Dövlət Gömrük Komitəsinin məlumatına görə 2024-cü ildə xaricdən Azərbaycana 279 milyon 681 min dollar dəyərində 1 milyon 292 min 26 ton buğda idxal edilib.
2023-cü ildə Azərbaycana 303 milyon 983 min dollar dəyərində 1 milyon 175 min 341 ton buğda idxal edilmişdi.
MÖVZU İLƏ BAĞLI:
Buğdanın tədarük qiymətində AZALMA – Çörək ucuzlaşacaq?
Beləliklə, Azərbaycana buğda idxalı 2024-cü ildə 2023-cü illə müqayisədə dəyər ifadəsilə 24 milyon 302 min dollar və ya 8% azalıb, miqdar ifadəsilə 116 min 685 ton və ya 10% artıb.
1 ton buğdanın orta statistik dəyəri 2023-cü ildə 259 dollar ikən, 2024-cü ildə 216 dollara düşüb (43 dollar ucuzlaşıb).
Bəs, buğdanın qiymətinin ucuzlaşmasının səbəbi nədir?
Suala Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında deyib ki, son zamanlara dünyada ərzaqlıq buğdanın istehsalı ilbəil artır:
“Bu da qiymətlərə öz təsirini göstərir. Nəzərə alaq ki, biz ərzaqlıq buğdanı əsasən Rusiya və Qazaxıstandan alırıq. Bu ölkələrdə də istehsal ilbəil artır. Bu artım növbəti illərdə də olacaq. Məsələn, Rusiya 2025-ci il üçün ərzaqlıq buğda əkini sahələrinin həcmini 10 faiz artırıb. Bu da o deməkdir ki, təkcə Rusiyada taxıl istehsalı əvvəlki illə müqayisədə 10-15 faiz artacaq. Təklif artdıqca tələb də azalır. Ona görə də ölkəmizə idxal edilən ərzaqlıq buğdanın qiyməti xeyli ucuzlaşıb”.
Bəs, ərzaqlıq buğdanın ucuzlaşması unun qiymətinin aşağı düşməsinə səbəb ola bilərmi?
Müsahibimiz buğdanın ucuzlaşmanın unun qiymətinə təsir edəcəyinə inamın az olduğunu deyib:
“Çünki taxıl bazarında inhisarçılıq var. Azad rəqabətin olmadığı yerdə isə separat sövdələşmə olur. Separat sövdələşmədə isə ancaq korporativ maraqlar var. Ona görə də inhisarçılıq səbəbi ilə unun daha çox ucuzlaşması gözlənilən deyil. Bunu ancaq hökumətin müdaxiləsi olan zaman görə bilərik. Çünki un strateji məhsuldur. Bu səbəbdən də hökumət bu məsələyə müdaxilə etsə, un ən azı 20-25 faiz ucuzlaşa bilər”.
Surxay Atakişiyev, Bizim.Media