Qlobal bazarlarda ÇAXNAŞMA – Neft və qaz qiymətləri ilə bağlı KRİTİK DURUM

Hazırda oxunan: Qlobal bazarlarda ÇAXNAŞMA – Neft və qaz qiymətləri ilə bağlı KRİTİK DURUM

266890

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Başa vurduğumuz həftə Azərbaycanın enerji həyatında özünün dinamikliyi ilə seçilib. Belə ki, həm ölkə daxilində bir sıra enerji obyektləri istifadəyə verilib, həm ölkənin enerji sektorundakı vəziyyətə daha gur işıq salan məlumatlar açıqlanıb, həm də Azərbaycanla enerji sektorunda əməkdaşlığı genişləndirmək istəyən ölkələrdən yeni təkliflər səsləndirilib. Eyni zamanda dünya bazarlarında enerji daşıyıcılarının qiymətində də müəyyən artımlar olub ki, bu da ölkəmizin gəlirləri üçün vacib göstəricilərdən biridir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanın neft ixrac etdiyi ölkələr - SİYAHI


Qlobal bazarlar

Yola saldığımız həftə dünya bazarlarında “qara qızılın” qiymətinin artımı ilə müşayət edildi. Belə ki, London Əmtəə Birjasında bazar ertəsi ilk hərraclar zamanı “Brent” markalı neftin bir bareli 65,85 dollara satılmışdısa, artıq avqustun 22-də neftin ticarəti zamanı maksimal təklif edilən qiymət 68 dollar olmuşdu, yəni həftə ərzində qiymətlər 3,26% bahalaşmağa meylli olub.

Neft qiymətlərinin artımına təsir edən amil kimi isə siyasi risklərdən qaynaqlanıb. Belə ki, əgər ötən həftənin cümə günü Ağ Ev Rusiya və Ukrayna liderlərinin tezliklə birbaşa görüşünü anons edəndən sonra bazarlar buna müsbət reaksiya vermiş, ABŞ-nin Rusiya neftinə dair bundan sonra sanksiya tətbiq etməyəciyinə ümidləri artmışdısa, bu həftə tam əks proseslər baş verdi. Yəni Kremldən gələn açıqlamalar onu göstərdi ki, Moskva prezidentlər səviyyəsində görüşə hələ meylli deyil.

Az keçmədi ki, ABŞ prezidenti bundan məyus olduğunu söylədi və bəyan etdi ki, Rusiyaya 2 həftə zaman verir ki, müharibəni dayandırmaq yoluna gəlsin, əks təqdirdə rəsmi Vaşinqton daha təsiredici addımlar atmağı düşünür. Hadisələrin bu cür inkişafı isə enerji bazarlarında yenidən təlatümlü anların yaşanmaq ehtimalını artırdı və qiymətlər üzüyuxarı istiqamət götürdü.

Onu deyim ki, həftə ərzində Avropa qaz bazarlarında da qiymətlərin artması müşahidə edildi. Əgər həftənin əvvəlində Avropanın qaz qovşağı TTF-də (Niderland) təhvil verilməklə satılan qazın 1000 kubmetrinin qiyməti 382 dollar idisə, artıq avqustun 22-də mavi yanacaq 412,1 dollardan təklif edilirdi. Bazar iştirakçıları Rusiyaya qarşı daha sərt tədbirlərin görüləcəyi halda bu ölkədən idxal edilən maye qaz həcmlərinin hiss ediləcək dərəcədə azalmasını proqnozlaşdırırlar.

Azərbaycan neftinin orta qiyməti

Bu həftə Azərbaycan Maliyyə nazirliyinin açıqladığı “2025-ci ilin dövlət və icmal büdcələrinin yarımillik icrasına dair arayış və ilin sonuna gözləntilər” sənədində ölkəmizin ixrac etdiyi “qara qızılın” dəyəri açıqlanıb. Sənədə görə, bu ilin I yarısında dünya bazarında “Azeri Light” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 73,8 dollar olub ki, bu da 2025-ci ilin ilkin təsdiq edilmiş büdcə parametrlərinin hesablanması zamanı götürülmüş qiymətdən (70 ABŞ dolları) 5,4 % çoxdur.

Məhz neft qiymətlərinin büdcə proqnozlarındakı göstəriciləri üstələməsi neft-qaz sektorundan büdcəyə ödənişlərin artımına gətirib çıxarıb, nəticədə isə büdcədə kəsir proqnozlaşdırılsa da, amma profisit, yəni qazancın xərcləmələri üstələməsi baş verib.


Neft ixracı

Dövlət Gömrük Komitəsinin aylıq hesabatına əsasən, 2025-ci ilin 7 ayında (yanvar-iyul) Azərbaycandan 9 milyard 226 milyon dollar dəyərində 14,47 milyon ton xam neft ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə xam neft ixracı həcm ifadəsində 1,5%, dəyərdə isə 17% azalıb.

Hesabat dövründə Azərbaycan ümumilikdə 19 ölkəyə neft ixrac edib və ilk beşlikdə İtaliya, Çexiya, Xorvatiya, Portuqaliya və Rumıniya kimi ölkələr yer alıb.

İxrac statistikasını təhlil edərkən bir sıra maraqlı məqamlara diqqətinizi çəkmək istərdim. Belə ki, bu dövrdə Azərbaycan nefti 15 Avropa ölkəsinə, 3 Asiya ölkəsinə (Tailand, İndoneziya, Türkiyə) və bir Afrika ölkəsinə (Tunis) ixrac edilib.  Həcm etibarı ilə neftimizin 2,21%-i Asiya bazarlarında, 0,87%-i Afrikada və 96,92%-i Avropa bazarlarında satılıb. 

Gömrük statistikasına əsasən, cari ilin 7 ayında Avropanın 5 ölkəsi – İrlandiya, İsveçrə, Danimarka, Bolqarıstan və Avstriya Azərbaycandan neft idxalını ya bərpa ediblər, ya da əvvəllər bizimlə neft ticarəti həyata keçirməyiblər. Bu faktın özü Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunun göstəricisidir.     

Rusiyanın Azərbaycan enerji əməkdaşlığı təklifi

Ötən həftə Azərbaycana qonşu olan və Xəzərin o tayındakı bir neçə ölkədən enerji əməkdaşlığına dair təkliflərin edilməsi ilə də yadda qaldı.

Avqustun 22-də Həştərxanda Rusiya Federasiyası ilə Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 23-cü iclasında rəsmi Moskva enerji əməkdaşlığının genişləndirilməsi təklifi ilə çıxış edib. RF Energetika nazirinin müavini Roman Marşavinin də iştirak etdiyi danışıqlarda tərəflər Azərbaycanın elektrik şəbəkəsi kompleksinin inkişafı üzrə perspektiv layihələri də nəzərdən keçiriblər. Rusiya Azərbaycan istiqamətində elektrik enerjisi infrastukrutunun inkişafında maraqlı olduğunu qeyd edib.
 

Rusiya Energetika nazirliyinin rəsmi açıqlamasında bildirilir ki, görüşdə yanacaq-energetika sektorunda, o cümlədən elektrik enerjisi və neft-qaz sektorunda əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.


Azərbaycanın rəsmi statistikasına nəzər yetirdikdə məlum olur ki, 2025-ci ilin I yarısının yekunlarına əsasən, Azərbaycan enerji mübadiləsi nəticəsində Rusiyaya 61,1 milyon kVt/saat həcmində elektrik enerjisi ixrac edib (6,9 milyon kVt/saat və ya 12,8% artım), Rusiyadan isə 41,5 milyon kVt/saat həcmində elektrik enerjisi alıb. İdxal 5,4 milyon kVt/saat və ya 11,5% azalıb.

Rusiya ilə neft-qaz sektorunda əlaqələr isə daha çoxşahəlidir. Belə ki, cari ilin I yarısında Azərbaycan Rusiyadan 685,7 min ton xam neft (azalma 18,9%), 21,2 milyon kubmetr təbii qaz (ötən ilin müvafiq dövründə olmayıb) idxal edib. Xam neft Bakı neftayırma zavodunun emal tələbatını ödəmək məqsədi ilə həyata keçirilib. Rusiyadan kiçik həcmdə qaz idxalı isə cari ilin aprelin əvvəlindən tam dayandırılıb.

Azərbaycanın Rusiyadan yanacaq idxalı isə 2014-cü ildən davamlı şəkildə həyata keçirilir. Cari ilin I yarısında Azərbaycan Rusiyadan 64,8 min ton Ai-92 markalı benzin, 46,1 min ton Ai-95 markalı benzin, 240,1 ton Ai-98 markalı benzin, 15,9 min ton dizel yanacağı, 9,98 min ton reaktiv yanacaq, 19,8 min ton sürtkü yağları,  14,6 min ton yüngül distilyatlar, 409,7 ton yol örtükləri üçün bitumlu mastika və 307,5 ton maye qaz idxal edib.
 

Azərbaycan isə öz növbəsində Rusiyaya 11,4 min ton neft koksu,  117,5 ton reaktiv mühərriklər üçün kerosin yanacağı, 94,6 ton kimyəvi çevirmələr üçün sürtkü yağları ixrac edib.


SOCAR-ın Özbəkistandakı ümidverici layihəsi

Belə bir fikri Prezident İlham Əliyev avqustun 22-də Xəzərin o biri sahilində yerləşən Avaza şəhərində keçirilən Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli görüşdə bəyan edib.

Onun sözlərinə görə, ölkələrimiz arasında energetika sahəsində əməkdaşlıq etmək üçün gözəl imkanlar var. “Bizim Türkmənistanla ənənəvi energetika əməkdaşlığımız vardır. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. Bizim dövlət neft şirkətimiz SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, müqavilə imzalanıb. Ümid edirik ki, yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik”, deyə Azərbaycan Prezidenti bildirib.

Azərbaycanın dövlət başçısının vurğuladığı layihə cari il iyunun 25-də SOCAR-la "Özbəkneftqaz" Səhmdar Cəmiyyəti arasında imzalanan “Ustyurt” neft-qaz regionunun investisiya bloklarında (Boyterak, Terenqquduq, Birqori, Xaroy, Qoraqalpoq və Qulboy) geoloji kəşfiyyat işlərinin aparılmasını və sonrakı karbohidrogen hasilatını nəzərdə tutan hasilatın pay bölgüsü sazişidir.

Bu saziş üzrə kəşfiyyat işləri həyata keçirildikdən sonra SOCAR-ın Özbəkistanda neft-qaz hasilatı həyata keçirməsi mümkündür. Amma görünür ki, dövlət başçısına verilən məlumat o qədər ümidvericidir ki, Prezident İlham Əliyev bunu “bizim dövlət neft şirkətimiz SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb” kimi ifadə edib.  

Qaz kəmərləri

Yola saldığımız həftə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki törəmə “SOCAR Türkiye” şirkəti Cənub Qaz Dəhlizinin əsas seqmenti olan Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) ilə indiyə qədər həyata keçirilmiş daşımaların həcmini açıqlayıb.

Açıqlanan məlumata görə, 2018-ci il iyunun 30-dan etibarın TANAP kəməri vasitəsi ilə 83,36 milyard kubmetr Azərbaycan qazı daşınıb. Bu həcmlərin 34,18 milyard kubmetri Türkiyəyə, 49,18 milyard kubmetri isə Avropadakı istehlakçılar çatdırılıb.

Suyun enerjisi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng” (8,6 MVt), “Nadirxanlı” (8,8 MVt) və "Çaykənd" (5 MVt) kiçik su elektrik stansiyalarının açılışında iştirak ediblər.

Kəlbəcər rayonunda yeni istifadəyə verilən 3 kiçik su elektrik stansiyasının illik istehsal gücü 68 milyon kVt/saatdır. İstehsal olunan elektrik enerjisi Kəlbəcərin 25 min əhalisini elektrik enerjisi ilə təmin edə bilər. Qənaət edilən təbii qazın həcmi 15,7 milyon kubmetr təşkil edəcək ki, bununla da il ərzində 29 min ton karbon qazının atmosferə atılmasının qarşısı alınacaq.

Qeyd edək ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanda su elektrik stansiyalarında ümumilikdə 2,1 milyard kVt/saat elektrik enerjisi istehsal edilib. Nəticədə ötən ilin eyni dövrü ilə müqayisədə sudan alınan enerjinin gəcmi 230,6 milyon kVt/saat və ya 12,5% artıb. Suyun enerjisinin artımının Azərbaycan iqtisadiyyatı üçün birbaşa müsbət təsirləri var. Belə ki, sudan alınan elektrik enerjisinin həcmi artdıqca, Azərbaycan elektrik enerjisi istehsalında təbii qazdan istifadəni azaltmağa nail olur, bu isə öz növbəsində mavi yanacağın xarici bazarlarda satışının artımı və ölkənin qazancının daha da çoxalması deməkdir.

Qaz sektorunda islahatlar

Azərbaycan özünün qaz sektorun idarə edilməsinin yaxın gələcəkdə bazar iqtisadiyyatına keçidini təmin edəcək. Bununla əlaqədar Azərbaycanda Dövlət Neft Şirkətinin (SOCAR) tabeliyində yeni hüquqi şəxslər yaradılacaq. Bu, Prezident İlham Əliyevin avqustun 19-da imzaladığı “Qaz təchizatı haqqında” 8 iyul 2025-ci il tarixli qanunun tətbiqi, bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə fərmanda öz əksini tapıb.
 

Fərmana əsasən, SOCAR qanuna uyğun olaraq, qazın nəqlini, paylanmasını, saxlanmasını, topdan satışını və idxalını, habelə pərakəndə satışını həyata keçirmək məqsədilə 2027-ci il yanvarın 1-ə qədər tabeliyində ayrı-ayrı hüquqi şəxslərin yaradılmasını, həmin hüquqi şəxslərdə mütərəqqi korporativ idarəetmə prinsiplərinin tətbiqini, o cümlədən onların müşahidə şuralarının yaradılmasını təmin edib dövlət başçısına məlumat verməlidir.


Bu sənədin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda qazın paylanması üzrə hazırda monopolist mövqeyə malik olan “Azəriqaz” İstehsalat Birliyi (SOCAR-ın strukturuna daxildir) özünün bir sıra səlahiyyətlərini digər yeni yaradılacaq qurumlarla bölüşəcək və bununla da ölkənin qaz təsərrüfatının bazar iqtisadiyyatı relsi üzərinə keçidi məsələsi gündəmə gələcək.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin