Qeyri-iş günlərində çalışan işçilərin maaşı necə hesablanmalıdır? – HÜQUQİ İZAH

Hazırda oxunan: Qeyri-iş günlərində çalışan işçilərin maaşı necə hesablanmalıdır? – HÜQUQİ İZAH

213401

Əmək Məcəlləsinə əsasən, bəzi xidmət müəssisələrinin işçiləri bayram və qeyri-iş günlərində işə cəlb oluna bilərlər. Bunlar əsasən dövlətin müdafiəsinin təmin olunması, hansısa təbii fəlakət, istehsalat qəzasının, həmçinin, su, qaz, kanalizasiya, rabitə və bu kimi müəssisələrdə xidmətin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaqdır.

Lakin bəzən bunların heç biri olmasa belə, bəzi müəssisələr bayram günlərində əməkdaşlarını işə cəlb edirlər.
 

MÖVZU İLƏ BAĞLI:

Gələn il nə qədər vətəndaşın maaş və pensiyası ARTACAQ?


Belə olduqda istirahət etməli olan işçiyə əməkhaqqı hansı qaydada ödənilməlidir?

Mövzu ilə bağlı hüquqşünas Aytac Qurbanova Bizim.Media-ya açıqlamasında bildirib ki, işçi qeyri-iş günündə işləyirsə, ona ən azı ikiqat əməkhaqqı ödənilməlidir:

“Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərin bayram, qeyri-iş və istirahət günlərində işə çağırılması halında onların əmək haqlarının ədalətli şəkildə ödənilməsini təmin edir. 

Əmək Məcəlləsinin 164-cü maddəsinə əsasən, işçi istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günündə işlədikdə, onun əmək haqqı ən azı ikiqat məbləğdə ödənilməlidir. Belə bir yanaşma işçilərin əmək şəraitini tənzimləyir və onlara əlavə motivasiya təmin edir. Bayram və qeyri-iş günlərində işə gəlməyin işçilər üçün könüllü xarakter daşıdığını vurğulamaq da vacibdir”.

Hüquqşünasın sözlərinə görə, bu qayda aylıq sabit maaşı olan və olmayan işçilərə də aiddir. O qeyd edib ki, tərəflər arasında razılaşma əsasında bu gün başqa günlə əvəzlənə bilər:

“Aylıq sabit maaşı olan işçilər üçün də eyni qaydalar qüvvədədir. Əgər belə bir işçi bayram və qeyri-iş günlərində işləyirsə, onun əmək haqqı da ən azı ikiqat ödənilməlidir. Bu, işçilərin hüquqlarının hərtərəfli qorunmasını təmin edən mühüm tənzimləmədir. Aylıq maaşı olan işçilər də əlavə əmək yükü halında qanunla tələb olunan bu ikiqat əmək haqqını almaq hüququna malikdirlər.


İşəgötürən və işçi arasında qarşılıqlı razılıq əsasında işçinin istirahət günü başqa bir günə dəyişdirilə bilər. Əgər bu dəyişiklik həyata keçirilərsə, əlavə ödənişin edilməsi tələb olunmur. Bu qayda, istirahət günündə işləyən işçilərin hüquqlarının qorunması və ədalətli şəkildə mükafatlandırılmasını təmin edir”.

Günay Şahmar, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin