağı düşməsinə təsir göstərə bilən pul-kredit siyasətinin həyata keçirilməsi. Bank sektorunda sivil bazar münasibətlərinin tələbləri əsasında sərbəst fəaliyyətin təmin edilməsi, rəqabət mühitinin formalaşmasına xidmət edən tədbirlər kompleksinin həyata keçirilməsi
2. Mərkəzi Bankın kommersiya banklarına ayırdığı mərkəzi kreditləşmənin artırılması və eyni zamanda müxtəlif tənzimləmə alətləri vasitəsi ilə kommersiya banklarının kreditə olan tələbatlarının səviyyəsinə təsir göstərməsi
3. Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərə görə uçot dərəcəsinin aşağı salınması

4. Ölkədə mövcud kredit faizlərinin reallıqdan daha yüksək olmasının qarşısını almaqdan ötrü, Mərkəzi Bank tərəfindən istehlak kreditlərinin faiz dərəcələrinin əsaslandırılması üzrə tələblər hazırlanıb həyata keçirilməsi

5. Bankların texniki və digər xərclərinin azaldılması
6. Mövcud maliyyə resurslarından istifadənin səmərəliliyinin artırılası
7. Azərbaycanda strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarına yaxınlaşır. Onun Dövlət Neft Fondunda olan hissəsindən 1-2 milyard manatını aşağı faizlə özəl kommersiya bankları vasitəsilə perspektivli istehsal sahələrinə yönəldilməsi
8. Ölkədə güclü aqrar-sənaye bankın yaradılası və onun ucuz kredit resursları ilə təmin edilərək kənd təsərrüfatına və onunla bağlı sahələrə, eləcə də innovasiyalı inkişaf sahələrinə aşağı faizli kreditlərin verilməsi
9. Kreditlərin sığorta fondunun yaradılması
10.«Əmanətlərin sığortalanması haqqında» Qanunda müvafiq dəyişikliklər etməklə, kompensasiya məbləğinin 30 min manatdan 50 min manata çatdırılması və kompensasiya olunacaq əmanətin faiz dərəcəsini tədricən 12 faizdən aşağıya doğru endirilməsi

11.«İstehlak kreditləri haqqında» qanunun qəbul edilməsi

12. Banklar tərəfindən müştərilərinin hüquqlarının qorunmasına diqqətin artırması, əhalinin maliyyə sahəsi üzrə biliklərinin azlığında sui istifadə edilməsinin qarşısını almaq və onlara təqdim olunan kreditlər üzrə real faiz dərəcələrini tam və şəffaf əsaslandırılmasına nail olunması və sair.

Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının, habelə yeni yaradılan banklar üçün nizamnamə kapitalının minimumuna tətbiq olunan tələb 2014-cü il yanvarın 1-dən 10 milyon manatdan 50 milyon manata qaldırılacaq. Mərkəzi Bank hesab edir ki, bu addım ölkə banklarının kapital bazasının gücləndirilməsi, onların beynəlxalq rəqabət qabiliyyətinin yüksəldilməsi, bank sektoruna olan etimadın daha da artırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Fikrimizcə bu addım həm də ölkədə bahalı kredit siyasətindən orta faizli kredit siyasətinə keçidlə müşayiət olunmalıdır. Maksimalizmə varmadan, real situasiyanı obyektiv dəyərləndirməklə belə bir qənaətə gəlmək olar ki, həmin sadalanan tədbirlərin kompleks və sistemli şəkildə həyata keçirilməsi orta perspektivdə kommersiya banklarında əvvəlcə faiz dərəcələrinin bir neçə faiz azalmasına, sonra isə postsovet məkanın orta faiz göstəricisinə yaxınlaşmasına imkan verər. Faiz dərəcələrini oturuşmuş bazar iqtisadiyyatlı ölkələrin səviyyəsinə endirməkdən ötrü isə maliyyə-bank sistemində sivil bazar münasibətlərinin tələblərinə cavab verən səviyyədə köklü islahatların həyata keçirilməsinə və sağlam rəqabət mühitinin formalaşdırılmasına ehtiyac vardır.






© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin