İlahiyyatçı: “11 ayda əlinə nə düşsə yeyir, Ramazanda isə...”

Hazırda oxunan: İlahiyyatçı: “11 ayda əlinə nə düşsə yeyir, Ramazanda isə...”

237464

12 ayın sultanı Ramazanın ilk günlərini yaşayırıq. Ramazanı daha dəyərli edən isə onun orucluq ayı olmasıdır. Məhz bu ayda dünya müsəlmanları oruc tutur, müxtəlif xeyriyyə tədbirləri keçirirlər.

Bəs oruc tutmaq niyə vacibdir?

Suala ilahiyyatçı yazar Tural İrfan aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, oruc Allahın əmr etdiyi vacib əməldir:

“Orucluğunsa öz fəlsəfəsi var. Orucun əmr edilməsi bəndənin Allaha yaxınlaşması üçün bir vəsilədir. Amma söhbət təkcə mədənin ac saxlanılmasından getmir. Müsəlmanların bu ayda həm nəfisləri, həm gözləri, həm dilləri, həm də düşüncələri oruc olmalıdır. Ramazanda insanlar digər aylardakı kimi qazanc dalınca qaçmamalıdırlar. Əksinə 11 ayda qazandıqlarını bir qisminə yetim-yesirə, imkansıza bağışlamalıdır. Gündəlik yemədiyiz yeməklərin ərzaqını, yaxud onun məbləğini ayın sonunda fitrə formasında kasıblara, ehtiyacı olanlara ikram edilir. Yəni Ramazan ayı bu mənada bağışlamaq və bağışlanmaq ayıdır. Bu ayda edilən səxavətin savabı digər aylarınkından daha bərəkətli olur. Ona görə də hər bir imkanlı və fiziki cəhətdən sağlam olan müsəlman oruc tutmaqla yanaşı Ramazan ayında qazancının bir hissəsini ətrafındakı imkansızlarla bölüşməlidir. Bu məsələnin sosial tərəfidir.

Məsələnin digər tərəfi isə insan sağlamlığı ilə bağlıdır. İnsanlar 11 ayda əllərinə nə düşsə, yeyirlər. Bu da insan orqanizmində əlavə fəsadlar yaradır. Ramazan ayında bir ay müddətində daha az qidalanmaqla insanlar bədənlərindəki toksinləri və digər zərərli maddələri ixrac edirlər. Ta qədimdən bəzi xəstəliklər pəhriz və ac qalmaqla müalicə olunub”.

Sosial ədalət bərpa olunur...

Müsahibimiz onu da qeyd edib ki, Ramazan ayında mömin müsəlman əxlaqi cəhətdən zənginləşir:

“Bu ayda insanlar sosiallaşırlar. Uzaq və yaxın qohumlarla, dostlarla əlaqə bu ayda aktuallaşır. Hətta dünyadan köçənlər belə bu ayda geniş şəkildə yad edilir. Həmçinin orucluq ərəfəsində iftar süfrələrinin özü müsəlmanların sosial əlaqələrinin inkişafı deməkdir. Varlı da, kasıb da, fəhlə də vəzifəli də heç olmasa, ildə bir ay eyni aclığı yaşayır, eyni vaxta qidalanır, eyni gündə bayram edir. Bu həm də siniflərarası tarazlıq və tədricən sosial siniflərin bərabərləşməsinə təşviqdir.

Bir sözlə orucluq insanları həm fiziki cəhətdən sağlamlaşdırır, günahlardan çəkindirir və mənəviyyatı zənginləşdirir. Ona görə də hər bir müsəlman oruc tutmalıdır”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin