Qusar rayonunun Hil kəndində yaşayan və bişirdiyi yeməkləri öz yutub kanalında paylaşaraq məşhurlaşan Əzizə Rəmixanova dünya mətbuatının diqqət mərkəzinə düşüb.
Bizim.Media xəbər verir ki, "The Economist" nəşri Əzizə xanımla bağlı məqalə hazırlayıb.
Nəşr bildirib ki, Əzizə Rəmixanovanın “Kənd həyatı” yutub kanalında yayımlanan 500-ə yaxın bölümü olan və hər biri təxminən 25 dəqiqə çəkən vloqlar sakitlik və təbiətlə harmoniyada lentə alınır.
“London, Sidney, Yekaterinburq və Kiyev kimi şəhərlərdən də izləyicilərin diqqətini çəkən vloqlar dünyanın ən inanılmaz və populyar yemək şousudur”, - məqalədə bildirilib.
“Economist”in bizdən yazdığını oğlumdan öyrəndim
Dünya mətbuatının gündəminə düşən Əzizə Rəmixanova təəssüratlarını “Azərtac”la bölüşüb. O, “Economist”in sözügedən məqaləni dərc etdiyini oğlundan öyrəndiyini bildirib:
“Bu, bizim üçün böyük uğurdur. Kanalımız haqqında, yurdumuz haqqında xoş sözlər yazılıb. Belə xəbərlərin yazılması Azərbaycan mətbəxinin, adət-ənənələrinin təbliği üçün çox əhəmiyyətlidir”.
Qeyd edək ki, "Kənd həyatı" yutub kanalının təxminən 7 milyon abunəçisi və 2 milyarda yaxın baxış sayı var. Videoların qəhrəmanı Əzizə xala və oğlu Əmiraslan peşəkar aşpazdırlar.
COVİD-19 pandemiyası zamanı ana və oğlu yutub kanalı açaraq sevdikləri peşəni orada nümayiş etdirməyə başlayıblar.
Paylaşılan videolar ingilis, rus, hətta Çin dilində subtitrlərlə yerləşdirilir ki, bu da, daha geniş auditoriyanı əhatə etməyə imkan verir.
Bizim.Media