Ət bahalaşacaq? – Mühüm AÇIQLAMA

Hazırda oxunan: Ət bahalaşacaq? – Mühüm AÇIQLAMA

222649

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi Fələstin, Fransa, Almaniya, ABŞ və Əlcəzairin bəzi regionlarından ət məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyub.

Buna səbəb Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH)-nın xəbərdarlığıdır.

Məlumatda bildirilir ki, Fələstinin Ramallah və Əl-Bireh əyalətində dabaq, Fransanın Korsika regionunda, Almaniyanın Berlin şəhərində blutanq, Əlcəzairin Əlcəzair, Tipaza, El Tarf, Bürc-Bü-Ərriric, Setif, Tebessa, Skikda əyalətlərində nodulyar dermatit, ABŞ-nin İllinoys ştatında isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb. Ona görə də  bu ölkələrdən heyvandarlıq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Bahalaşan və ucuzlaşan məhsullar - SİYAHI


Nəzərə alaq ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycana xarici ölkələrdən 48 min 241 ton miqdarında ət gətirilib. Bu miqdarda ətin idxalına çəkilən xərc 104 milyon 834,34 min ABŞ dolları təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə miqdar ifadəsi ilə 13 min 381 ton (38,4%), dəyər ifadəsi ilə 34 milyon 839 min ABŞ dolları (49,8%) çoxdur. Ötən ilin müvafiq dövründə ət idxalının miqdarı 34 min 860 ton, dəyəri isə 69 milyon 995 min ABŞ dolları təşkil edib. Qeyd edək ki, idxal olunan ət ümumi idxalın 0,6 faizini təşkil edib. 

Ət bahalaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli məlumatdan da aydın olur ki, qadağa məhdud regionları əhatə edir:

“Hansı ki, həmin regionlarda heyvanlar arasında müxtəlif xəstəliklər aşkarlanıb. Bu həm də müvəqqəti qadağadır. Amma nəzərə alaq ki, həmin ərazilərdən idxal edilən ət məhsulları Azərbaycana gətirilən ət məhsullarının cəmi 2 faizini təşkil edir. Bu da o deməkdir ki, qadağanın ət bazarındakı qiymətlərə elə bir təsiri olmayacaq.

Nəzərə alaq ki, ölkəmizə əsasən Rusiya, Qazaxıstan və Gürcüstandan diri heyvan və ət məhsulları gətirilir. Təkrar emal isə daha çox Hindistandan gəlir. Ona görə də AQTA-nın qadağası qiymətlərə təsirsiz olacaq.

Amma qiymətlərə təsir edən əsas səbəb yerli istehsalın azalması və idxalın artmasıdır. Bu il idxal 40 faizədək artıb. Bu da yaxşı hal deyil. Məlumdur ki, idxalın həcmi böyük olduqca qiymətlər də xarici amillərdən asılı olur. Ona görə də idxalın artması yaxın gələcəkdə qiymət artımına səbəb olacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin