Yeni müqavilələr neft hasilatımıza necə təsir edəcək? – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Yeni müqavilələr neft hasilatımıza necə təsir edəcək? – İlham Şabanın ŞƏRHİ

213550

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Başa vurduğumuz həftə enerji bazarlarında biri birindən rəngarəng və maraqlı hadisələrlə zəngin olub. Bu hal istər yerli bazarda, istərsə də xarici bazarlarda müşahidə edilib. 

Qlobal bazarlar 

Neft bazarları sanki bir təlatümlü dövrünü yaşamalı oldu, yəni kəskin artımlar və enmələr müşahidə edilir. Həftənin əvvəli neft qiymətləri xeyli yüksəldi – Brent markalı neftin bir bareli London birjasında 75,87 dollara satıldı. Qiymətin belə artımı İsraillə Livan arasında son illər hərbi münaqişənin qəfildən daha kəskin formaya keçidi ilə əlaqələndirilirdi. Neft bazarının iştirakçıları təşviş içərisində qiymətin tezliklə 80 dolları aşacağını gözləyirdilər. 
 

MÖVZU İLƏ BAĞLI:

“Qara qızıl”dan “yaşıl enerji”yə KEÇİD – Neftdən asılılıq necə AZALDILIR? – İlham Şabanın ŞƏRHİ


Amma qəfildən neft üzüaşağı getməyə başladı. Sentyabrın 25-də neft 2,3%, bir gün sonra isə 3,24% qiymətini itirərək 71 dollardan aşağı qiymətdə ticarət edilməyə başladı. Neftin qiymətini aşağı çəkən bir amil ABŞ iqtisadiyyatını son illər daban-daban izləyən Çin idisə, digəri İrandan qaynaqlandı. Belə ki, bu dəfə də İslam Respublikasının Livana edilən hücumlara görə İsraili cəzalandırması yenidən “üzücü bir prosesə” çevrildi və bazar iştirakçılarında əvvəlki təşviş aradan qalxdı. Necə deyərlər, neft bir strateji məhsul kimi artıq daha çox çətin proqnoz edilən sahəyə keçid edir. 

Prezidentdən neftlə bağlı açıqlamalar 

Bu həftə Azərbaycan Respublikası Prezidenti yanında ölkənin iqtisadi məsələlərinə həsr edilmiş müşavirədə “qara qızıl”a dair bir sıra maraq doğuracaq fikirlər səsləndirildi. Bunu daha maraqlı edən amil isə həmin fikirlərin Azərbaycan Prezidenti tərəfindən dilə gətirilməsiydi. Çünki son illər dövlət başçısının adətən neft mövzusuna o qədər də toxunmadığını, əsasən mavi yanacaq və yaşıl enerjiyə böyük diqqət ayırdığını müşahidə edirdik. Bu baxımdan müşavirədə neftin diqqət mərkəzinə gəlməsi maraq doğurmaya bilməzdi. 

Dövlət başçısı qeyd edib ki, son illər ərzində xarici neft şirkətləri tərəfindən həyata keçirilən layihələrdə neftin hasilatı ildən-ilə azalır və bu da təbii olaraq Azərbaycanın ümumi iqtisadi inkişaf templərimizə mənfi təsir göstərirdi və dövlət başçısının açıqlamasından o da aydın olur ki, ölkə iqtisadiyyatı neft sektorundakı bu tənəzzülü qeyri-neft sektorunun inkişafı ilə tənzimləmək məcburiyyətində qalırdı. 

Ancaq neft hasilatında buraxılmış nöqsanlar xarici neft şirkətləri ilə aparılan danışıqlar nəticəsində onların diqqətinə çatdırılıb və onlardan tələb edilib ki, bu nöqsanlar aradan qaldırılsın, neft hasilatının sabitliyi təmin edilsin. 

Prezidentin açıqlamasından bəlli olur ki, “son aylar ərzində bu istiqamətdə çox fəal iş aparılmış və bu işin nəticəsi olaraq əsaslı ümidlər yaranmışdır ki, daha bundan sonra heç bir əsası olmadan neft hasilatında tənəzzül olmayacaq”. 

Burada bir haşiyə çıxmaq vacibdir. 

Yəni Prezidentin açıqlamasından aydın olur ki, neft hasilatının azalmasında əsası olmayan enmələrə yol verilib. Birincisi, azalma məsələsində Dövlət Neft Şirkətinin yataqlarının hiss ediləcək rolu olmayıb. Buradan belə nəticə çıxartmaq olur ki, azalmanın baiskarı xarici neft şirkətlərinin başçılıq etdikləri əməliyyat şirkətləridir. Və nəhayət, bir sıra hallarda həmin xarici şirkətlər hasilatın azalmasının qarşısını ala bilərdilər, amma edə bilməyiblər, elə buna görə də dövlət başçısı “əsası olmayan enmələr” ifadəsi işlədir.   

Prezidentin sonrakı fikirləri daha maraqlıdır. Bundan sonra belə halların qarşısını almaq üçün cənab İlham Əlyev hökumət qurumları və Dövlət Neft Şirkətinin bu işlərin gələcək gedişatına daim diqqət yetirəcəyini xüsusilə vurğulayır. 

Əslində onu qeyd edim ki, Azərbaycan özünün ilk neft müqaviləsini imzaladığı gündən indiyə qədər Dövlət Neft Şirkəti Azərbaycan dövlətinin maraqlarının müdafiəçisi qismində çıxış edir. Yəni SOCAR sadəcə hər hansı müqavilə iştirakçısı olaraq, özünün müqavilədəki payının maliyyələşdirilməsi və qazanc əldə edilməsini deyil, həm də paralel olaraq dövlətə çatacaq mənfəətin müqavilə şərtlərinə uyğun olaraq təminat edilməsini həyata keçirir. Hökumətin nəzarəti isə Hasilatın Pay Bölgüsü Sazişləri üzrə yaradılan Rəhbər Komitələr vasitəsi ilə illik iş proqramlarının tərtibi, proqnoz edilən hasilat həcmlərinin çıxarılması və illik büdcənin təsdiqidir.

Bütün bunlar ola-ola hökumət və SOCAR-ın gələcək işlərin gedişatına diqqət etməyə çağırışı əslində nəzarətin heç də həmişə Dövlət başçısını qane edəcək səviyyədə olmadığını göstərir.

Preziden İlham Əliyev isə müşavirədə neft mövzusunda fikirlərini belə tamamlayıb:

“Beləliklə, bizim iqtisadi inkişaf templərimizi geriyə çəkən əsas amil ümid edirəm ki, aradan qaldırılacaq və gələn il sabit neft hasilatı təmin edilməlidir. Nəzərə alsaq ki, hazırda biz neft-qaz sektorunda bir neçə yeni layihə üzərində işləyirik və o layihələrin işlənməsi nəticəsində yeni hasilat proqnozlarımız var. Yəqin gələn il biz hamımız onu görəcəyik ki, yeni layihələrdən, yeni yataqlardan daha böyük həcmdə təbii qaz və neft kondensatı hasil edilir. Hesab edirəm ki, neft-qaz sahəsində templər müsbət olacaqdır”.

Prezidentin gələn ilə və ümumən gələcəyə pozitiv baxışlarının tutarlı əsası isə “Əsrin Müqaviləsi” günü imzalanan sənədlərdən və razılaşmalardan qaynaqlanır.

Yeni müqavilələrin hasilata təsiri 

Söhbət “Əsrin Müqaviləsi”nin 30 illiyi münasibəti ilə keçirilən tədbir zamanı SOCAR və tərəfdaşları ilə imzaladığı sənədlərdən gedir. Və burada Azərbaycanın neft qaz yataqlarının işlənməsində strateji tərəfdaşı olan BP şirkəti ilə əlaqələrini daha da genişləndirmək imkanlarından gedir.  

BP şirkəti hazırda Azərbaycanda hasilat üzrə 2 layihədə təmsil olunub. Bunlar neft hasilatı üzrə Azəri-Çıraq Günəşli layihəsi, qaz hasilatında “Şahdəniz”in işlənməsidir. Kəşfiyyata gəlincə, burada da iki layihəsi mövcuddur: artıq bir quyu qazdığı “ŞəfəqAsiman” strukturu və geoloji kəşfiyyat apardığı, indiyə qədər öyrənilməmiş D230 bloku.

İndi isə Azərbaycan Britaniya şirkəti ilə əlaqələrini həm hasilat, həm də kəşfiyyat layihələrinin genişlənməsində yönəldir. Belə ki, artıq SOCAR BP ilə neft və qaz hasilatının yeni yataqlarda işlənməsini, həmçinin Xəzərdə kəşfiyyat məqsədli strukturlarda birgə fəaliyyət təklif edir.   

AÇG-nin təbii qazı 

Bunlardan ən mühümü “Azəri” və “Çıraq yataqları” və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və neft hasilatının Pay Bölgüsü haqqında 14 sentyabr 2017-ci il tarixli Sazişə İkinci Qoşma sənədinin imzalanmasıdır. Yəni 1994-cü ildə imzalanmış “Əsrin Müqaviləsi”nə ikinci dəfə tərəflər arasında razılıq əsasında düzəliş edilib. Birinci dəfə bu 2017-ci ilin sentyabrında oldu, o zaman müqavilənin müddəti 2050-ci ilə qədər uzadıldı və müqavilə sahəsindən əlavə 300 milyon barel neftin çıxarılması məqsədi ilə yeni bir platformanın tikintisi üçün razılıq əldə edildi. 

İndi isə qərara alınıb ki, AÇG yatağının sərbəst təbii qaz ehtiyatlarının işlənməsinə, yəni neft laylarından daha dərin qatlarda yerləşən təbii qazın çıxarılmasına başlanılsın. 

Bu, bilirsinizmi nə deməkdir? Artıq Azəri-Çıraq-Günəşli bloku təkcə neft yatağı deyil, həm də yaxın müddətdə istismarda olacaq qaz yatağına çevriləcək. 

BP şirkətinin açıqladığı məlumata görə, AÇG yatağının təbii qaz ehtiyatları xeyli iri həcmdədir – onun 4 trilyon kub futadək olduğu düşünülür. Yəni təqribən 120 milyard kubmetr. Bu, o deməkdir ki, AÇG Azərbaycanın həcmcə Şahdəniz, Abşeron, Ümid yataqlarından sonra 4-cü qaz yatağına çevrilir.  

AÇG-dən təbii qaz hasilatına 2025-ci ildən başlanması və onun həcmlərinin sonrakı illərdə artan xətlə inkişafı o anlama gələ bilərmi ki, Azərbaycanın neft erası artıq həqiqətən başa çatır. Düzdür, neft hasilatı həcmləri bundan sonra nə qədər stabilləşmə cəhdləri edilsə də, azalmağa doğru gedəcək, amma bu o demək deyil ki, enerji tariximizin neft səhifəsini çevirmək dövrü yaxınlaşır. 

“Qarabağ” neft yatağının işlənməsi 

Azərbaycanın müstəqillik dövründə kəşf etdiyi ilk neft yatağı - “Qarabağ”ın işlənməsi gündəmə gəlir. 1998-ci ildə açılsa da, indiyə qədər əldən ələ keçsə də, amma işlənmə mərhələsinə qədəm qoyması baş tutmayan bu yatağımız deyəsən axır ki, bizim arzuladığımız tərəfdaşımıza yetişir.

bp və SOCAR sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Qarabağ neft yatağının işlənməsi üzrə anlaşma memorandumu imzalayıb. Sənəddə BP-nin Qarabağ yatağının işlənməsi üzrə sazişə qoşulmaq niyyəti qeyd olunur.

Orta hesabla bu yataqdan ildə 2-2,5 milyon ton neft hasil etmək mümkündür. Həmin həcmlər isə həqiqətən azalmağa doğru gedən Azərbaycan neftinin hasilatında stabilləşməyə yeni imkanlar yarada bilər. 

Bu, Azərbaycan Prezidenti İlham Əliyevin yaxın gələcəyə köklənmiş pozitiv baxışlarının nə dərəcədə real olduğunun göstəricisidir.

Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin