Dünyada ərzaq qiymətləri indeksi yanvar ayında orta hesabla 124,9 bənd təşkil edib ki, bu da ötən ilin dekabr ayı ilə müqayisədə 1,6% azdır.
Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatında deyilir.
Qeyd edilir ki, azalma şəkər, bitki yağları və ətin qiymət indekslərinin azalması ilə bağlı olub ki, bu da süd məhsulları və dənli bitkilərin bahalaşmasını kompensasiya edib.
FAO Taxıl Qiymətləri İndeksi yanvarda orta hesabla 111,7 bənd təşkil edib ki, bu da dekabr ayı ilə müqayisədə 0,3% çoxdur.
Bəs, dünya bazarındakı ucuzlaşma ölkəmizə niyə təsirsiz qalır?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda qiymət artımının öz səbəbləri var:
“Azərbaycanın idxaldan çox asılı olduğuna, loqistika xərclərinin artdığına və ölkəmizdə inhisarçılıq meyillərinin olmasına görə qiymətlər bir qayda olaraq artır. Söhbət pərakəndə satışdan getmir. Pərakəndə satışda inhisarçılıq yoxdur. Çünki ticarət obyektlərinin və şəbəkələrin sayı çoxdur.
Amma topdansatış bazarında inhisarçılıq meyilləri var. Ölkəyə mal gətirən, bazara mal çıxaran şirkətlərin sayı çox azdır. Nəzərə alaq ki, onlar çox böyük şirkətlərdir. Və onların bazara istədikləri qiyməti diqtə etmək imkanları var.
Bundan əlavə, vergi və gömrük dərəcələri də yüksəkdir. Bütün bunlar Azərbaycanda qiymət artımına səbəb olan amillərdir. Ona görə də dünyada baş verən proseslər daxili bazara çox az təsir edir”.
Surxay Atakişiyev, Bizim.Media