Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında:
Yola saldığımız həftə enerjimiz ətrafında kifayət qədər maraq doğuracaq hadislələrlə zəngin olub, ona görə də dünyada baş verənlərə nəzər yetirmədən diqqətimi yerli bazarda cərəyan edən hadisələr üzərində cəmləşdirəcəm.
“Chevron”un geri dönüşü
Həftə başlayar-başlamaz təəccüb doğuracaq bir xəbər diqqət mərkəzində oldu. 5 il əvvəl Azərbaycan layihələrini tamamilə tərk etmək qərarına gələn Amerikanın ikinci ən böyük neft-qaz şirkəti “Chevron” Bakıya qayıdışı ilə bazar iştirakçılarının marağına gəldi.
MÖVZU İLƏ BAĞLI:
Neftin qiymətində REKORD ENİŞ – “Qara qızıl” niyə UCUZLAŞIR? – İlham Şabanın ŞƏRHİ
Özü də bu, elə belə qayıdışa oxşamır. Çünki Azərbaycan Dövlət Neft Şirkəti ilə ABŞ-ın “Chevron” şirkəti arasında baş tutan görüşdə geniş spektrdə məsələlər - dekarbonizasiya, hasilat və neftin nəql edilməsi məsələləri müzakirə edilib. SOCAR-ın rəsmi açıqlamasında bildirilir ki, tərəflər, həmçinin şirkətlər qarşılıqlı faydalı əlaqələrin möhkəmləndirilməsi istiqamətində əməkdaşlığın davam etdirilməsinə dair fikir mübadiləsi aparıblar.
“Chevron” Azərbaycanda olanda
“Chevron” şirkətinin Azərbaycanda fəaliyyəti ötən əsrin 90-cı illərindən başlayıb. Şirkətin Azərbaycana marağı 1997-ci ilin avqustunda Xəzərin dərin hissəsində yerləşən “Abşeron” strukturu ilə bağlı Hasilatın Pay Bölgüsü Sazişinin imzalanması ilə yeni mərhələyə qədəm qoydu. Bəli, bu o “Abşeron” idi ki, indi Azərbaycanın ikinci qaz yatağıdır.
Orada bəxtini sınayan, ilk dəfə 6500 metrlik kəşfiyyat qazma gedişinə nail olan şirkət də “Chevron” idi. Özü də o zamanlar Azərbaycanda kəşfiyyat işlərinə ən böyük sərmayəni – 78 milyon dollarlıq kapitalı yatıran da o idi.
Hətta qazmanın nəticələri öyrənilərkən qaz layının açılmasına da nail olmuşdu, amma o zaman bazarda neft qiymətlərinin 20 dollar həndəvərində olması və qaza o qədər də dəyər verilməməsi Amerika şirkətini müqavilə sahəsinin digər yerlərində axtarış aparmaqdan çəkindirdi. Nəticədə 2002-ci ildə “Abşeron” layihəsinə xitam verildi.
Həmin layihədə isə “Chevron” operator idi, yəni idarəedici, söz sahibi olan şirkət, onun xarici ortağı isə bilirsiniz kim idi? Total, həmin Fransa enerji nəhəngi ki, 2009-cu ildə yenidən SOCAR-la “Abşeron” yatağı üzrə işbirliyinə nail oldu və 2011-ci ildə 350 mlrd kubmetr ehtiyata malik nəhəng bir yatağı kəşf etdi.
“Chevron” isə neftə meyilli idi... 2005-ci ildə Amerikanın “Unocal” şirkətini almaqla Azərbaycanın həm bir nömrəli yataqlar bloku AÇG-nin, həm də ölkəmizin əsas ixrac kəməri Bakı-Tiflis-Ceyhan layihəsinin iştirakçısına çevrildi. Və 15 il stabil olaraq Azərbaycanın hasilatçı şirkətləri sırasında yer aldı.
Birdən 2019-cu ilin noyabrında elan etdi ki, bəs Azərbaycandakı bütün aktivlərini satmaq qərarına gəlib. Növbəti il, pandemiya təzə təzə özünü Azərbaycanda göstərəndə hüquqi prosedurları başa çatdırıb ölkəmizi tərk etdi.
Ancaq biznes...
Yadımdadır, o zaman istər mətbuatda, istərsə də sosial şəbəkələrdə qızğın müzakirələr gedirdi ki, Chevron Azərbaycanı rəsmi Vaşinqtonun bölgəyə maraqlarının azalması səbəbindən tərk edib və bunun görünməyən pərdə arxasında siyasi məsələlər var. İndi “Chevron”-un Bakıya təkrar dönüşünə də siyasi maraqlar prizmasından baxanlar var, amma onları çaş-baş edən məsələ odur ki, axı rəsmi Bakı Ağ Evə “iç işlərimizə müdaxilədən” çəkindirmək mesajları verdiyi zaman Amerikanın ikinci şirkəti nədən Xəzərin sol sahilində yenidən qərarlaşmağa və Dövlət Neft Şirkəti ilə müxtəlif sahələrdə enerji əməkdaşlığını ortaya qoyur.
Bu məsələni daha da müəmmalı edən isə bir qədər əvvəl Amerikanın 1 N-li enerji nəhəngi – Exxonmobil şirkətinin də Azərbaycanda biznesinin genişləndirilməsi ilə bağlı danışıqlar aparması haqqında sızan məlumatlar olub.
Necə deyərlər, siyasət öz yerində, işdə isə ancaq biznes maraqları. Bizim işimizi və əməlimizi isə Azərbaycanda işləyən şirkətlər çox gözəl bilir və burdan gedib digər məkanları dolaşdıqdan sonra bunun necə əhəmiyyət daşıdığına bir daha əmin olurlar.
Yüksək vəzifəyə təyinat
Xarici şirkətlərdən söz düşmüşkən... Bu həftə baş ofisi Londonda olan “BP Group” şirkətində əmək fəaliyyətini davam etdirmək üçün Azərbaycan vətəndaşına yüksək vəzifə həvalə olunub.
Belə ki, bu il dekabrın 2-dən BP şirkətinin hasilat üzrə baş vitse-prezidenti vəzifəsinə Elxan Məmmədov təyin edilib. Yeni vəzifəsində Məmmədov BP-nin dünyada həyata keçirdiyi bütün hasilat işlərinin idarə edilməsinə cavabdehlik daşıyan TOP-menecer olacaq. Hazırda Elxan Məmmədov “BP-Azərbaycan” regional ofisində hasilat üzrə vitse-prezidentidir, yəni “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”dən çıxan neft, kondensat və qaz əməliyyatlarına rəhbərlik edir.
AÇG-də innovativ texnoloji tətbiq
BP isə bu həftə Azərbaycanda əldə etdiyi daha bir uğuru cəmiyyətə təqdim edib. Belə ki, Britaniya şirkəti Xəzərdə innovativ texnologiyadan istifadə edərək, “Azəri-Çıraq-Günəşli” yatağında ilk dəfə olaraq lay təzyiqi şəraitində süxur nümunələri çıxarılması əməliyyatını uğurla həyata keçirib. Bu, həm də BP-nin dünya miqyasında yerinə yetirdiyi ilk belə əməliyyatdır.
Təzyiq altında süxur nümunəsi çıxarılması texnologiyası layın neftvermə əmsalının artırılması metodlarına olan ehtiyac, həmçinin həmin metodların növü barədə məlumat əldə etməyə kömək edəcək. Yəni BP-nin atdığı addımlar ona xidmət edir ki, 27 ildir ki, intensiv işlənmədə olan AÇG kimi yataqda olan laylardan maksimal dərəcədə neftin çıxarılmasına nail olsun.
Artıq Azərbaycanda neft hasilatının azalmasının stabilləşmə yoluna çıxmasının ilk simptomları görünməyə başlayıb. Özü də bunu müşahidə edən Neft ixrac edən ölkələr təşkilatı – OPEC ekspertləri olub.
Hasilatın stabilləşdirilməsi
OPEC-in qiymətləndirilməsinə görə, 2024-cü ilin sentyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatı 488 min barel təşkil edib. Ölkədə neft istehsalı avqustla müqayisədə gündə 6 min barel artıb. Bu, həmçinin iyul ayı ilə müqayisədə gündəlik min barel artım deməkdir.
OPEC-in açıqladığı məlumatın doğruluğunu Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin aylıq neft-kondensat hasilatı göstəriciləri ilə müqayisə etdikdə bunu əyani görə bilərik. Bu məlumatlarda sentyabrda hasilatın avqustla müqayisədə nəzərə çarpacaq dərəcədə artdığı görünür, sadəcə iyulla müqayisədə azalma var.
Statistika Komitəsinin hesabatlarından o da aydın olur ki, Azərbaycanda neft hasilatında əvvəllər müşahidə edilən kəskin azalmalar artıq daha az templə baş verir.
Bu isə həqiqətən hasilatın stabilləşməsi yönümündə hökumətin qoyduğu tapşırıqlara şirkətlərin daha ciddi yanaşdığını göstərir. Belə ki, əgər 2023-cü il ərzində neft və kondensat hasilatının azalma tempi 7,82% təşkil etmişdisə, artıq cari ilin 9 ayında bu göstərici 3,95%-ə qədər azalıb. İlin sonuna qədər hasilatın azalma tempi bir qədər də zəifləməyə meylli olacaq.
Ona görə ki, Energetika nazirliyinin Azərbaycanda hasilatla bağlı məlumatlarını təhlil etsək görərik ki, liderlik “Azəri-Çıraq-Günəşli” layihəsinin payına düşür. Ötən illə müqayisədə hasilatın aşağı düşmə tempi bu layihə üzrə yaxşılaşmağa doğru gedir. Çünki aprel ayında istismara verilən innovativ “Azəri Mərkəzi Şərqi” platforması üzrə hasilat artrıma gedir. Əgər ilin ortasına buradan gündəlik 8 min barel neft hasil edilirdisə, ilin sonuna artıq əlavə 24 min barel neft çıxarılmasına nail olunacaq.
Başqa bir tərəfdən “Abşeron” layihəsi üzrə də kondensat artımı baş verir, əgər ötən il 290 min tondan çox maye karbohidrogen əldə edilmişdisə, ilin sonuna yarım milyon tondan çox həddi aşmaq mümkündür. Artıq cari ilin 9 ayının yekunlarına görə, “Abşeron” yatağından 400 min ton kondensat hasil edilib. Həmçinin AÇG layihəsi üzrə əvvəlki iki ildə hasilatın azalma tempi 10-12% arasında dəyişirdisə, artıq indi bunu 7,4%-lik göstəriciyə qədər azaltmaq mümkün olub.
Qazın davamlı artımı
Mavi yanacağın hasilatında isə vəziyyət tam başqadır, yəni Azərbaycanda 2018-ci ildən hasilatın ilbəil artımı davam etməkdir və yeni yataqların istismara verilməsi ilə əlaqədar bu artım hələ ən azı bu onilliyin sonuna qədər davam edəcək. Elə cari ilin 9 ayında əmtəəlik qaz hasilatı həcmləri 28,2 milyard kubmetrdən çox olub ki, bu da 5,2% artım deməkdir.
Azərbaycan qazının gələcəyinə qlobal enerji bazarlarının təhlili üzrə ixtisaslaşmış Norveçin “Rystad Energy” şirkəti də nəzər salıb. Şirkətin analitiklərinin qənaətlərinə görə, Azərbaycanın qaz sənayesi sürətli inkişaf tempini orta perspektivdə davam etdirəcək və onilliyin sonuna qədər qaz hasilatının 2020-ci ilin göstəriciləri ilə müqayisədə 51 faiz - ildə 40 milyard kubmetrə qədər artacağı gözlənilir.
Öz növbəmdə əlavə edə bilərəm ki, tamamilə real bir göstəricidir və ən pessimist ssenari əsasında belə gerçəkləşdirilməsi mümkündür. Amma “Rystad Energy”nin bir proqnozu ilə razılaşa bilməyəcəm. Şirkət bildirir ki, Azərbaycan qaz hasilatını daha da artırmaq üçün bir neçə qaz-kondensat yataqlarını işlətməyi planlaşdırır. Bu artım isə ona gətirib çıxaracaq ki, yaxın illərdə qaz hasilatı neft hasilatını üstələyəcək.
Qaz hasilatda nefti üstələyir
İndi gəlin görək, bu nə zaman baş verəcək? Bunun üçün pandemiyadan sonrakı illərdə Azərbaycanda neft və qaz hasilatı göstəricilərini nəzərdən keçirək. Amma biri tonla, digəri isə kubmetrlə ölçüldüyündən gərək onları eyni ölçü vahidinə gətirək.
Təbii ki, ən yaxşı qavranılası neft ekvivalentidir, yəni 1 ton xam neftin yandırılması zamanı əldə edilən enerji. Hesablamalara görə, 1 milyard kubmetr qaz təxminən 900 min ton neft ekvivalentində enerjiyə malikdir.
Bu ilin 9 ayında hasil edilmiş əmtəəlik qaz həcmləri artıq 25,4 milyon neft ekvivalentinə bərabərdi. Özü də mavi yanacaq artıq neft və kondensat həcmlərini 3,8 milyon ton üstələyir.
Ötən il də qazın neft ekvivalentində həcmi “qara qızıl” həcmlərindən çox olub. Yəni Azərbaycanda mavi yanacaq dövranı ötən ildən başlayıb, sadəcə gətirdiyi gəlirdə hələ nefti aşmağa nail olmayıb. Bu isə daha çox qlobal bazardakı qiymətlərdən qaynaqlanan amildir, ona görə də vəziyyətin nə zaman dəyişəcəyini proqnoz etmək çətin olsa da, amma o gün uzaqda da deyil.
“Azərkontraktın” süqutu
Azərbaycanın başa çatan həftəsinin seçilən iki xəbəri də qaza bağlıdır. Bunun biri son 4 ilə yaxın yerli bazarda qazın topdansatışını həyata keçirən “Azərkontrakt” Səhmdar Cəmiyyətinin ləvği ilə bağlıdır. Azərbaycan Prezidentinin oktyabrın 17-də imzaladığı sərəncama əsasən, 1 dekabr 2024-cü il tarixindən “Azərkontrakt” ləvğ edilir və daxili bazarda təbii qazın istehsalçılarından satın alınması, onun nəqlinin, ölkədaxili paylayıcı və istehlakçılara satışının təşkil olunması sahəsində səlahiyyətləri Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə həvalə edilir.
Bəs niyə ləğv edildi bu qurum? Çünki mövcud zamanın tələbləri ilə ayaqlaşa bilmirdi. Bəs əvvəllər SOCAR-ın gördüyü iş ona qaytarılandan sonra nəsə dəyişəcəkmi? Böyük ehtimalla SOCAR-da qazın marketinqi üzrə xüsusi bir qurum yaradılacaq və onun fəaliyyəti “Azərkontrakt”dan köklü dərəcədə fərqlənməli olacaq ki, nə qazı satan qurumlarda, nə də onu istehlak edənlərdə hansısa məsələlərə şəkk-şübhə üçün yer qalmasın.
Xaricdə qaz çıxaracaq şirkətimiz
Azərbaycanın ilk özəl hasilatçı şirkəti olan GL sərhədlərimizdən kənarda təbii qaz layihəsinin iştirakçısına çevrilib. Şirkətin oktyabrın 18-də yaydığı məlumata görə, “GL Group” Türkiyənin şimal-qərbində Trakya hövzəsində yerləşən F17-b4 bloku üçün lisenziyanın 100%-lik sahibi və operatoru olan Kanadanın Gazelle Energy Limited şirkətinin səhmlərinin 25%-ni satın alıb. Bu blokda artıq kəşf edilmiş 65 milyard kub fut qaz ehtiyatlarına malikdir.
Xatırladım ki, bu ilin mayında SOCAR ilk dəfə Azərbaycan sərhədlərindən kənarda Abu-Dabi Milli Neft Şirkəti ADNOC-a məxsus iki neft yatağının işlənməsi layihəsinə daxil olmuşdu. Necə deyərlər, əvvəllər biz xarici şirkətlərin neft sənayemizə gəlişi üçün çalışırdıq, indi isə Azərbaycan şirkətlərini xaricdəki neft-qaz yataqlarına dəvət edirlər.
Bizim.Media