Kənd təsərrüfatı nazirinin müavini Elçin Zeynalov ölkəmizdə səfərdə olan Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Akram Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Bizim.Media-ya bildirilib ki, nazir müavini ölkələrimiz arasında münasibətlərin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyini və bu münasibətlərin qarşılıqlı iqtisadi əməkdaşlığı inkişaf etdirməyə böyük təkan verdiyini diqqətə çatdırıb.
Azərbaycanın Özbəkistanla bütün sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu deyən E.Zeynalov əsas hədəflərdən birinin kənd təsərrüfatı məhsullarının ticarət dövriyyəsini artırmaq olduğunu söyləyib.
O, həmçinin müasir texnologiyaların transferinin, aqrar təhsil və aqrar tədqiqatlar sahəsində hər iki ölkənin əməkdaşlıq etməsi üçün böyük potensial olduğunu vurğulayıb.
Özbəkistanın investisiyalar, sənaye və ticarət nazirinin müavini Akram Əliyev ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün hüquqi-normativ bazanın yaradıldığını, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin kənd təsərrüfatı sahəsində əməkdaşlığa böyük töhfə verdiyini deyib.
Özbəkistan nümayəndə heyətinin bu ilin mayında Bakıda keçirilən “Caspian Agro 2024” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirakını xatırladan nümayəndə heyətinin rəhbəri bu cür sərgilərin kənd təsərrüfatı üzrə ixtisaslaşmış şirkətlər və iş adamları arasında ikitərəfli əlaqələrin qurulması və inkişaf etdirilməsi baxımından mühüm platforma rolu oynadığını bildirib.
Görüşdə kənd təsərrüfatı məhsullarının dövriyyəsinin artırılması, bitkiçilik, meyvəçilik, ipəkçilik, aqrar təhsil, aqrar tədqiqatlar və digər sahələrdə əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər bu kimi görüşlərin əməkdaşlığın genişləndirilməsində mühüm rol oynadığını, eləcə də qarşılıqlı müzakirələrin davam etdirilməsinin zəruriliyini qeyd ediblər.
Bizim.Media