Xəzərdən içməli su istehsalı BU TARİXDƏ reallaşacaq – Rəsmi AÇIQLAMA

Hazırda oxunan: Xəzərdən içməli su istehsalı BU TARİXDƏ reallaşacaq – Rəsmi AÇIQLAMA

235886

Su qıtlığı qlobal problemdir. Azərbaycanda da içməli su qıtlığının yaranması səbəbilə qabaqlayıcı tədbirlər görülür.

Prezident İlham Əliyev 2023-cü ildə "Dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihənin həyata keçirilməsi tədbirləri haqqında" Sərəncam imzalayıb.

Sənəddə Bakı şəhərinin və ətraf ərazilərin su təminatatının yaxşılaşdırılması üçün dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində pilot layihə həyata keçirilməlidir.

Sərəncamdan irəli gələn məsələlərin həlli İqtisadiyyat Nazirliyi ilə bərabər bir neçə quruma tapşırılıb.

Bildiyimiz kimi, ilk olaraq Sumqayıt şəhərində illik istehsal gücü 100 milyon m3 olan dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı zavodunun dövlət-özəl tərəfdaşlığı çərçivəsində icrasına qərar verilib.

İqtisadiyyat Nazirliyi zavodun layihələndirməsi, tikintisi, maliyyələşdirilməsi və idarə edilməsi üçün potensial investorların seçilməsi məqsədi ilə 2024-cü il fevral ayının 8-də müsabiqə elan edib. Bu il yanvar ayında müsabiqənin nəticəsi məlum olub və “ACWA Power” şirkətinin rəhbərlik etdiyi konsorsiumun təklifi müsabiqə üzrə 1-ci yeri tutub.

Hazırda həmin layihə ilə bağlı işlər hansı mərhələdədir? Nə zamana qədər gerçəkləşməsi planlaşdırılır?

Bizim.Media-nın sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyindən bildirilib ki, dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodunun 2 il yarıma tikilməsi planlaşdırılır:

“İqtisadiyyat Nazirliyi tərəfindən dövlət-özəl tərəfdaşlığı çərçivəsində dəniz suyunun duzsuzlaşdırılması ilə içməli su istehsalı zavodu layihəsinin reallaşdırılması üçün elan edilmiş müsabiqənin nəticələrinə görə, “ACWA Power” şirkətinin rəhbərlik etdiyi Konsorsiumun təklifi müsabiqə üzrə 1-ci yeri tutub. Layihə çərçivəsində konsorsium tərəfindən qoyulacaq investisiya hesabına Sumqayıt Kimya Sənaye Parkında günlük istehsal gücü 300 min m³ su olan zavodun tikintisi planlaşdırılır. Müəssisə 2,5 il ərzində tikiləcək.
 

Müqaviləyə əsasən layihənin müddəti 27,5 ildir. Belə ki, konsorsium layihəni bu müddətdə idarə etdikdən sonra müəssisə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin idarəetməsinə keçəcək. Layihə Bakı şəhəri və Abşeron yarımadasının içməli suya artan tələbatını təmin etmək, şirin su mənbələrini şaxələndirmək, içməli su təchizatı sahəsində beynəlxalq təcrübəni və texnologiya transferini stimullaşdırmaq və xarici sərmayə cəlbi baxımından mühüm töhfədir”.


Qurumdan qeyd edilib ki, hazırda kommersiya və maliyyə müqavilələrinin imzalanması məqsədilə layihənin həyata keçirilməsinin növbəti mərhələsində müsabiqənin qalibi ilə müzakirələrə başlanılıb.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin