“JEK”- bələdiyyə QARŞIDURMASI - Əmlak vergisini kimə verək? 

Hazırda oxunan: “JEK”- bələdiyyə QARŞIDURMASI - Əmlak vergisini kimə verək? 

20140

Azərbaycanda mülkiyyət münasibətlərinin tənzimlənməsində hələ də Sovet modelindən istifadə edilir. Əhalinin yaşadığı mənzillərin böyük əksəriyyətinin özəl olmasına rəğmən, onun idarə edilməsi dövlətin inhisarındadır. Bu isə mənzil mülkiyyətçilərinin Konstitusiya hüquqlarını birbaşa pozur. Xeyli müddətdir ki, iki fərqli qurumun əhalidən əmlak vergisi tələb etməs ilə bağlı şikayətlər çoxalır.

Sakinlərin sözlərinə görə, həm Mənzil-Kommunal İstismar Sahələri (JEK), həmçinin də bələdiyyələr tərəfindən onlara borc bildirişləri gəlir. Hansı qurumun əmlak vergisi tələb etmə səlahiyyətinin olması isə sakinlərə tam olaraq bəlli deyil. 

Qeyd edək ki, “JEK”-lərin qanunvericilikdə ləğvi nəzərdə tutulsa da, bu qurum fəaliyyətini hələ də davam etdirir.

Mənzil Məcəlləsi MİS-lərin fəaliyyətini qadağan edir. Yəni bu Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur. Bundan əlavə ölkə başçısı İlham Əliyevin 30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna etdiyi dəyişikliyə əsasən mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Bu isə o dməkdir ki, MİS-lər əhalidən mənzil pulu da yığa bilməzlər. Çünki “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 14-cü maddəsində birbaşa göstərilir ki, dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə ancaq müqavilə əsasında xidmət göstərə bilər.
 

Ancaq hələ də Mənzil İstismar Sahələri sakinlərdən mənzil haqqı və digər kommunal ödənişlər yığır. Ən xırda problemlər isə mənzil mülkiyyətçisinin öz vəsaiti hesabına həllini tapır.


Bələdiyyələr də “JEK”lərin əmlak vergisi missiyası ilə məşğuldur. Ayrı-ayrı bələdiyyələr vətəndaşlara göndərdikləri bildirşlərlə istifadələrində olan torpaq və əmlakın vergisini ödəməyi tələb edirlər. Hansı ki, bələdiyyələrin büdcəsi bu vergilərdən formalaşır. 

Qeyd edək ki, "Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında" qanun 2001-ci ilin dekabrında qüvvəyə minsə də, onun tətbiqinə 2015-ci ilin yanvarında edilən dəyişikliklərdən sonra başlanılıb. Bələdiyyələr vergini həmin qanunun son variantına və qanundan irəli gələn əsasnamələrin tələblərinə əsasən toplayırlar.

İqtisadçı-alim Nazim Bəydəmirli Bizim.Media-ya açıqlamasında deyib ki, qanunvericiliyə uyğun olaraq fiziki şəxslərdən torpaq və əmlak vergisi təbii ki, yerli bələdiyyələrə aiddir.

Mənzil İstismar Sahələri əslində Sovet idarəetməsindən qalma bir sahədir:

“2009-cu ildə Mənzil Məcəlləsi qəbul olunduqdan sonra çoxmənzili binaların əsas olaraq istismarını həm də o binaların sakinləri müxtəlif təşkilatlanma yolu ilə özləri həyata keçirə bilərlər. Buna qanun icazə verir. Ona görə də “JEK” lərə təmizlik, lift, təmir pulu adı altında kifayət qədər pullar xərclənir. Elə illər olub ki, dövlət büdcəsindən bu vəsait 700-800 milyon manata çıxır. Demək olar ki, Sovet sistemindən qalan çoxmənzilli binaların hamısının mülkiyyətçiləri artıq insanlardır. Onlar təşkilatlanıb, lazımi işləri özləri görə bilirlər. Yerli icra hakimiyyəti orqanları “JEK” ləri əllərində saxlayaraq, onlardan öz məqsədləri üçün istifadə edir və bələdiyyələrin fəaliyyətinə maneçilik törədirlər. Həmçinin sakinlərin təşkilatlanmasına imkan vermirlər. Hesab edirəm ki, bu, yolverilməzdir. Hər rayonun “JEK” ləri əslində “dəyənək” rolunu oynayırlar”.

Nazim Bəydəmirli əlavə edib ki, yerli icra hakimiyyətləri bəzi əraziləri zəbt edib dövriyyədən də çıxarırlar:
 

“Hətta yaşıllıqları məhv edirlər. Bina sakinləri olaraq bu hallarla çox qarşılaşırıq. Bu səbəbdən sakinlər yaşadıqları ərazidə öz problrmləri həll edə bilmirlər. Əksər liftlər çox bərbad vəziyyətdədir.


Təmiri üçün kifayət qədər pullar ayrılsa da, təyinatı üzrə sərf edilmir. Elə bu səbəbdən də müasir standartlara gətirilə bilmir. Bir sözlə ikilistandart mövcuddur. Aşağı-yuxarı bütün icra hakimiyyətləri bu msəələdə pis mövqedə dayanıblar. Fikrimcə Mənzil İstismar Sahələri ləğv olunmalıdır. Bazar iqtisadiyyatı şəraitində insanlar öz xərclərini və nəzarət imkanlarını tanımalıdırlar”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin