Şirvan-Salyan iqtisadi rayonda kommunal xərclər niyə daha ÇOXDUR? – AÇIQLAMA

Hazırda oxunan: Şirvan-Salyan iqtisadi rayonda kommunal xərclər niyə daha ÇOXDUR? – AÇIQLAMA

225873

Azərbaycanda bu ilin 9 ayı ərzində su, işıq, qaz və digər yanacaq növlərinə (kommunal xidmətlər) ayda adambaşına orta hesabla 29 manat 16 qəpik sərf olunub.

Rəsmi rəqəmlərə görə, ölkədə kommunal xidmətlərə ən çox vəsait Şirvan-Salyan iqtisadi rayonunda xərclənib. Bu iqtisadi rayonda adambaşına düşən orta aylıq kommunal xərclər 46 manat 40 qəpik olub.

Kommunal xidmətlərə ən az vəsait xərcləyən bölgələr isə Şərqi Zəngəzur 21,4 manat, Quba-Xaçmaz – 22,2 manat, Abşeron-Xızı – 24,5 manat, Bakı – 26 manat, Dağlıq Şirvan – 26,6 manat  olmaqla yer tuturlar.

Ölkə üzrə kommunal xidmətlərə görə ödənişlər eyni cür hesablanır. Lakin bu cür fərqin yaranmasının müxtəlif səbəbləri var.

Bəs əsas səbəb nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Akif Nəsirli deyib ki, iqtisadi rayonlar arasında kommunal xidmətlərə görə yaranan fərqlər həm də hava şəraiti ilə əlaqədardır:

“Tutaq ki, Ağdamda havanın temperaturu daha aşağı olur, nəinki Salyanda. Orda mənzilləri, digər obyektləri qızdırmaq üçün daha çox qaza, işığa ehtiyac olur. Bu cür ehtiyaclar üzündən fərqlər yarana bilir. Fərqlərin yaranmasının səbəbi yalnız bu da deyil. Elə rayonlarımız var ki, orada mərkəzləşdirilmiş qaydada su təchizatı yoxdur, suyu bulaqdan gətirirlər və yaxud nə vaxtsa vurulmuş artezianlardan istifadə edirlər. Bu səbəbdən də su pulu ödəmirlər, qaz olmadığı üçün qaz pulu ödəmirlər əvəzində odun alırlar. Alınıb yandırılan odun, kömür və digər vasitələrin hesabatını aparmaq üçün vətəndaşa müraciət etməlisən, onu da heç kim eləmir. Bir tərəfədən hava şəraiti, digər tərəfdən kommunal təchizatın vəziyyətindən asılı olaraq kommunal xidmətlərə çəkilən xərclər dəyişir”.

Ekspert konkret olaraq Şirvan-Salyan iqtisadi rayonunda yaranan fərqə də münasibət bildirib:

“Bu fərqin yaranmasının dəqiq səbəbini bilmək üçün orada araşdırma aparmaq laızmdır. Şirvan-Salyan zonası Bakı şəhərinə daha yaxındır, ehtimal etmək olar ki, orada təchizat daha güclüdür. Yəni qaz, su, kanalizasiya təchizatı var və bunlara rəsmi ödənişlər edilir. İşıq hər yerdə var, amma su, qaz, kanalizasiya xidmətləri ölkənin hər yerində yoxdur. Digər tərəfdən əhalinin sıxlığı da buna təsir edə bilər. Yəni harda əhali sıxdırsa, orada kommunal xidmətlər çox olacaq. İnsanlar seyrək yerləşibsə, orada kommunal xidmətlər az olacaq”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin