20-170 manat arasında dəyişən VİTAMİNLƏR - Qiymətlər niyə BAHADIR?

Hazırda oxunan: 20-170 manat arasında dəyişən VİTAMİNLƏR - Qiymətlər niyə BAHADIR?

232324

Havalar soyuduqca immunitet zəifləyir, respirator viruslar baş qaldırdıqca, tez-tez xəstələnmə hallarına rast gəlinir. Həkimlər xüsusilə qış aylarında vitaminlərlə dolu olan meyvə-tərəvəzləri bol-bol yeməyimizi tövsiyyə edirlər. Ancaq bəzən bunların əvəzinə, apteklərdə satılan vitamin tabletlərindən, pastillərindən də geniş istifadə edirik. Bu tabletlər özündə bir neçə vitamin növünü əhatə edir. Buna görə də immunitetimizə müsbət təsir edir. Ancaq onların effektləri yüksək olduğu qədər qiymətləri də bahadır.  

Məsələn Bakıda fəaliyyət göstərən apteklərdən birinə nəzər salaq:

Tərkibində 27 maddəni birləşdirən tabletlərdən ibarət, qablaşdırılmış formada satılan vitaminin qiyməti 36 manatdır. Yaxud tərkibində sadəcə 3 maddəni əhatə edən 30 tabletlik vitaminin qiyməti 33 manatdır. Təbii ki, bu vitaminlərin tərkibləri zəngin olsa da, qiymətləri hər kəsin büdcəsinə uyğun olmur.

Bizim.Media-ya açıqlama verən Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasının dosenti Aydın Əliyev bildirib ki, tərkibində müxtəlif vitaminləri birləşdirən tabletlər multivitamin tabletləridir və onların qiymətlərinin yüksək olması bəzi amillərdən asılıdır:

“Müasir elmdə multivitaminlər meydana çıxıb. Tərkiblərinin qarışıqlığından, təyinatından asılı olaraq müxtəlif qiymətlərə olurlar.  Məsələn 20 manata olan da var, 170 manata da...”.  

Bəs, bu qiymətlər dünyada necədir?

Müsahibimiz vitamin tabletləri qəbul etmək  əvəzinə qidalanmağa diqqət etməyi tövsiyyə edir.

“Dərman zavodunun olduğu ölkələrdə bu problem daha az olur.  Ancaq ölkəmizdə bu maddələrin çoxu xaricdən alındığı üçün qiymətlər də gündən-günə dəyişir”.

“Vitaminlər maddələr mübadiləsinin düzgün getməsi üçün lazımdır. Əgər düzgün qidalansaq, vitaminləri ehtiva edən yeməkləri yesək, bədənimizi bu vitaminlərlə təmin edə bilərik. Vitaminləri dərman kimi qəbul etmək isə xəstəlikdən asılı olur”.

Aydın Əliyev açıqlamasında vitaminlərin təsnifatından, təsirlərindən də danışıb:

“Ümumiyyətlə, vitaminlər quruluşlarına görə - suda  və yağda həll olanlar üzrə 2 yerə bölünür. Xüsusilə B, C qrup vitaminlər göyərtilərin tərkibində olur. Bu vitaminlər bədənimizdə kofermentlərə keçirlər. Kofermentlərdən isə fermentlər yaranır. Bunlar da hormonların yaranmasında iştirak edir. Yağda həll olan vitaminlər isə A, D, E,  K vitaminləridir. A vitamini gözümüzdə, D vitamini sümüklərdə iştirak edir, kalsiumu gücləndirir. E vitamini cinsi hormonların yaranması üçün, K vitamini isə qaraciyərimizdə qanın laxtalanması üçün lazımdır”.

Nəzrin Mirzəyeva, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin