“Pandemiya səbəbindən karantin rejimin tətbiqinə başlanıldıqdan sonra ilk dəfə olaraq Azərbaycanda iqtisadi artım qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 5 ayında 31 milyard 532 milyon manatlıq ümumi daxili məhsul istehsal olunub və bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 faiz çoxdur”.
Bizim.Media xəbər verir ki, bu sözləri “Facebook” hesabında millət vəkili, iqtisadçı Vüqar Bayramov qeyd edib. Onun sözlərinə görə pandemiyanın təsirlərindən ötən il Azərbaycanda ÜDM istehsalı 4.3 faiz azalmışdı.
Bu ilin ilk ayında isə iqtisadiyyatımız 2.5, ilk 2 ayında 3.2, birinci rübdə 1.3 və nəhayət yanvar-aprel aylarında 0.2 faiz azalıb:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycan aprel ayında Avropa İttifaqı ölkələrinə nə qədər məhsul göndərib? – STATİSTİKA
“Göründüyü kimi, ötən ildən başlanan azalma tempi may ayının yekunlarında artımla əvəz olunub. Bu ilin ilk 5 ayında iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 6,7 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 4,5 faiz artıb. Qeyri-neft sektorunda iqtisadi aktivliyin yüksəlməsi bu ilin yanvar ayından sonra sərt karantin tədbirlərinin tətbiq edilməməsi və bir sıra yumşalmalara gedilməsi ilə bağlıdır”.
Deputat bildirib ki, son 5 ayda Nazirlər Kabineti yanında Operativ Qərargahın sərt karantin tədbirlərinə getmədən, əksinə real sektordakı bir sıra məhdudiyyətləri aradan qaldırmaqla yoluxma sayını optimallaşdıra bilməsi təqdirəlayiq haldır:
“Xüsusən nəzərə almaq lazımdır ki, əksər ölkələr, o cümlədən qardaş Türkiyə yaz aylarında sərt karantin tətbiq etmək məcburiyyətində qaldılar.
Bu gündən isə iqtisadiyyatda yeni açılımlar tətbiq olundu. Xüsusən də, turizm və ticarət sektorlarında iqtisadi aktivliyin yüksələcəyi gözlənilir. Turizm neftdən sonra ölkəmizə ən çox valyuta gətirən sektordur.
2019-cu ildə Azərbaycanın gəlmə turizm gəlirləri 2.7 milyard dollardan çox olub. Pandemiyadan öncə turizm və əlaqəli sahələrdə 100 minə yaxın vətəndaşımız çalışırdı. Buna görə də, turizm sektorundakı açılımlar həmçinin məşğulluğun təmin edilməsi baxımdan da vacib hesab olunur”.
Vüqar Bayramovun fikrincə, vaksinasiya prosesini sürətləndirən, virus sayını lokallaşdıra bilən ölkələrlə mərhələli şəkildə hava və quru əlaqələrinin bərpa edilməsi məqsədəuyğundur və bu real sektordakı canlanmaya xüsusi təkan verə bilər:
“Məhdudiyyətlərin azaldılması iqtisadi aktivliyə müsbət təsir göstərməklə yanaşı həmçinin məşğulluğun təmini baxımdan da vacibdir. Bu kontekstdən yoluxma sayının azalması davam edərsə real sektordakı digər məhdudiyyətlərin də mərhələli şəkildə aradan qaldırılacağı istisna edilmir”.
Alçina Amilqızı, Bizim.Media