Elektromobillərə MARAQ ARTIR – Bəs qiymətlər necədir?

Hazırda oxunan: Elektromobillərə MARAQ ARTIR – Bəs qiymətlər necədir?

199899

Son illər elektromobillərə maraq artıb. Əgər 2021-ci ildə ölkəyə 12,9 min ədəd hibrid avtomobil idxal olunubsa, 2023-cü ildə bu göstərici 14,1 min ədəd təşkil edib. Elektromobillərin idxalında isə kəskim artım qeyd olunub. Belə ki, 2021-ci ildə elektromobillərin ölkəyə idxalı 0,2 min səviyyəsində idisə, 2023-cü ildə bu göstərici 3,1 min ədədə yüksəlib.

Nəzərə alaq ki, hibrid və elektromobillərin ölkəyə daha çox gətirilməsi üçün hökümət davamlı olaraq stimullaşdırıcı tədbirlər həyata keçirir.  Bu avtomobillər bir sıra vergi və gömrük rüsumlarından azad olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Elektromobil almaq istəyənlər üçün MÜHÜM AÇIQLAMA


Amma bütün bunlara rəğmən ölkəmizə gətirilən hibrid və elektromobillər qonşu ölkələrlə müqayisədə daha bahadır.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, ümumi götürəndə elektromobillər qonşu ölkələrlə müqayisədə Azərbaycanda daha bahadır:

“Məsələn, məşhur “Tesla X” modelini müqayisə etsək bunun əyani sübutunu görə bilərik. Belə ki, bu model avtomobillər Azərbaycanda orta hesabla 50 min dollaradır. Halbuki, Gürcüstanda “Tesla X” modeli  təxminən 40 min dollardır. Türkiyədə isə bu markadan olan avtomobillər cəmi 38 min dollara satılır. Göründüyü kimi Gürcüstanla Türkiyə arasında qiymət fərqi cəmi 2 min dollardır. Bu yəqin ki, daşıma xərcləri ilə bağlıdır. 

Amma Azərbaycanla Gürcüstan arasında 10 min, Türkiyə ilə müqayisədə isə 12 min dollarlıq fərq var. Qiymətdəki fərqin bu qədər böyük olması çoxlu suallar doğurur. Baxmayaraq ki, Azərbaycan hökuməti  hibrid və elektromobilləri bir çox gömrük rüsumlarından azad edib. Bununla belə Azərbaycana gətirilən avtomobillər xeyli bahadır. Təkcə Türkiyə ilə müqayisədə bizdə yeni avtomobillər 25-30 faiz bahadır. Bu bahalığın səbəbi isə bəlli deyil”.

Müsahibimiz qeyd edib ki, əgər bu gün biz hibrid və elektromobilləri təşviq ediriksə, o zaman avtomobillərin qiymətinə yenidən baxmalıyıq:

“Elə bir orta xətt tutulmalıdır ki, Azərbaycandakı qiymət qonşu dövlətlərdən bir qədər ucuz, ən pis halda isə 5-6 faiz baha olsun. Amma 20-30 faizlik qiymət fərqi kifayət qədər ciddi məsələdir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin