Siyasətin ENERJİSİ – Qlobal bazarlarda çaxnaşma yaradan TELEFON ZƏNGİ

Hazırda oxunan: Siyasətin ENERJİSİ – Qlobal bazarlarda çaxnaşma yaradan TELEFON ZƏNGİ

235101

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Bu il başlayandan yola saldığımız həftə qədər siyasətin enerji bazarlarına belə təsirini müşahidə etməmişdim. Baş verən hadisələr həm neft bazarlarına, həm də mavi yanacağın satış qiymətlərinə öz təsirini göstərdi. Bəs nə idi bazarlara təsir edən o siyasi hadisə?

Siyasətin enerjisi

Hər şey qlobal güclərə bağlıdır. Çoxdan anons edilən Donald Trampla Vladimir Putin arasında telefon danışığı nəhayət ki, ötən həftə baş tutdu. Və bir futbol matçı qədər davam edən, amma canlı nümayişi olmayan bu danışıqlara böyük həvəslə azarkeşlik edənlərin çoxusunun qənaətincə “Ukrayna əldən getdi”, çünki Tramp Putinə elə pas ötürüb ki, oyunun taleyi artıq “həll olunub”. Bəli, aydındır ki, emosiyalar coşub-daşan vəziyyətdədir, ona görə də heç çoxları oyun meydançasında nəyin baş verməsini belə izləmədən hərə öz mülahizəsini ortaya qoyur.
 

MÖVZU İLƏ BAĞLI:

Orta Dəhlizin Cənub marşrutunun iqtisadi PERSPEKTİVLƏRİ – TƏHLİL


Kollektiv Qərbin birliyi hələ pozulma halına gəlməsə də, amma hiss ediləcək çatların olduğu sezilir. Kim bilir, daha nələr olacaq.

Qlobal bazarlar

Bu cür siyasi addımların atıldığı şəraitə qlobal enerji bazarlarına təsirlər daha çox müşahidə edilir. Başlayaq qaz bazarlarından. Çünki həftənin əvvəli Avropada son 2 ildə ən yüksək qiymətə satılan mavi yanacaq Tramp-Putin danışığından sonra enişə yönəldi. Bazar iştirakçıları sanki bu il daha soyuq keçən qışda ehmalca hansısa mülayimləşməyə münasibətlərini ifadə edirdilər.

Fevralın 10-da Niderlandın qaz qovşağı TTF-də bir gün sonra təhvil verilməklə satılan qazın 1000 kubmetri 630 dolları aşsa da, artıq telefon diplomatiyasından sonra qiymətlər 4% ucuzlaşaraq 603 dollara qədər eniş etdi. Amma bununla qiymət enişi dayanmadı. Həftə sonu hərracların bağlanışı zamanı mavi yanacaq 550 dollardan da ucuz satılırdı.

Siyasi hadisələr neft bazarlarında da özünü göstərib: qiymətlər ucuzlaşıb. Sadəcə qlobal bazarda Brent markalı neftin ucuzlaşması daha aşağı tempdə müşahidə edildi, çünki bundan əvvəl elə də çox bahalaşmaya məruz qalmamışdı. London birjasında Brent marlakı neftin 1 barelinin satışı həftə əvvəli 77 dollara satılırdısa, Trampla Putinin telefon danışığından sonra həftə sonu 74,61  dollara qədər ucuzlaşdı. Neft qiymətlərinə bir tərəfdən geosiyasi vəziyyətin nisbi yumşalması təsir edirdisə, digər tərəfdən Çinin neft idxalını azaltmasına dair statistikanın açıqlanması idi.

Köhnə yataqlara olan ümidlər

Azərbaycan yetkin, yəni “qocalıq” dövrünü yaşayan neft yataqlarında hasilatı artırmaq imkanına malikdir. Bu haqda aparılan araşdırmalar üzrə açıqlama verən “Boston Consulting Group”un (BCG) icraçı direktoru Vladimir Roqov bildirib ki, Azərbaycanın enerji hasilat sektoru artıq ciddi çağırışlarla üzləşməkdədir: neft hasilatında azalma əlamətləri 15 ilə yaxındır ki, müşahidə olunur, qaz hasilatı isə platoya, yəni özünün zirvə göstəricisinə yaxınlaşır. Daha cavan yataqların istismarı zamanı müasir texnoloji həllərdən istifadə edilsə də, lakin Azərbaycanın yaşlı yataqları dünya praktikasında tətbiq edilən müasir hasilat texnologiyalarından tam şəkildə yararlana bilməyiblər.

“Bu cür texnologiyaların aktiv şəkildə tətbiqi həmin yataqların maksimum potensialından istifadə etməyə, onların istismar müddətini uzatmağa və əlavə iri kapital qoyuluşlarına zərurət yaranmadan hasilat həcmlərini genişləndirməyə kömək ola bilər”, - deyə BCG rəhbəri bildirib.

İdarəedici direktor xatırladıb ki, onun başçılıq etdiyi qurum neft-qaz sənayesində mənfəətliliyin azalması problemlərinə həsr olunmuş beynəlxalq araşdırması çərçivəsində hasilatın artırılması və xərclərin azaldılması strategiyaları hazırlayıb.  Sənədə görə, Azərbaycan köhnə yataqlarda layların neft verimliyini artırmaq hesabına köhnə yataqlarda qalıq neft hasilatını bir çox hallarda iki dəfəyədək artıra bilər.

