Çindən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ – Bu məqamlara DİQQƏT EDİN

Hazırda oxunan: Çindən avtomobil sifariş edənlərin NƏZƏRİNƏ – Bu məqamlara DİQQƏT EDİN

230430

Son zamanlar Çindən avtomobil sifariş edənlərin sayı kəskin artıb. Bu sifarişlərinsə çoxunu ayrı-ayrı fiziki və hüquqi şəxslər həyata keçirirlər. Amma bəzi hallarda daşıyıcı şəxslər vətəndaşların etibarından sui-istifadə edir. Belə ki, pulu aldıqdan sonra avtomobili vəd edilən vaxtda sahibinə çatdırmır. Bəzi hallarda isə sırf fırıldaqçılıq edirlər.

Bəs, bu cür xoşagəlməz hallardan necə sığortalanmaq olar?
 

MÖVZU İLƏ BAĞLI:

Çindən gətirilən avtomobillərlə bağlı problemli VƏZİYYƏT – Gecikmələrə SƏBƏB NƏDİR?


Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat üzrə ekspert Yasin Mustafa deyib ki, Çin digər sahələrlə yanaşı avtomobil sənayesində də inqilab edir:

“Hazırda dünyanın ən böyük avtomobil ixracatçısı məhz bu ölkədir. Təbii ki, son vaxtlar Çin avtomobilinə ölkəmizdə də maraq xeyli artıb. Amma burda müəyyən çatışmazlıqlar var. Bu ticari əlaqələr rəsmi distributor səviyyəsində qurulsa, yaxşı olar. Belə olarsa, sifarişçilər artıq narahatçılıqdan və əlavə vəsait itkisindən azad olar.

Hazırda bir çox fiziki şəxslər Çindən avtomobil gətirməklə məşğuldur. Onların arasında işbazlar da var. Ona görə “işbaz” deyirəm ki, onlar bir çox hallarda insanların etibarından sui-istifadə edirlər. Çünki bəzi vətəndaşlar xaricdən avtomobil gətirtməkdə təcrübəsizdirlər. Belə vətəndaşları həmin işbazlar çox asanlıqla aldada bilirlər. Nəticədə avtomobilin gətirilməsi aylarla uzanır, bəzi hallarda isə müştərilər aldadılırlar”.

Qiymətin önəmi

Müsahibimiz əlavə edib ki, vətəndaşların təsdüfi adamlara müraciət etməsinin tək səbəbi qiymət məsələsidir:

“Çünki rəsmi şirkətlər həmin avtomobilləri kifayət qədər baha gətirirlər. Amma fiziki şəxslərin təklif etdiyi qiymətlər çox zaman münasib olur. Ona görə də vətəndaşlar daha çox qeyri-rəsmi şəxslərlə ticari əlaqəsinə girirlər. Halbuki rəsmi distributorlar qiymətlərə yenidən baxsalar onların özləri üçün daha sərfəli olar. Məsələn, ayda 5-20 yox, 100 avtomobil sata bilərlər. Nəticədə, həm gətirən şirkət qazanclı çıxar, həm də alıcı şəxslər əlavə narahatlıqdan qurtular”.

Yasin Mustafa sosial şəbəkə üzərindən avtomobil sifariş edənləri diqqətli olmağa çağırıb:

“Çünki bu sahədə xeyli işbaz var. Ani diqqətsizlik çox böyük zərərə başa gələ bilər. Məsələn, sifarişçi şəxslər daşıyıcı şəxslərlə ilk növbədə rəsmi müqavilə bağlamalıdırlar. Bundan əlavə, gətirilən avtomobillər hökmən sığortalanmalıdır ki, yolda xoşagəlməz hallardan qorunsunlar. Eyni zamanda, pul Çindəki tanımadığınız hesaba yox, müqavilə bağladığınız şirkətə ödənməlidir ki, sabah bu məsələ məhkəmə predmeti olanda əlinizdə hüquqi əsas olsun”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin