Banklar bölgələrdəki kiçik sahibkarlara kredit vermək istəmir - SƏBƏBLƏRİ AÇIQLANDI

Hazırda oxunan: Banklar bölgələrdəki kiçik sahibkarlara kredit vermək istəmir - SƏBƏBLƏRİ AÇIQLANDI

19513

“Hökumət tərəfindən kiçik və orta müəssisələrin (KOM) dəstəklənməsi və inkişafının təşviqi üçün bir sıra tədbir görülüb. İllər ərzində bu sahədə ciddi irəliləyişlərin əldə edilməsinə baxmayaraq, KOM-lar çətinliklərlə üzləşməyə davam edir. Bu çətinliklər yüksək borcalma məsrəflərinə görə maliyyə vəsaitinə çıxışın və uzun müddətli maliyyənin çatışmazlığı, kreditorların müəssisələrin kredit qabiliyyətinə az dəyər verməsi, maliyyə savadlılığının zəifliyi, maliyyə qurumlarına etibarın aşağı olması və yetərsiz təminat ilə bağlıdır”

Bizim.Media xəbər verir ki, bu sözlərlə Asiya İnkişaf Bankı Azərbaycanda kiçik və orta müəssisələrin mövcud vəziyyətini dəyərləndirib.

Mövzu ilə əlaqədar iqtisadçı, millət vəkili Vüqar Bayramovla əlaqə saxladıq və vəziyyətdən hansı çıxış yollarının olduğunu soruşduq. Deputat bildirdi ki, kiçik sahibkarın maliyyə resurslarına çıxışı ilə bağlı çətinliklər qalmaqdadır:

“Xüsusən də, regionlarda fəaliyyət göstərən sahibkarların kreditlərə çıxış imkanları məhduddur. Mərkəzi Bankın rəsmi məlumatına görə, kommersiya banklarının təklif etdiyi kreditlərin 80 faizi paytaxtın, yalnız 20%-i digər bölgələrimizin payına düşür. Abşeron rayonunu da nəzərə alsaq, bütövlükdə digər bölgələrimiz kommersiya banklarının təklif etdiyi kreditlərin 17 faizini əldə etmək imkanı qazanırlar.

Bu da birbaşa ondan xəbər verir ki, regionlarda fəaliyyət göstərən sahibkarların kreditləri əldə etməsilə bağlı çətinliklər var. 

Bunun əsas səbəbkarından biri, məhz həmin sahibkarlardan paytaxtda və ya iri şəhərlərdə əmlak formasında girovların tələb olunmasıdır. O baxımdan, daha məqsədəuyğun olardı ki, regionlarda fəaliyyət göstərən sahibkarlar üçün girov mexanizminin təkmilləşdirilməsi həyata keçirilsin və bu da imkan versin ki, bölgələri əhatə edən sahibkarlar kreditlərdən daha sıx və səmərəli şəkildə istifadə edə bilsinlər. Bundan başqa kredit faizləri yüksək olaraq qalmaqdadır.

Bunun özü də sahibkarların kreditlərə çıxışına təsir göstərir. Yüksək kredit faizi problemli kreditlərin həcminə təsir göstərən faktorlardan biridir. 

Daha vacib məqamlardan biri ondan ibarətdir ki, banklar tərəfindən də kredit faizlərinin aşağı salınması ilə bağlı fəaliyyətlər davam etdirilsin. Bank sektorunda rəqabətin gücləndirilməsi, bütövlükdə kredit faizlərinin aşağı salınması reallaşsın ki, xüsusən də kiçik sahibkarlar daha geniş formada həmin kreditlərə çıxış imkanı əldə edə bilsinlər. Maliyyələşmə və kredit resurslarına çıxış sahibkarlığın inkişafı baxımından çox vacibdir.

Ona görə də düşünürəm ki, islahatların növbəti mərhələsində kiçik və orta sahibkarların maliyyələşdirilməsi məsələlərinin gücləndirilməsi prioritet istiqamətlərdən biri olacaq”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin