Yaydan bu yana paytaxtda baha qiymətə satılan məhsullardan biri də pomidordur. Kiçik fasilələrlə ucuzlaşma müşahidə olunsa da, onun qiyməti əksər vaxtlarda sabitdir. Hazırda paytaxt bazarları və marketlərdə pomidorun 1 kiloqramının qiyməti 3-5 manat arasında dəyişir. Onun yetişdirildiyi əsas rayonlardan biri olan Xaçmazda isə pomidor dəfələrlə ucuz qiymətə satılır. Hətta Xaçmaz bazarında pomidoru 30-50 qəpiyə almaq mümkündür.
Maraqlıdır, nədən paytaxt bazarlarında pomidor rayonlarda olduğundan qat-qat baha qiymətə satılır?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli Bizim.Media-ya bildirib ki, pomidor ötən qış hansı qiymətə idisə, yayda da həmin qiymətə satılıb. Onun sözlərinə görə, yalnız Xaçmaz pomidorunu bir qədər ucuz qiymətə almaq mümkün idi ki, bunun da öz səbəbi var:
MÖVZU İLƏ BAĞLI:
Məhsul bol, amma qiymət yüksək - Pomidor niyə bahadır? - VİDEO
"Xaçmaz pomidoru digərlərindən keyfiyyətinə görə çox fərqlənir. Bu il bu bölgədə yetişdirilən pomidor keyfiyyətinə görə çox aşağı oldu. Havaların yağışlı keçməsi, yaxud normadan az isti olması məhsuldarlığa və keyfiyyətə çox təsir etdi. Bu məhsulun qiyməti təxminən 1.20-1.70 manat arasında dəyişir. Ona görə də digər pomidorla onu eyniləşdirmək doğru deyil. Kim ona oxşar pomidoru 3 manata görürsə, o dəqiqə düşünür ki, niyə Xaçmazda 30 qəpiyə, Bakıdasa baha satılır. Amma onların sortu və çəkilən xərclər eyni deyil. Maya dəyərində də ciddi fərq var”.
Ekspertin sözlərinə görə, məhsulu yerində 30 qəpiyə satanlar onu çox saxlaya bilmədikləri üçün belə edirlər:
"Heç kim yaxşı məhsulu 30 qəpiyə satmaz. O da bilir ki, həmin məhsul Bakı bazarında 5 manatdır. Niyə ucuz satsın ki?!”
Bütün bunlarla yanaşı, mütəxəssis qiymət fərqinin daha çox Bakı bazarlarındakı monopoliya ilə bağlı olduğunu da qeyd edib:
“Bu əsas problemlərdən biri və ya birincisidir. Bakı bazarlarında pomidor inhisarçıların əlindədir. “Meyvəli” bazarı və supermarketlər şəbəkəsi məhsulu saxlaya, Bakı bazarlarına daşıya bilməyən fermerlərdən alır. Belə problemlər də istehsalçını məcbur edir ki, məhsulu dəyər-dəyməzinə satıb canını qurtarsın".
Rəna Cumaqızı, Bizim.Media