Bank müştəri münasibətlərində onlayn əlaqə mühüm yer tutur. Amma bəzi hallarda bankların qiymət siyasəti müştərilərin narazılığına səbəb olur. Məsələn, son il yarımda, yəni 2023-cü ilin noyabrından 2025-ci ilin fevralına qədər keçən dövrdə bəzi banklar SMS xidmətlərinin qiymətini kəskin artırıb.
Belə ki, «Kapital Bank»da 2023-cü ilin noyabrında 1 AZN olan SMS xidmətinin aylıq ödənişi 3 AZN-ə yüksəlib. Eyni tendensiya «Unibank»da da müşahidə edilir – burada da xidmət haqqı 1 AZN-dən 3 AZN-ə qaldırılıb. «Expressbank» müştəriləri isə əvvəl 0,90 AZN ödədikləri xidmətə indi 2,50 AZN verməli olacaqlar.
Digər banklarda da qiymət artımları qeydə alınıb. «Ziraat Bank Azərbaycan»da tarif 2 AZN-dən 3 AZN-ə, «AFB Bank»da isə 0.95 AZN-dən 1 AZN-ə yüksəlib.
«Premium Bank» isə daha fərqli bir yanaşma tətbiq edərək aylıq 0.90 AZN (illik 10,8 AZN) olan ödənişi ləğv edib və indi bu xidməti illik 20 AZN-ə təklif edir. “Bank BTB”-də isə qiymət 1,30 AZN-dən 5 AZN-ə kimi artıb.
«Bank Respublika» bütün kartlar üçün aylıq 2 AZN, «Bank of Baku»da 5 AZN olan xidmət haqqı dəyişdirilib.
Bəzi banklar isə digər rəqiblərinə nisbətən səxavətli davranıb və qiyməti dəyişdirməyib. «Azərbaycan Beynəlxalq Bankı (ABB)», «Turan Bank», «Bank Avrasiya», «Azərbaycan Sənaye Bankı» və «Paşa Bank» bu siyahıya daxildir.
Bəs, SMS xidmətlərinin qiymətinin bahalaşmasına səbəb nədir?
Sual aydınlıq gətirən iqtisadçı ekspert Natiq Cəfərli Bizim.Media-ya bildirib ki, banklar tərəfindən SMS xidmətlərinin qiymətlərinin artmasına səbəb mobil operatorların qiymət siyasəti ola bilər:
“SMS xidmətlərinin qiymətlərinin artması banklarla mobil operatorlar arasında olan münasibətlərdən doğur. Operatorlar qiyməti qaldıranda banklar da bu yükü daha çox müştərinin üzərinə yönləndirirlər. Bütün hallarda SMS xidmətlərinin qiymətinin artması mobil operatorlarla bağlı məsələdir. Bununla bəzi banklar öz daxili resursları hesabına SMS xidmətlərinin qiymət artımına getməyib. Amma əksər banklar artıma gedib”.
Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankına sorğu ünvanladıq. Mövzunu diqqətdə saxlayacağıq.
Surxay Atakişiyev, Bizim.Media