Deputatdan SENSASİON AÇIQLAMA – Azərbaycan şirkətləri Ukraynaya AXIN edəcək

Hazırda oxunan: Deputatdan SENSASİON AÇIQLAMA – Azərbaycan şirkətləri Ukraynaya AXIN edəcək

236679

Ukraynada müharibə başa çatdıqdan sonra aydındır ki, bu ölkədə böyük yenidənqurma quruculuq işlərinə başlanılacaq. Bu zaman Ukraynanın bərpasına çoxsaylı xarici ölkələr, onların şirkətləri də cəlb olunacaqlar.

Azərbaycanın bir sıra şirkətləri müharibədən dağıdılmış ərazilərin bərpasında xeyli təcrübəyə sahibdir. Qarabağın bərpasında həmin şirkətlər geniş iştirak edir. Hətta Ukraynanın İrpin şəhərinin bərpasında Azərbaycan şirkətlərinin mühüm rolu olub.

Yaxın gələcəkdə Azərbaycan şirkətləri və işçilərinin Ukraynaya kütləvi axını baş verə bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirir ki, müharibənin bitməsindən sonra Ukraynanın bərpa quruculuq işlərində Azərbaycan şirkətləri də öz əməkdaşları ilə birlikdə prosesdə aktivlik nümayiş etdirəcəklər:

“Ukraynada müharibə başa çatdıqdan sonra bu ölkə ilə müttəfiq olan dövlətlər şübhəsiz ki, bu və ya digər formada ölkənin bərpa və dirçəldilməsində yaxından iştirak edəcək. Bu əsasda da həmin ölkələr öz imkanlarından geniş istifadə edəcəklər. Bu da o deməkdir ki, müxtəlif şirkətlər, kampaniyalar, holdinqlərin prosesdə iştirakı ilə onların mənsub olduğu ölkələrin vətəndaşları da prosesə aktiv şəkildə qoşulacaqlar. Nümunə olaraq işğaldan azad olunmuş ərazilərimizdə xarici şirkətlərin fəaliyyətinə nəzər sala bilərik. Burada Türkiyə, İsrail, İtaliyadan olan çoxsaylı şirkətlər var ki, onların da işçi personalı əsasən öz ölkələrindən olan əməkdaşlardır.

Bu əsasda təxmin etmək olar ki, gələcəkdə Ukraynada quruculuq işləri həyata keçirilən zaman şübhəsiz ki, Azərbaycan mütəxəssisləri də işlədiyi şirkətlərin tərkibində prosesdə yaxından iştirak edə bilərlər”.

Deputat qeyd edir ki, Azərbaycan bərpa quruculuq işlərilə bağlı az 4 illik təcrübəyə malikdir:

“Ona əsaslanaraq bu təcrübəmizi xarici tərəfdaşlara da təqdim edə bilərik. Azərbaycan təcrübəsini Ukraynada böyüşməklə yanaşı, bir sıra vəzifələrin icrasında da yaxından iştirak edə bilər. Azərbaycan Ukraynanın İrpen şəhərinin bərpasında yaxından iştirak edib. Bu da sonrakı mərhələdə azərbaycanlı mütəxəssislərin Ukraynanın bərpa quruculuq işlərində yaxından iştirakı üçün bir zəmin yaratmış olar. Yəqin ki, həmin istiqamətdə aydiyyatı strukturlar bu və ya digər formada danışıqlar aparır. Ukraynada hazırda da çoxsaylı Azərbaycan şirkətləri bu və ya digər formada təmsil olunur”.

Həmsöhbətimizin fikrincə, Azərbaycan şirkətləri əsasən də tikinti sahəsində Ukraynaya bərpa işlərində yaxından kömək edə bilər:

“İndi bəzi Azərbaycan şirkətləri Orta Asiyada, Gürcüstanda çoxsaylı tikinti işləri həyata keçirir. Ola bilsin, gələcəkdə Azərbaycan şirkətləri tərəfindən bu kimi işlərin Ukraynada da həyata keçirilməsinə şahidlik edə bilərik”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin