OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...

Hazırda oxunan: OPEC+ dağılacaqmı? - Neft qiymətlərinin FƏLAKƏT HƏDDİ...

27752

Neft ixrac edən 23 ölkənin nümayəndə heyətinin razılığa gələ bilməməsi artıq OPEC formatının dağılacağı barədə iddiaların ortaya çıxmasına səbəb olub.

Xatırladaq ki, əsas  fikir ayrılığı Səudiyyə Ərəbistanı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) arasında yaranıb. Birləşmiş Ərəb Əmirlikləri hasilatın avqustdan dekabra qədər 2 milyon barel artırılması təklifi ilə razılaşmır. Daha çox neft ixrac etmək istəyən BƏƏ hasilatın 3.2 milyon barel artırılmasını arzulayır.

Neft istehsal edən ölkələrin iyul danışıqları formatın tarixində ən uzun müddət davam edən danışıqlar olub. 

Məchul durum bazara öz təsirini göstərməkdədir, qiymətlər 3 faiz ətrafında ucuzlaşıb.
Bu arada ABŞ-ın barışdırıcı missiyanı öz üzərinə götürdüyü məlum olur. Belə ki, Ağ Evin mətbuat katibi Cen Psaki Birləşmiş Ştatların OPEC+ danışıqlarının yaxından izlədiyini açıqlayıb:

"Amerika Birləşmiş Ştatları OPEC + danışıqlarını yaxından izləyir və son günlərdə Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və digər neft istehsal edən ölkələrlə əlaqə qurur". 

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Bizim.Media-ya açıqlamasında bildirib ki, neft bazarında qeyri-müəyyənlik davam etməkdədir: 

“Bazarda qiymətərin gah aşağı düşdüyünü, gah da yüksəldiyini müşahidə edirik. Çünki bazar iştirakçılarının yaxın gələcəkdə vəziyyətin necə olacağı ilə bağlı təsəvvürləri yoxdur. Amma düşünmürəm ki, 2020-ci ilin mart ayında yaşanan hadisələr bir də təkrar olunsun. O zaman Rusiya ilə Səudiyyə Ərəbistanı arasında baş verən fikir ayrılığı Rusiyanın formatı tərk etməsini elan etməsinə gətirib çıxardı. Rusiya formatda əsas ölkələrdən biridir. Buna görə də 2 aya yaxın bazarda elə təlatümlər baş verdi ki, müasir neft bazarı bu cür vəziyyətlə heç zaman üzləşməmişdi”.

İlham Şaban hesab edir ki, bu dəfə hələ ki, tərəflər konsessus əldə edə bilməsələr də, bu durum uzun çəkməyəcək: 

“Çünki bazarda heç kim bu cür təlatümlərin baş verməsində maraqlı deyil. Belə olarsa, ölkələrin hasilatın artırılmasından götürdüyü qazanc sonrakı dövrdə bazarda yaranan risklərin aradan qaldırılmasına sərf olunacaq. Ona görə bütün ölkələr müəyyən qiymət ətrafında fikir birliyinə müvəffəq olmaqda maraqlıdırlar”.

Neft qiymətlərinin uzuclaşma trendi davam edəcəkmi?

Araşdırmaçı bildirib ki, dünən neft qiymətlərində ucuzlaşma olsa da, bu gün saat 12 radələrində qiymət 75 dolları keçib: 

“Neftin təkrar bahalaşmasına səbəb OPEC ölkələrinin fikir ayrılıqlarını aradan qaldırmağa hazır olması haqında informasiyalar, eləcə də Ağ Ev sözcüsünün həm Səudiyyə Ərəbistanı, həm də BƏƏ nümayəndələri ilə danışıqlar aparması ilə bağlı açıqlaması olub. Əgər bir il 3 ay öncə baş tutmayan danışıqdan sonra neft daim enməyə doğru gedirdisə, indi hələ ki, neft ticarəti 75 dollar ətrafında qalmaqdadır”.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin