Mərkəzi Bankdan növbəti FAİZ QƏRARI – Manat UCUZLAŞACAQ?

Hazırda oxunan: Mərkəzi Bankdan növbəti FAİZ QƏRARI – Manat UCUZLAŞACAQ?

189897

Azərbaycan Mərkəzi Bankı (AMB) növbəti dəfə uçot faiz dərəcəsini endirib.

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə uçot dərəcəsi 7.5%-dən 7.25%-ə, faiz dəhlizinin yuxarı həddi 8.5%-dən 8.25%-ə endirilib. Faiz dəhlizinin aşağı həddini isə dəyişməyərək 6,25% saxlayıb.

Qeyd edilib ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəflə (4±2%) müqayisəsi, inflyasiya gözləntilərinin stabilləşməsi, risk balansında baş verən dəyişikliklər nəzərə alınmaqla verilib. Proqnozlaşdırılan inflyasiyanın aşağıya doğru dəyişdiyini nəzərə almaqla faiz dəhlizinin yuxarı həddinin və uçot dərəcəsinin azaldılması monetar şəraitin yumşalmasına yönəldilib. Aşağı həddin dəyişməz saxlanılması isə banklararası faizlərin dəyişkənliyinin azaldılmasına xidmət edir. 
 

MÖVZU İLƏ BAĞLI:

Mərkəzi Bank uçot dərəcəsini AZALTDI 


Görəsən, AMB-nin bu qərarı manatın məzənnəsinə necə təsir edəcək?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında iqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, indiki vəziyyətdə manatın dəyərinə hər hansı bir təhlükə yoxdur:

“Uçot dərəcəsinin dəyişdirilməsi institusional səviyyədə hər hansı bir qlobal inflyasiyanın qarşısını almaq məsələsində elə də ciddi alət deyil. Mərkəzi Bankın atdığı son addım daha çox banklararası qiymətli kağızlar bazarının idarəedilməsində hardasa müəyyən rol oynaya bilər. Amma həmin addımın manatın məzənnəsinə hər hansı bir təsiri yoxdur. 

Ölkəmizdə manatın məzənnəsinə başqa amillər təsir edir. 

Burada əsas rolu idxal-ixrac əməliyyatları arasındakı saldo və neft amili oynayır. Neftin qiyməti uzun müddətə aşağı düşərsə və ixrac-idxal əməliyyatında mənfi balans yaranarsa. Manatın ucuzlaşması da aktual olacaq və məcburiyyət qarşısında ucuzlaşmaya getməli olacağıq. İndiki vəziyyətdə isə manatın dəyərinə hər hansı bir təhlükə yoxdur. Bir çox göstəricilər manatın məzənnəsini dəstəkləyir. Makroiqtisadi tarazlıq və maliyyə dayanıqlığı yerindədir, kifayət qədər valyuta ehtiyatlarımız var. Ölkənin xarici borcu diversifikasiya olunmuş səviyyədədir”. 

İqtisadçı ekspert Natiq Cəfərli isə qeyd edir ki, Mərkəzi Bankın uçot dərəcəsilə manatın məzənnəsi arasında birbaşa əlaqə yoxdur. Həmsöhbətimizin fikrincə, MB-nin addımı yalnız biznes kreditlərinin ucuzlaşmasına stimul verə bilər: 

“Manatın məzənnəsi inzibati qaydada tənzimləndiyindən Mərkəzi Bankın addımı manatın məzənnəsinə birbaşa təsir göstərmir. Uçot dərəcəsi ancaq bir müddətdən sonra bank faizlərinə təsir göstərə bilər. Özəl banklar Mərkəzi Bankdan aşağı qiymətlərlə kredit alacaqsa, istehlak krediti deyil, yalnız biznes kreditləri az da olsa, ucuzlaşacaq”.

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin