İqtisadiyyatda “BALON EFFEKTİ”- Daha çox qazanmaq arzusu hansı riskləri YARADIR?

Hazırda oxunan: İqtisadiyyatda “BALON EFFEKTİ”- Daha çox qazanmaq arzusu hansı riskləri YARADIR?

269054

İqtisadiyyatda rast gəlinən maraqlı anlayışlardan biri də “balon effekti”dir. Hər birimizin real həyatda tamaşaçı kimi izlədiyi bu proses əslində iqtisadiyyatın çox vaxt kabusuna çevrilir. Bu, daşınmaz əmlak, valyuta, avtomobil, hətta kənd təsərrüfatı məhsullarının qiymətinin real dəyərindən artıq şişməsi və sonradan qəfil çökməsidir.

Başqa sözlə, bazarda süni canlanma yaranır, lakin bu, uzun müddət davam edə bilmir.

Məsələn, dolların qiymətinin qalxacağı ilə bağlı xəbər yayılır. Kütləvi axın yaranır: hamı pulunu dollara çevirməyə başlayır. Burada alıcılıq real iqtisadi əsaslara yox, şaiələrə söykənir. Belə olduqda risklər və onların nəticələri də gözə görünmür.

Yaxud eyni misalı kənd təsərrrüfatı məhsullarında da çəkmək olar: pandemiya zamanı sarımsağın qiyməti süni şəkildə qalxdı. Fermerlər bunu görüb növbəti il bütün əkin sahələrini sarımsağa ayırdılar. Yığım vaxtı artıq həyəcan bumu yatmışdı, beləcə məhsul əldə qalıb zay oldu.

Bazar yalnız real dəyərə deyil, kütlənin psixologiyasına əsaslanır

İqtisadçı ekspert Rauf Məmmədov Bizim.Media-ya açıqlamasında bildirdi ki, “balon effekti” iqtisadiyyatın ən təhlükəli sindromlarından biridir. Çünki bu zaman bazar yalnız real dəyərə deyil, kütlənin psixologiyasına əsaslanır:

“İnsanlar daha çox qazanmaq ümidi ilə riskləri görmürlər. Burada psixoloji amil mühüm rol oynayır, alıcılar həm yenilik cazibəsinə, həm də “hamı alırsa, mən də almalıyım” düşüncəsinə qapılır. Balon partladıqda isə nəticə yalnız sərmayədarlar üçün yox, ümumi iqtisadiyyat üçün də ağır olur. Ona görə də “balon effekti” baş verməsin deyə bazarlarda şəffaflıq və rasional davranış vacibdir”.

Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin