“ADY Ekspress” MMC-nin yenidən təşkilinin ÖNƏMİ – Həm vaxta, həm də xərclərə qənaət ediləcək”

Hazırda oxunan: “ADY Ekspress” MMC-nin yenidən təşkilinin ÖNƏMİ – Həm vaxta, həm də xərclərə qənaət ediləcək”

217611

Şərq-Qərb və əks istiqamətdə tranzit yüklərin daşınmasının həyata keçirildiyi “Orta Dəhliz”in inkişaf etdirilməsi məqsədilə beynəlxalq əməkdaşlığın coğrafiyası günbəgün genişlənir. Təbii ki, artan marağı və sifarişləri ödəmək üçün yeni platformalar, zamanla ayaqlaşan strukturlar lazımdır.

 

MÖVZU İLƏ BAĞLI:

Nəqliyyat dəhlizləri ilə bağlı MÜHÜM İSLAHATLAR - “ADY Ekspress” MMC yenidən təşkil olunur – FOTO



“Azərbaycan Dəmir Yolları” QSC bu məqsədlə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası çərçivəsində koordinasiyalı birgə fəaliyyət təşkil edir. Təsadüfi deyil ki, bu koordinasiyanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə bu ildən “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasının təsis edilməsi üzrə işlərə başlanılıb.

Daşımalarda səmərəliliyin artırılmasının əhəmiyyəti

Dəhlizlər vasitəsilə tranzit daşımalarının səmərəliliyinin artırılması üçün konteyner daşımalarının önəminin getdikcə artmasını nəzərə alaraq, ADY-də də konteynerləşmə və ümumilikdə tranzit daşımaları sahəsində idarəetmənin təkmilləşdirilməsinə zərurət yaranıb. Bu zərurəti yaradan digər səbəb isə bu sahədə qabaqcıl beynəlxalq təcrübəyə, xüsusilə də qonşu Türkiyə, Rusiya, Gürcüstan və Qazaxıstanda tranzit daşımaların səmərəli idarə edilməsi üzrə mövcud olan təcrübələrə əsaslanılmasıdır.

Bu baxımdan dəhlizlər üzrə güclü ekspedisiya xidməti göstərən və dəhlizlərin inkişafına töhfə verəcək şirkətlərin mövcudluğu vacibdir.

Bu istiqamətdə həyata keçirilən islahatlar çərçivəsində 1 noyabr 2024-cü ildən etibarən “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC yenidən təşkil ediləcək. ADY Müşahidə Şurasının qərarı əsasında,  Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin razılığı ilə qanunvericiliyə və hüquqi prosedurlara tam uyğun şəkildə yenidən təşkil olunan “ADY Ekspress” MMC bütün funksiyaları öz üzərinə götürəcək. Şirkət müştərilərə həm konteyner, həm də vaqonlarla daşımalar üzrə daha geniş əhatəli və səmərəli xidmətlər təqdim edəcək.

“ADY Ekspress” MMC-nin yenidən təşkil olunmasının hansı üstünlükləri olacaq?

Məsələ ilə bağlı Bizim.Media-ya danışan nəqliyyat və loqistika üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, iki törəmə şirkətin - “ADY Konteyner” MMC-nin “ADY Ekspress” MMC-yə qoşulması yolu ilə “ADY Ekspress” MMC-də birləşdirilməsi optimallaşdırmaya doğru verilmiş bir qərardır:

“Yəni ancaq konteyner daşıyan bir şirkətin digər yükdaşıma şirkəti ilə ortaq formatda təşkili daşımaların daha operativ idarə olunmasını xidmət edən bir qərardır. Bu da o deməkdir ki, Azərbaycan yerləşdiyi fərqli coğrafi mövqeyə uyğun olaraq fərqli növ yüklər üçün, müxtəlif növ xidmətlər təklif edir.

Əslində dəmir yolunun unikallığı bundadır ki, bir heyətlə müxtəlif növ yükləri daşıya bilir.

Yenidən təşkil olunan “ADY Ekspress” MMC tam dövriyyəli logistika əməliyyatları, həmçinin multimodal daşımalar təklif etməklə müştərilərin həm vaxtına, həm də maliyyə xərclərinə qənaət etməsinə imkan yaradacaq. Şirkət, eyni zamanda, rəqəmsal texnologiyalarla logistika proseslərinin idarə olunmasını optimallaşdıraraq dəhliz boyu yükdaşımalarının şəffaflığını və təhlükəsizliyini təmin edəcək”.

Müsahibimiz bu addımın atılmasında əsas hədəflərdən də söz açıb:

“İlk hədəf daxili daşımalar, ikinci hədəf regional-yaxın qonşulardan gələn yüklər, üçüncüsü isə “Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu” üzrə Çindən Avropaya qədər olan daşımalardır. İşin bu formada qurulması o deməkdir ki, bizim hər zaman istənilən istiqamətə yükümüz olacaq.

Ən əsası isə daşımaların optimallığı təmin ediləcək, tariflər daha dayanıqlı olacaq. Son nəticədə isə minimum riskli, amma daima işlək bir marşruta sahib olacağıq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin