Şərqlə enerji tərəfdaşlığında YENİ DÖNƏM – Azərbaycan daha hansı ölkələrə qaz ixrac EDƏCƏK?

Hazırda oxunan: Şərqlə enerji tərəfdaşlığında YENİ DÖNƏM – Azərbaycan daha hansı ölkələrə qaz ixrac EDƏCƏK?

268053

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Beləliklə, cari ildə yayın son həftəsini yola saldıq. Bu yay Azərbaycanın enerji sektorunda da tarixi göstəricilərin qeydə alınması ilə yadda qaldı.

Enerjinin pik istehlakı

Onu deyim ki, il ərzində enerjinin sərfiyyatına məhz qış və yay ayları xüsusi təsir edir. Çünki qışın soyuq, yayın isə isti keçməsi enerjiyə tələbatı maksimuma çatdırır. Bu il Azərbaycanda qış əvvəlki illə müqayisədə daha soyuq keçsə də, yayı mülayim adlandırmaq doğru olardı. Çünki iyun ayı və iyulun ilk həftəsi qədər sərin keçən dövrlə ən azından müstəqillik illəri zamanı hələ rastlaşmamışdıq. Avqustun ortasından isə faktiki olaraq yayın mülayim dövrünə qədəm qoyduq.
 

MÖVZU İLƏ BAĞLI:

Regionu birləşdirəcək LAYİHƏ – Azərbaycan Cənubi Qafqazın mərkəzinə ÇEVRİLİR


Baxmayaraq ki, “Azərenerji” ASC-nin açıqlamasına görə, avqustun 6-da Azərbaycanda enerji istehlakının pik dövrü qeydə alınıb. Belə ki, həmin gün saat 15 radələrində ölkəmizdə elektrik enerjisinə tələbat rekord həddə çataraq saatda 4 871 meqavat təşkil edib.

Həmçinin avqustun 6-da günlük enerji istehlakı 100 milyon kVt/saata yüksəlib. Burada elektrik enerji tariximizə kiçik bir ekskurs etməyə ehtiyac var ki, hazırkı vəziyyəti qiymətləndirmək mümkün olsun. Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin iyulun 3-də Azərbaycanda temperatur 44 dərəcə olarkən ölkə üzrə pik tələbat 3 625 meqavat olmuşdu.

Demək, son 7 ildə isə ölkə üzrə pik tələbat 1 200 meqavatdan çox artıb. Amma Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, “Azərenerji” tərəfindən əlavə generasiya mənbələrinin, yarımstansiyaların yaradılması, bütün elektroenerji sistemini nəzarətdə saxlayan SCADA, rele mühafizəsi, əks-qəza avtomatikası üzrə yenilənmiş müasir sistemlərin tətbiqi nəticəsində ölkəmizin enerji sistemi dayanıqlığı ilə seçildi, nəinki ölkə üzrə tələbata uyğun enerji istehsal etməyə, həmçinin ölkənin ehtiyacından daha çox enerji istehsal etmək gücünə malik olduğunu praktikada göstərdi.

Şərqlə enerji əməkdaşlığı

Körfəz ölkələri ilə əməkdaşlıq Azərbaycanın xarici siyasətinin başlıca prioritetlərindən biridir. Azərbaycan Prezident İlham Əliyev avqustun 26-da Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində vurğulayıb ki, Azərbaycan son illər Körfəz ölkələri ilə enerji əməkdaşlığını genişləndirir.
 

Onun sözlərinə görə, BƏƏ və Səudiyyə Ərəbistanı ilə yaşıl enerji sektoru üzrə imzalanmış müqavilələrə əsasən, həmçinin Çin şirkətlərinin yatırımları sayəsində Azərbaycan 2030-cu ilədək 6 giqavat günəş və külək enerjisinə sahib olmağı planlaşdırır. Dövlət başçısı bildirib ki, bu, Azərbaycanla Körfəz Əməkdaşlıq Ölkələri arasında əlaqələrin mühüm tərkib hissəsidir.


“BƏƏ-nin çox mühüm enerji şirkəti ADNOC Xəzər dənizində bizim ən böyük qaz yataqlarımızdan birinin (söhbər “Abşeron” yatağından gedir) səhmdarı olub. Eyni zamanda, bizim dövlət şirkətimiz SOCAR BƏƏ-də neft hasilatı layihələrindən birinin səhmdarı olub”, - deyə Prezident İlham Əliyev bəyan edib. 

Qaz ixracının yeni istiqamətləri

Prezident İlham Əliyev həmçinin bəyan edib ki, Azərbaycan Ərəb Qaz Kəməri, yaxud başqa mübadilə əməliyyatları vasitəsilə digər ölkələri qazla təchiz edə bilər.

"Sözsüz ki, təbii ehtiyatlarımızla Yaxın Şərqə daxil olmaq bizim üçün ilk təcrübədir. Artıq düşünürük ki, Suriyaya qazın həcmini artıra bilərik. Bizim Suriyaya təbii qazı elektrik enerjisinə çevirməyə kömək etmək üçün Azərbaycan, Suriya, Türkiyə və Qətər arasında dördtərəfli razılaşmamız oldu. Bu prosesin açılış mərasimi avqustun 2-də keçirildi. Azərbaycan qazı Türkiyə ərazisindən Suriyaya təchiz edilir və Qətər hökuməti bunun üçün vəsait ayıraraq öz səxavətini göstərdi.

Hələ ki, 1,2 milyard kubmetr qazın Suriyaya təchiz edilməsi üzərində razılığa gəlinib. Lakin onlara daha çox qaz tələb olunur. Ona görə də gələcəkdə biz qazın həcmini artıra bilərik ki, onlarda daha az qıtlıq olsun", deyə Azərbaycan lideri ölkəmizin qaz təhcizatı ilə bağlı planlarını açıqlayıb.

Qeyd edim ki, Ərəb Qaz Boru Kəməri Sinay yarımadasındakı Ariş şəhərindən başlayaraq təbii qazın Misirdən İordaniya, Suriya və Livana ixracı üçün tikilib. Lakin 2010-cu ildən sonra Misirdə qaz hasilatının azalması və ölkənin daxili tələbatının artması nəticəsində bu istiqamətdə mavi yanacağın tədarükü dayandı. Hazırda İsrail özünün dənizdəki qaz yataqlarının istismarı sayəsində Misir və İordaniyaya qaz ixrac edən ölkəyə çevrilib. 

Avropaya qaz ixracında yubiley həcmi
 

Bu həftə Azərbaycan qazının Avropaya ümumi ixracının 50 milyard kubmetrə çatması kimi bir hadisə də baş verdi və bu həcmin ixracı 55 ay 3 həftəyə həyata keçirildi. Azərbaycanın təşəbbüsü ilə reallaşdırılan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vasitəsilə Avropaya ötürülən təbii qaz həcmləri getdikcə Avropanın enerji təhlükəsizliyində daha önəmli rol oynamağa başlayır.


Xatırladım ki, Azərbaycan qazının Avropaya ixracı 31 dekabr 2020-ci ildə başlayıb. Həmin gün 10,7 mln kubmetr qaz TANAP vasitəsi ilə TAP boru kəmərinə ötürülüb və Azərbaycan qazının Avropada ilk istehlakçıları Yunanıstan və İtaliya olub. Bundan sonrakı dövrdə Azərbaycan Avropaya qaz ixracını həm həcmlərini ildən ilə artırıb, həm də coğrafiyasını genişləndirib. Ötən il Avropadakı istehlakçılar 12,9 milyard kubmetr Azərbaycan qazı idxal ediblər. Avropanın 12 ölkəsi Azərbaycanla qaz ticarəti həyata keçirir.

Türkiyənin qaz təminatında lider mövqe

Bu həftə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (Enerji Piyasası Düzenleme Kurumu – EPDK) ölkənin qaz təhcizatına dair aylıq hesabatında Azərbaycanla bağlı maraqlı bir statistikanı açıqladı. Belə ki, cari ilin iyun ayının yekununa görə, Türkiyə Azərbaycandan 1,019 milyard kubmetr təbii qaz idxal edib. Bu göstərici 2024-cü ilin eyni ayı ilə müqayisədə 22,88 milyon kubmetr və ya 2,29% çoxdur. Bununla da iyunda Azərbaycan Türkiyəyə təbii qaz ixrac edən ölkələr sırasında ilk pillədə qərarlaşıb. Belə ki, Türkiyənin ümumilikdə idxal etdiyi təbii qazın 32,19%-i Azərbaycanın payına düşüb.

Qeyd edim ki, cari ilin I yarısında Azərbaycandan Türkiyəyə ümumilikdə 5,792 milyard kubmetr təbii qaz ixrac edilib ki, bu da 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 1,96% çoxdur.

İranla yeni qaz razılaşması

Azərbaycan İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasına təbii qaz nəqlinin müddətini uzadılması ilə bağlı razılığa gəlib. Bu barədə SOCAR-dan verilən məlumata görə, 2005-ci ildə 20 il müddətinə imzalanmış mövcud müqavilənin müddəti bu ilin sonunda başa çatdığından tərəflər arasında yeni razılaşma əldə olunub və hazırda sənədin imzalanma mərhələsinə hazırlıq işləri gedir.
 

Qeyd edim ki, Naxçıvanın təbii qaz ehtiyacının qarşılanması üçün Azərbaycan İranla “swap” (dəyiş-düyüş) əməliyyatı əsasənda ticarət edir. İran Culfadan Naxçıvana qaz ötürür, əvəzində isə eyni həcmdə qazı (özünün gəliri nəzərə alınan həcmləri də natural şəkildə alması nəzərə alınmaqla) Astara üzərindən Azərbaycandan alır.


SOCAR-ın məlumatına əsasən, 2025-ci ilin yanvarın 1-dən avqustun 21-dək İran üzərindən Naxçıvana 188,5 milyon kubmetr qaz nəql olunub.

SOCAR-ın biznes baxışları

Azərbaycan Dövlət Neft Şirkəti hazırda ilkin kütləvi yerləşdirmə (Initial Public Offering – IPO) haqqında düşünmür. Bu barədə SOCAR-ın vitse-prezidenti Əfqan İsayev "Euronews" telekanalına müsahibəsində deyib. "Lakin biz müəyyən aktivləri satırıq. Məsələn, keçən il biz "Şahdəniz" layihəsində 5% səhmləri Macarıstanın "MVM Energy" şirkətinə satdıq. Digər belə hal SOCAR və "TotalEnergies"in səhmdarları olduğu "Abşeron" qaz yatağında baş verib. 2023-cü ildə bu layihədəki səhmlərin bir hissəsi Əbu Dabi Milli Neft Şirkətinə (ADNOC) satılıb", - deyə SOCAR rəsmisi bildirib.
 

Aktivlərin alınması imkanlarından danışan SOCAR-ın vitse-prezidenti xatırladıb ki, ötən il şirkət BƏƏ-də neft yatağında pay allb. “Bu il biz sövdələşməni tamamladıq və Aralıq dənizinin şərqindəki "Tamar" qaz yatağında pay aldıq və bu, bizim beynəlxalq inkişaf strategiyamızın mühüm hissəsidir. Təbii ki, qarşılıqlı faydalı yeni imkanlar yaranarsa, şübhəsiz ki, növbəti alışları nəzərdən keçirəcəyik", - deyə İsayev SOCAR-ın bu sahədə apardığı işlərə aydınlıq gətirib.


O həmçinin vurğulayıb ki, cari bazar dəyişkənliyi və Avropada istehlakçı davranışının dəyişməsi fonunda SOCAR mövcud müqavilələrə yenidən baxılmasını və ya yenilərinin restrukturizasiyasını gözləmir. Neft və qaza tələbatın gözləniləndən tez pik həddə çatması riskləri və şirkətin tələbatsız aktivləri üzrə risklərin nə qədər böyük olması ilə bağlı sualı cavablandıran Ə. İsayev qeyd edib ki, SOCAR 2050-ci ilə qədər belə bir ssenarini nəzərdə tutmayan OPEC-in proqnozları ilə razıdır.

SOCAR-ın vitse-prezidentinin sözlərinə görə, SOCAR gələcəkdə küləkdən elektrik enerjisi alınması məqsədi ilə yaradılacaq parklar üçün avadanlıq istehsalının bir hissəsini Azərbaycanda həyata keçirməyi planlaşdırır. O, vurğulayıb ki, 2035-ci ilə qədər SOCAR milli enerji şirkətinə çevriləcək. SOCAR yaxın gələcəkdə neft-qaz şirkəti deyil, balanslaşdırılmış portfelə malik şirkətə çevriləcək və şirkətin əsas fəaliyyət növlərinin dekarbonizasiyası həyata keçiriləcək.

Qaz nəqlindən əldə olunan gəlirləri nefti üstələdi

Azərbaycanda qazın nəqli eyni həcmdə neftin daşınması ilə müqayisədə təqribən 2,3 dəfə daha çox gəlir gətirir.  Dövlət Statistika Komitəsinin hesabatlarında əks edilmiş məlumatları təhlil edərkən bu qənaətə gəlmək mümkündür.

Bu ilin I yarısında yanvar-iyun aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə (o cümlədən Cənubi Qafqaz Boru Kəmərinin Azərbaycan hissəsi ilə) 20 milyard 260,5 milyon kubmetr qaz nəql edilib. Magistral qaz kəmərlərinin fəaliyyətindən əldə olunan gəlirlər 1 milyard 359 milyon 156,6 min manat təşkil edib. Yəni 1000 kubmetr qazın daşınmasından əldə edilən gəlirin orta qiyməti 67 manat 8 qəpik təşkil edib.

Hesabat dövründə Azərbaycanın magistral neft kəmərlərindən, o cümlədən Bakı-Tbilisi-Ceyhan boru kəmərinin fəaliyyətindən isə 523,48 milyon manat gəlir əldə edib. Bu gəliri əldə etmək üçün isə magistral neft kəmərləri ilə 18 milyon 513 min ton neft nəql edilib. Nəticədə bir ton neftin daşınmasına görə əldə edilən gəlir orta hesabla 28 manat 28 qəpik təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin