Azərbaycanda işsiz şəxslərin sayı məlum olub. Bu il sentyabrın 1-nə olan məlumata görə, Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 237 min nəfər təşkil edib. Onların 50,1%-ni qadınlar təşkil edib.
Ötən ilin eyni dövründə isə işsizlərin sayı 222,8 min nəfər, qadınların payı isə 46% olub.
Statistikaya əsasən, illik müqayisədə işsizlərin sayı 14 min 200 nəfər artıb ki, bu da 6,37% artım deməkdir. Eyni zamanda qadınların payında 4,1 faiz bəndi artım qeydə alınıb.
MÖVZU İLƏ BAĞLI:
Diplomlu İŞSİZLƏR – Universitetlər məzunlarının işlə təminatına niyə DƏSTƏK olmur?
İşsiz qadınların sayının artmasına səbəb nədir?
Mövzu barədə Bizim.Media-ya danışan iqtisadçı ekspert Akif Nəsirli deyib ki, işsiz qadınların sayının artmasının bir neçə əsas səbəbi ola bilər:
“Son illər xidmət sektorunda (təhsil, səhiyyə, ictimai iaşə, ofis işləri və s.) ixtisarlar müşahidə olunur. Bu sahələrdə qadınların payı ənənəvi olaraq daha yüksəkdir. Pandemiyadan sonrakı dövrdə bərpa prosesində bir sıra sahələrdə kişilərin daha tez iş tapması, qadınların isə çətinliklərlə üzləşməsi mümkündür”.
Ekspertin sözlərinə görə, işsizlər əvvəllər daha az qeydiyyata düşürdülər, indi işsiz kimi rəsmi qeydiyyata alınmaları da saya təsir edə bilər:
“Dövlət Məşğulluq Agentliyində qeydiyyata düşənlərin bir hissəsi əslində əvvəldən işləmirdi, sadəcə rəsmi qeydiyyata keçmirdilər. Son illər hökumət sosial dəstək proqramlarını (işsizlik müavinəti, ictimai işlər layihələri) genişləndirdiyindən, xüsusilə qadınlar daha çox qeydiyyata düşməyə başlayıb”.
O, bildirib ki, analıq məzuniyyəti və kənd yerlərində məşğulluq imkanlarının azalması da buna təsirsiz ötüşmür:
“Qadınlar doğum və uşaq baxımı səbəbilə işdən uzaqlaşdıqdan sonra geri qayıtmaqda çətinlik çəkirlər. Hər il müəyyən sayda qadın analıq məzuniyyətindən sonra işsiz kimi qeydiyyata düşür.
Əvvəllər kənd qadınları əsasən kənd təsərrüfatı ilə məşğul olurdu, amma mexanizasiyanın artması, torpaqla bağlı çətinliklər və gəlirin az olması onları işsiz statusuna keçirir. Yəni qadın işsizlərin sayının artması təkcə iqtisadi daralma ilə bağlı deyil, həm də rəsmi uçotun artması, sosial yardım mexanizmləri və struktur dəyişikliklər nəticəsində baş verib”.
Günay Şahmar, Bizim.Media