SOCAR - Baker Huges layihəsi

Elə Azərbaycan Dövlət Neft Şirkəti də bu həftə bu sahədə məşhur bir şirkətlə neft və qaz sənayesində proseslərin optimallaşdırılması və istehsal səmərəliliyinin artırılması məqsədilə innovativ rəqəmsal həllin monitorinq proqramının tətbiqinə başladığını elan edib. SOCAR-ın açıqlamasına görə, Xəzər regionunda ilk dəfə həyata keçiriləcək bu layihə SOCAR-ın apstrim, yəni hasilat rəqəmsal transformasiya strategiyasının mühüm tərkib hissəsi olacaq.

ABŞ-nin "Baker Hughes" şirkəti ilə strateji əməkdaşlıq çərçivəsində icra edilən bu təşəbbüs, ilkin mərhələdə təxminən 100 quyuda tətbiq olunacaq və həm Amerika şirkətinə, həm də digər istehsalçılara məxsus nasosların monitorinqinə imkan yaradacaq. Bu innovativ həll SOCAR-ın əməliyyat mükəmməlliyini artırmaq, istehsal proseslərini daha səmərəli idarə etmək və aktivlərin maksimum səviyyədə işləməsini təmin etməyə yönəlib. Proqramının əsas üstünlükləri arasında proqnozlaşdırıcı təhlil, avadanlıqların istismar müddətinin uzadılması, istehsal dəyişkənliyinin optimallaşdırılması və resursların idarə edilməsində dəqiqliyin artırılması yer alır.

Neft statistikası

İndi isə hasilata dair açıqlanan rəsmi statistikanın təhlilinə keçək. Azərbaycan Energetika nazirliyinin yanvar ayı üzrə açıqladığı statistik göstəricilər məhz hasilat sənayesində, əsasən də neftdə ilin əvvəli üçün hansı start vəziyyətində olduğumuzu göstərir.

2025-ci ilk ayında Azərbaycanda orta hesabla maye karbohidrogenlərin günlük hasilatı 559 min barel təşkil edib. Bunun 454 min bareli xam neftin, 105 min bareli isə kondensatın payına düşüb. Hasilatda 18,8% kondensatın payına düşür. Əgər nəzərə alsaq ki, qaz yataqları üzrə hasilatın artımı hələ yaxın perspektivdə davam edəcək, neft isə azalacaq, demək maye karbohidrogenlərin payında kondensatın xüsusi çəkisi çoxalacaq. Kondensat isə bazarda daha bahalı xammal hesab edilir. Yəni bazarda bizim xammala kifayət qədər tələb hələ uzun müddət olacaq.
 

Ümumilkdə isə, yanvarda Azərbaycanda neft və kondensat hasilatında 200 min ton azalma qeydə alınıb.


Yanvarda ölkədə neft və kondensatın təqribən 70%-ə yaxını “bp-Azerbaijan” şirkətinin rəhbərliyi altında hasil edilib. SOCAR-ın payı isə 26%-dən bir qədər artıq olub. Onu deyim ki, “Abşeron” yatağının işlədilməsinə cavabdeh olan JOCAP əməliyyat şirkəti artıq stabil olaraq ayda 50 min ton kondensat çıxara bilir ki, bu da onun ölkə üzrə maye karbohidrogen hasilatında payının 4,3% ətrafında stabilləşməsi deməkdir.

Neft sənayemizə dair demək olar ki, məsələləri aydınlaşdırdıq. Bu minvalla hökumətin illik proqnoz göstəricilərinə əməl etməsini təxmin etmək olar. Hökumət ötən ilin sonunda dövlət büdcəsini təsdiq edərkən cari il üçün 28,7 mln ton neft və kondensat hasil edilməsini proqnozlaşdırıb, yəni orta hesabla ayda 2,39 mln ton. Yanvarda isə bu göstərici 2,3 mln olub. Yəni hökumətin plan və tapşırıqlarına əməl etmək üçün yerdə qalan aylarda əməlli başlı işləmək lazımdır ki, ilin yekununda kapitalizm əməyinin seçilmişləri sırasında yer ala biləsən.

Qəfil azalan qaz hasilatı

Bu ilin başlanğıcında ilk dəfədir ki, Azərbaycanda qaz hasilatının azalması qeydə alınıb. Energetika nazirliyinin açıqladığı statistikaya əsasən, 2025-ci ilin yanvarında Azərbaycan üzrə 3,9 mlrd kubmetr qaz hasil edilib. Ötən ilin ilk ayında isə bu göstərici 4,33 mlrd kubmetr idi. “Azəri-Çıraq-Günəşli” və SOCAR üzrə hasilat göstəriciləri dəyişməyib, “Abşeron” üzrə cüzi azalma var... Hasilatın azalması “Şahdəniz” yatağında baş verib, özü də nə az, nə çox, düz 430 mln kubmetr.
 

Bu, həqiqətən hiss ediləcək bir həcmdir. Bəs nə baş verib? Axı, yataqda hansısa dayanma və ya təmir işləri ilə bağlı açıqlama olmamışdı. 


Gəlin əvvəlki aylarda olan hasilat dinamikasına baxaq. Ötən ilin dekabrında “Şahdəniz”də 2,5 mlrd kubmetr, noyabr və oktyabr aylarında isə 2,4 mlrd kubmetr qaz çıxarılıb. Yəni biz İV rüb ərzində faktiki stabil hasilatın baş verdiyini görürük və birdən yanvarda ötən ayla müqayisədə hasilat 20% azalır. Bu azalma isə özünü ixrac həcmlərində göstərir. Belə ki, ixrac yanvarda 300 mln kubmetr azalaraq 2 mlrd kubmetr səviyyəsinə enir. Özü də ixrac Avropaya, Türkiyəyə və Gürcüstana nədənsə eyni həcmdə - hərəsinə 100 mln kubmetr olmaqla azaldılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin