Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında
Yola saldığımız həftə Azərbaycanın enerji həyatında istər daxili bazarında, istərsə də xarici bazarlarla təmaslarda xeyli hadisələrlə zəngin oldu. Bu da Azərbaycana olan marağın daha da artmasına dəlalət edən amildir.
Oksfordda duyulan Azərbaycan enerjisi
İyulun 18-19-da Böyük Britaniyanın Oksford şəhərində “Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısına dəvət edilən Azərbaycan Prezidenti İlham Əliyev burada 6 ölkənin prezidenti, 5 ölkənin hökumət başçısı və NATO Baş katibi ilə görüşlər keçirdi.
Aparılan danışıqlarda ikitərəfli münasibətlərin inkişafı zamanı Azərbaycanla enerji sahəsində əməkdaşlıq xüsusilə diqqət çəkmiş, bu sahədə əlaqələrin bundan sonrakı dövrdə də inkişaf etdirilməsinə dair fikir mübadiləsi edilmişdi. Azərbaycan Prezidenti tədbir çərçivəsində “Enerji və bağlantı” mövzusunda keçirilən dəyirmi masadakı çıxışı zamanı Avropa ilə enerji əlaqələrinə dair bir sıra proqnoz göstəricilərinin artıma doğru yeniləndiyini vurğulayıb.
“2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr təşkil edəcək”, deyə Azərbaycan Prezidenti bəyan edib.
Qeyd edim ki, buna qədər açıqlanan proqnozlara görə, Azərbaycan cari ildə 24 milyard kubmetrdən çox qaz ixrac etməyi planlaşdırır və bu həcmlərin 12 milyard kubmetri Avropanın payına düşməli idi. Göründüyü kimi artıq göstəricilər bir qədər artırılıb. Bu da Azərbaycanın cari ilin ilk yarısında əldə etdiyi uğurlu nəticələrdən qaynaqlanır. Artıq Azərbaycanın qaz ixracının 51%-i Avropa bazarının payına düşür.
İlham Əliyev tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, Azərbaycanın təbii qazını səkkiz ölkə alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. İki ölkə isə İttifaqa daxil olmaq üçün namizəd statusuna malikdir - Gürcüstan və Serbiya, eləcə də Türkiyə.
Prezident Əliyev həmçinin Azərbaycanın qaz ixrac coğrafiyasının Avropada genişlənməsi mövzusuna toxunaraq maraqlı bir məlumatı bölüşüb:
“Dünən (iyulun 17-də) Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisə baş verib. Ümid edirik ki, biz bir neçə aya Sloveniya qaz bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”.
Daha sonra dövlət başçımız bəyan edib ki, “Avropa Komissiyası Azərbaycanı enerji üzrə etibarlı tərəfdaş və ümum-Avropa qaz təchizatçısı adlandırmışdır. Bu, çox böyük məsuliyyətdir və əlbəttə ki, biz yalnız Avropaya 2027-ci ilə qədər ildə 20 milyard kubmetr qazla təchiz etmək üzrə öz öhdəliyimizi yerinə yetirmək üçün əlimizdən gələni etməyə çalışırıq. Bu, bizim hədəfimizdir. Bizim resurslarımız və infrastrukturumuz var. Yeni tərəfdaşlarla, əsasən Sloveniya və Slovakiya ilə danışıqlar prosesini sürətləndirməliyik, həmçinin mövcud bazarlara qaz təchizatımızın artırılması üzərində çalışmalıyıq”.
Sloveniya ilə ilk qaz əməkdaşlığı sənədi
17 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Sloveniya Respublikasının ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Sloveniya arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, təbii qaz təchizatı sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb.
Görüş çərçivəsində SOCAR ilə Sloveniyanın ən böyük təbii qaz təchizatı şirkəti “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.
Görüşdən sonra yerli mediaya açıqlamasında Sloveniya naziri Kumer bildirib ki, Bakıda keçirilən görüşlər və imzalanan ilkin sənədlər Azərbaycan qazının tezliklə idxal edilməsi üçün imkanlar açır.
SOCAR maliyyə bazarına daxil olur
Bu həftə açıqlanan məlumatlardan aydın oldu ki, Azərbaycan Dövlət Neft Şirkəti "Azər-Türk Bank" ASC-nin səhmlərinin 51%-ni satın almağı planlaşdırır.
Bu məsələ 16 iyul 2024-cü il tarixində SOCAR-ın Müşahidə Şurasının növbəti iclasında müzakirə olunub.
Azərbaycan Respublikasının iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda ilk öncə “Hasilat və İşlənmə” biznes seqmenti üzrə görülmüş işlərə, əldə olunan nəticələrə və bu istiqamətdə atılacaq addımlara dair təqdimat edilib. Daha sonra isə görüşdə "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyətinin səhmlərinin 51%-nin əldə edilməsi və bununla bağlı növbəti addımlara dair təqdimat edilib və gündəlikdə duran digər məsələlər nəzərdən keçirilib.
SOCAR-a hazırkı şəraitdə qeyri-profil (yəni özünün əsas fəaliyyət sahəsində aid olmayan) aktivə malik olmaq lazımdırmı? Qeyd edim ki, enerji şirkətlərinin qeyri-profil aktivlərə malik olması bazarda yenilik deyil. SOCAR əvvəllər daha çox qeyri-profil aktivlərə malik idi və indi də portfelində belə qurumlar var. Məsələn, onun Azərbaycandakı strukturunda informasiya agentliyi var, həmçinin Türkiyədə internet xidməti (data) göstərən şirkəti mövcuddur. Rusiyada və Qazaxıstanda neft-qaz şirkətlərinin nəzarətində olan banklar da var.
Nədən maliyyə sektoruna enerji şirkətləri meyl edirlər? Bu, adətən o zaman baş verir ki, şirkətin qarşısında perspektiv layihələrin sayı artır, həm də onların həyata keçirilməsi üçün borclanma (kredit) məsələsi daha da aktuallaşır. Bu baxımdan özünün maliyyə qurumu vasitəsi ilə bu məsələləri daha sərfəli şəkildə həll etmək imkanları qazanır.
Hindistan şirkətinin Azərbaycanda aktivləşməsi
Ermənistanla hərbi-siyasi münasibətlərini artan xətlə inkişaf etdirən Hindistan Azərbaycanla iqtisadi əlaqələrini inkişaf etdirməyə üstünlük verir. Bu həftə Hindistanın “ONGC Videsh” şirkəti Azərbaycandakı Azəri-Çıraq-Günəşli (AÇG) yataqları blokunda və Bakı-Tbilisi-Ceyhan neft kəmərində (BTC) öz payını artırılması məqsədi ilə Norveçin “Equinor” şirkəti ilə 60 mln. dollarlıq yekun alqı-satqı müqaviləsi imzaladığını elan edib.
Açıqlanan məlumata görə, “ONGC Videsh” AÇG-də 0,615% və “BTC Co” şirkətinin 0,737% səhmlərini özünün bütövlükdə törəmə şirkəti “ONGC BTC” vasitəsilə əldə edəcək.
Qeyd olunur ki, 60 milyon dollar dəyərində satınalmaların yaxın aylarda tamamlanacağı gözlənilir. Bu, “ONGC Videsh”in AÇG yatağında mövcud 2,31% iştirak payına və BTC boru kəmərində 2,36% paya əlavədir.
Xatırladaq ki, ötən ilin dekabrinda SOCAR tərəfindən AÇG, “Qarabağ” yataqları, həmçinin BTC layihəsi üzrə “Equinor” şirkətinə məxsus iştirak paylarının alınmasına dair sənədlər imzalanıb. İştirak paylarının alqı satqısına qədər, “Equinor” AÇG neft yataqlarında 7.27%, BTC boru kəmərində 8,71%, “Qarabağ” yatağında isə 50% iştirak payına malik olub. SOCAR-ın iştirak payı isə AÇG-də 25%, BTC-də 25%, “Qarabağ” yatağında isə 50% təşkil edib.
Qeyd edək ki, “Equinor” şirkətinin Azərbaycanda aktivlərinin SOCAR-a satışı üzrə əqdlərin 2024-cü ildə başa çatdırılacağını gözləyir.
Neft hasilatının stabilləşməsi
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlardan aydın olur ki, Azərbaycanda artıq maye karbohidrogenlərin (neft və kondensat) hasilatında nəhayət ki, stabilləşməyə nail olunub. Belə ki, iyun ayında ölkədə 2,5 milyon ton neft və kondensat hasil edilib ki, bu da may ayı ilə müqayisədə 100 min ton çoxdur. May ayında hasil edilən həcmlər isə apreldəkindən təqribən 100 min ton çox olmuşdu. Mart ayında isə hasilat həcmləri iyundakı kimi 2,5 milyon ton civarında qeydə alınmışdı.
Maye karbohidrogenlərin hasilatının cari ildə stabilləşməsi təkcə qaz yataqlarından əldə edilən kondensat həcmlərinin artımı hesabına baş vermir, artıq neft həcmləri də əvvəlki aylara nistəbən daha çox çıxarılmağa başlayıb. Bunun səbəbi isə aprel ayından başlayaraq bp və tərəfdaşlarının “Azəri-Çıraq-Günəşli” yataqlar blokundakı yeni hasilat platformasını istismara vermələri ilə əlaqədardır. Hazırda gündəlik platformadan 8 min barel neft hasil edilir, amma ilin sonundadək hasilat həcmləri 3 dəfədən çox artaraq 27 min barelədək artmalıdır. Və bu proses gələn il də davam edəcək. Beləliklə, 2020-ci ildən başlayan neft hasilatının kəskin azalması nəhayət ki, 2024-cü ildən yavaşlayacaq və stabilləşmə mərhələsinə daxil olacaq.
Bunun isə Azərbaycanın gəlirlərinə müstəsna əhəmiyyəti var. Çünki ölkə iqtisadiyyatının əsas gəlirləri hələ ki, məhz neft sektorunun üzərində cəmləşib.
Neftin gətirdiyi gəlirlər
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu həftə cari ilin ilk yarısı üzrə fəaliyyətə dair açıqladığı hesabatdan məlum oldu ki, 2024-cü il iyun ayının 30-na ARDNF-nin aktivləri 2024-cü ilin əvvəlinə (56 069,7 milyon ABŞ dolları) nisbətən 3,4% artaraq 58 000,6 milyon ABŞ dolları təşkil edib.
2024-cü ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 9 254,9 milyon manat, büdcə xərcləri isə 6 414,4 milyon manat olub.
Fəaliyyətə başladığı vaxtdan (2001-ci ilin iyun) cari ilin ikinci rübünün sonunadək Neft Fonduna daxilolmalar 202,1 milyard ABŞ dolları təşkil edib.
Bu müddət ərzində Hasilatın Pay Bölgüsü Sazişləri üzrə mənfəət neftinin və qazının satışından əldə olunan gəlirlər 189 milyard dollar və ya Neft Fondunun ümumi gəlirlərinin 93,5%-ni təşkil edib.
Bundan əlavə, bu müddət ərzində Neft Fondu öz aktivlərinin idarə edilməsindən 13,1 milyard dollar qazanc əldə etməyə nail olub.
Ümumilikdə isə ARDNF-dən 141,1 milyard dollar xərclənib, Azərbaycanın dövlət büdcəsinə transfertlər onun əsas hissəsini təşkil edib - 128,9 milyard dollar, Azərbaycan Mərkəzi Bankına transfertlər isə 2 milyard 323,2 milyon dollar olub.
Bizim.Media