Dənizə çıxışı olmayan ölkələrin maliyyələşdirilməsi artırılmalıdır - Yalçın Rəfiyev

Hazırda oxunan: Dənizə çıxışı olmayan ölkələrin maliyyələşdirilməsi artırılmalıdır - Yalçın Rəfiyev

220919

Dənizə çıxışı olmayan ölkələr (LLDCs) iqlim və iqtisadi çağırışların öhdəsindən gəlmək üçün beynəlxalq əməkdaşlığın gücləndirilməsinə, maliyyələşdirmənin artırılmasına və infrastrukturun genişləndirilməsinə ehtiyac duyur.

Bizim.Media Trend-ə istinadən xəbər verir ki, bunu COP29-un baş danışıqçısı, Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyev “Dənizə çıxışı olmayan ölkələrdə (LLDCs) iqlim dəyişikliyinə davamlılığın artırılması və dayanıqlı inkişafa töhfə: çağırışlar və imkanlar” mövzusunda keçirilən tədbirdə deyib.

“Bu gün biz LLDCs-in iqlim və iqtisadi çağırışlarının necə öhdəsindən gələcəklərini müzakirə etmək üçün əsas maraqlı tərəfləri bir araya toplayırıq. Azərbaycan da bir çox LLDCs kimi limanlara birbaşa çıxışın olmaması ilə əlaqədar iqtisadi məhdudiyyətlər, yüksək nəqliyyat xərcləri, malların daşınmasında gecikmələr və tranzit ölkələrdə siyasi və iqtisadi qeyri-sabitlik kimi problemlərlə üzləşir”, - deyə o vurğulayıb.
 

Onun sözlərinə görə, iqlim dəyişikliyi LLDCs-in qlobal tullantılara minimal töhfə verməsinə baxmayaraq, əlavə təhlükələr yaradır.


“LLDCs iqlim dəyişikliyi qarşısında xüsusilə həssasdır. Onlar quraqlıqlar, daşqınlar, buzlaqların əriməsi və digər fəlakətlərlə üzləşir, lakin onların institusional, texniki və maliyyə imkanları məhduddur. Bu isə iqlim çağırışlarına uyğunlaşmaq və effektiv cavab tədbirləri görmək imkanlarını məhdudlaşdırır”, - deyə Y.Rəfiyev əlavə edib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin