“Avtobus zolağına girə bilər, parkinq ödənişsizdir...” – Elektromobillərlə bağlı MARAQLI GÜZƏŞTLƏR

Hazırda oxunan: “Avtobus zolağına girə bilər, parkinq ödənişsizdir...” – Elektromobillərlə bağlı MARAQLI GÜZƏŞTLƏR

215102

Elektromobillər günümüzün reallığıdır. Təsadüfi deyil ki, hər kəs bu avtomobillərdən əldə etməyə çalışır. Bax, buna görədir ki, ölkəmizə idxal edilən elektromobillərin sayı ilbəil kəskin artır. Məsələn, 2017-2023-cü illərdə Azərbaycana 4 236 ədəd elektrik mühərrikli nəqliyyat vasitəsi idxal edilib.

Ölkəyə elektrikli nəqliyyat vasitələrinin idxalı 2017-ci ildə 88 ədəd, 2018-ci ildə 101 ədəd, 2019-cu ildə 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə 160 ədəd, 2022-ci ildə 486 ədəd, 2023-cü ildə 3 102 ədəd təşkil edib.

Bu ilin yanvar-iyul aylarında isə ölkəyə 1 792 elektrik mühərrikli nəqliyyat vasitəsi gətirilib. Bununla belə, hələki ölkəmizdə olan 2 milyondan artıq ancaq 2 faizə yaxını elektriklə işləyir. Bu heç də qaneedici hesab oluna bilməz.
 

MÖVZU İLƏ BAĞLI:

Səhhətimiz, cibimiz və ekologiyamız üçün ZƏRURİ ADDIM – Dizel və Aİ-92 erasının SONU YAXINLAŞIR


Təsadüfi deyil ki, Azərbaycan höküməti son illər elektromobillərdən daha çox istifadə üçün müxtəlif tədbirlər həyata keçirilir. Məsələn, 2019-cu il yanvarın 1-dən Azərbaycanda elektrik mühərriklə işləyən nəqliyyat vasitələrinin idxalı, 2022-ci il yanvarın 1-dən isə satışı ƏDV-dən azad edilib. Bu günlərdə isə elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı və satışının əlavə dəyər vergisindən (ƏDV) azadolma müddəti daha 2 il uzadılıb.

Cari ilin mart ayında Prezident İlham Əliyev ölkədə elektromobillərdən istifadənin təşviqi ilə bağlı sərəncam imzalayıb. Sərəncama əsasən, hökumətə qısa müddətdə elektrik şarj stansiyalarının yerləşdirilməsi və quraşdırılması yerlərini müəyyən etmək tapşırılıb. Təbii ki, hökumətin atdığı addımlar elektromobillərin təşviqi üçün böyük hadisədir. 

Amma bu məsələdə beynəlxalq təcrübənin öyrənilib, təşviq edilməsi də çox vacibdir. 

Mövzu ilə bağlı Bizim.Media-ya danışan ekspert Aqil Məmmədov elektromobillərin təşviqi sahəsində beynəlxalq təcrübənin üstünlüklərini qeyd edib:

“Dünyanın aparıcı ölkələri elektromobillərin təşviqi üçün müxtəlif layihələr həyata keçirir. Bəzi ölkələrdə isə elektromobillərə bütün sahələrdə “yaşıl işıq” yandırılır. Mən qısaca olaraq Belarusun təcrübəsindən danışmaq istəyirəm. Bu ölkədə elektromobillərlə bağlı maraqlı güzəştlər tətbiq edilir. Minskdə elektromobil sahibinin benzinlə işləyən maşına sahib olan sürücüdən əhəmiyyətli üstünlüyü var.

Bu ölkədə elektromobilləri digər maşınlardan fərqləndirmək üçün onlara yaşıl rəngdə qeydiyyat nömrələri verilir. Elektromobillər şəhər administrasiyasına məxsus dayanacaqlarda ödənişsiz saxlanıla bilər. Elektromobillərə günün istənilən saatında rahat şəkildə avtobuslar üçün ayrılan zolaqlardan istifadəyə icazə verilir.  

Elektromobillər üçün dayanacaqlarda ayrılan xüsusi yerlər var. 

Bu yerlər şarj üçün avadanlıqlarla təmin edilib. Əgər digər sürücülər bu yerlərdə maşın saxlayarsa, ciddi maliyyə sanksiyaları ilə üzləşə bilərlər. Düşünürəm ki, biz də belə praktikalardan istifadə etməklə məqsədə daha tez çata bilərik”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin