Dövlət büdcəsindəki 2,5 milyard profisit hara XƏRCLƏNƏCƏK?

Hazırda oxunan: Dövlət büdcəsindəki 2,5 milyard profisit hara XƏRCLƏNƏCƏK?

216320

Məlum olduğu kimi bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 27 milyard 737 milyon manat, xərcləri isə 25 milyard 174,3 milyon manat təşkil edib.

Bizim.Media Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 25,6 % və 8,4 % çoxdur.
 

MÖVZU İLƏ BAĞLI:

"2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisə təqdim edildi


Son nəticədə 9 ayda büdcədə ümumi daxili məhsulun 2,8 %-i qədər - 2 milyard 562,7 milyon manat profisit yaranıb. Ötən ilin eyni dövründə büdcədə 1 milyard 137,5 milyon manat kəsir olmuşdu.

Maliyyə Nazirliyi isə məlumat yayıb ki, 2024-cü ilin doqquz ayında icmal büdcənin gəlirləri 37 milyard 141,5 milyon manat icra olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 252,7 milyon manat və ya 0,7 faiz çoxdur.

Mənbə qeyd edir ki, icmal büdcənin xərcləri isə 28 milyard 472,2 milyon manat icra olunub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 573,8 milyon manat və ya 9,9 faiz çoxdur. İcmal büdcədə 8 milyard 669,3 milyon manat büdcə artıqlığı (profisit) yaranıb.

Bəs, yaranan profisit nə zaman və hansı istiqamətlərə xərclənəcək?

Suala Millət vəkili Vüqar Bayramov aydınlıq gətirib. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, dövlət büdcəsinin profisiti və defisiti maliyyə ili ərzində xüsusi qiymətləndirilir:

“Nəzərə alaq ki, büdcədə təsdiq olunmuş xərclər var. O xərclərin bir qismi ilin sonunda xərclənir. Xüsusən də, noyabr-dekabr aylarında dövlət büdcəsində xərclənmələrdə artımların olacağı gözlənilir.

Çünki büdcədən bəzi dövlət qurumları tərəfindən sifarişlər verilib. Onların ödənişlərinin edilməsinə ehtiyac var. Bu konteksdə büdcədə xərcləmələr təsdiq olunmuş büdcə sənədinə uyğun olaraq ilin son aylarında həyata keçiriləcək”.

Müsahibimiz bununla belə profisitin olmasını müsbət hal kimi dəyərləndirib:

“Xüsusən də, qeyri-neft sektorundakı daxil olmalarda artım var. Bu eyni zamanda növbəti il üçün də dövlət büdcəsinin gəlirlərində hər hansı bir çətinliyin olmaması ilə bağlı bir gözlənti yaradır. Nəzərə alaq ki, qlobal çağırışlar var. Bu kontekstdə həm 2024, həm də 2025-ci ilin büdcə gəlirlərinin düzgün proqnozlaşdırılması çox vacibdir.

Yaranan profisit həm də onu göstərir ki, qeyri-neft sektoru fiskal gəlirlərimizin formalaşmasında payını və rolunu artırır. Amma bütövlükdə xərcləmələr büdcə xərclərinin təsdiq olunmuş istiqamətlər üzrə davam etdiriləcək. Gözlənilir ki, ilin sonuna doğru büdcədən daha çox xərcləmələr praktik olaraq gəlir və xərclər arasındakı balansın yaranmasına imkan verəcək”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin