Azərbaycan ərazisində qızıl, gümüş, mis, filiz və digər faydalı qazıntıların emalına başlanıb. İşğaldan azad edilmiş ərazilərin əlvan metal ehtiyatlarının bu sahəyə ciddi qatqısının olacağı gözlənilir.
Məlumatlara görə, Kəlbəcərdə ehtiyatları hesablanan və ehtiyatlar komissiyasının balansına daxil olunmuş 34, Laçında 40, Zəngilanda 11, Qubadlıda 11, Cəbrayılda 26, Füzulidə 6, Ağdamda 15 faydalı qazıntı yatağı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev yerli mətbuata açıqlamasında bildirib ki, işğaldan azad olunmuş torpaqlarda təftiş aparılır. Onlarda olan filiz ehtiyatlarının istismara cəlb olunması istiqamətində müvafiq işlər aparılır.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanda iş yerləri daha çox hansı bölgədə açılıb? – SİYAHI
Əli Əliyev bildirib ki, əsas yataqlardan “Söyüdlü” qızıl-sulfid yatağında 112, 5 ton resurs, “Qızılbulaq” qızıl yatağı13,5 ton qızıl, “Dəmirli” mis yatağı 457 min ton mis və “Vejnəli” qızıl 6,5 ton qızıl, 10,7 ton gümüş, 5000 ton mis ehtiyatlarının mövcud olduğu proqnozlaşdırılıb.
İqtisadçı Rəşad Həsənov Bizim.Media-ya açıqlamasında bildirib ki, indiki məqamda bu yataqların Azərbaycan iqtisadiyyatına təsiri emal müəssisələrinin gücündən asılı olacaq:
“Ümumilikdə Qarabağ iqtisadiyyatında üç əsas istiqamət var ki, bunlar kənd təssərrüfatı, turizm və mədən sənayyesidir. Qarabağın bərpasının da kifayyət qədər xərcləri var. Mövcud resursların istismarı, istifadəsinə nə qədər tez başlansa, bərpanın sürətlənməsi baxımından üstünlüklər əldə etmək mümkündür”.
İqtisadçı deyir ki, hazırda həmin müəssisələrin gücü, emal səviyyəsi haqqında faktiki məlumatlar yoxdur:
“Amma ortalama götürdükdə işğaldan azad olunmuş ərazilərdə resursların istismarından iqtisadiyyatda hər il orta hesabla 200-250 milyon manat həcmində ümümdaxili məhsul istehsalının baş tutacağı gözlənilir. Bu da özlüyündə 15-17 min iş yerinin yaranmasını şərtləndirə bilər. Yaxın həftələrdə həmin ərazilərdən çıxarılan minerallardan ixrac təyinatlı olanların ixraca yönəlməsi də gözləniləndir”.
Xatirə Nəsirli, Bizim.Media