Avropaya ixracımızın dəyişən SİMASI: “Qara qızıl”dan yaşıl enerjiyə... – İlham Şabanın ŞƏRHİ 

Hazırda oxunan: Avropaya ixracımızın dəyişən SİMASI: “Qara qızıl”dan yaşıl enerjiyə... – İlham Şabanın ŞƏRHİ 

189224

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Bu həftə biri birindən əhəmiyyətli o qədər xəbərlərlə zəngin olub ki, birini qoyub digərinin üzərindən sükutla keçmək mümkün deyil.

COP29-a Almaniyadan baxış

Xəzərin o tayından gəlmiş yüksək səviyyəli qonaqla – Qırğızıstan prezidenti Sadır Japarovilə işğaldan azad edilmiş torpaqlarımıza baş çəkdikdən, yeni bir təhsil ocağının təməlini qoyduqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Kansleri Olaf Şoltsun dəvəti ilə “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak etmək üçün aprelin 25-də Füzuli şəhərindən Almaniyaya işgüzar səfərə gedib.

Çox rəmzi bir marşrutdur. Qarabağımızdan Avropa İttifaqının ən nüfuzlu ölkəsinə gedən yol. Və İlham Əliyev Almaniyaya COP29 tədbirinə ev sahibliyi edəcək ölkənin başçısı kimi gələrək, orada həm Azərbaycanın baxışlarını açıqladı, həm də dünyada baş verən iqlim dəyişmələrinin qarşısının alınması üçün birgə səylərin ortaya qoyulmasının vacibliyini vurğuladı.

Bununla bağlı bir gün öncə isə Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayevlə Berlində keçirilən brifinqdə iqlim dəyişiklikləri ilə bağlı öhdəliklərin həyata keçirilməsinə toxunaraq bəyan edib ki, “Siz bizim dəstəyimizə arxayın ola bilərsiniz".

COP29-a həsr edilmiş Forum

Azərbaycan Prezidenti yola saldığımız həftə qlobal iqlim dəyişmələrini dünyanın 30 ölkəsindən gəlmiş 64 ekspertin iştirakı ilə ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda keçirilən beynəlxalq forumda da müzakirə etmişdi.

“COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir və biz hazırlığın fəal mərhələsindəyik. Bizim üçün COP29 çox böyük məsuliyyətdir”, - deyə dövlət başçısı burada söhbətin təkcə təşkilati məsələlərin həllində deyil, nəticələrin əldə edilməsindən də getdiyini söyləyib.

Yəni Azərbaycan başa düşür ki, o, iqlim dəyişikliyi ilə mübarizədə nümunə göstərməlidir və bununla bağlı tədbirlər milli inkişaf planının mərkəzi hissəsinə çevrilməlidir.

Və burada dövlət başçısı forum iştirakçılarının diqqətini çox maraqlı bir məqama çəkib. Beynəlxaq müstəvidə müxtəlif QHT-lər və medianın Azərbaycana qarşı əsassız hücumlarının olduğunu göstərib. Onlar Dubaydan sonra COP tədbirinə yenə də neft hasil edən ölkənin sədrlik etməsini həzm edə bilməyiblər.

“Sanki elə bilin ki, bu, bizim günahımız idi. Mənim isə onlara mesajım ondan ibarət idi ki, bizim neft ölkəsi olmağımız günahımız deyil. Baxın görün, biz bu resurslardan necə istifadə edirik. Biz bu resurslardan ölkənin inkişafı, yoxsulluğun azaldılması üçün necə istifadə edirik. Sonra baxın görün ki, biz ondan infrastruktur, yaşıl enerji üçün necə istifadə edirik”, deyə dövlət başçısı yanaşmanın necə qüsurlu olmasını göstərib.

Azərbaycanın enerji siyasəti

Bu məqamda Prezident Əliyev Azərbaycanın neft-qaz strategiyasının incəliklərindən danışır. Birincisi, Azərbaycanın həmişə enerji layihələrini siyasətdən ayırdığını söyləyir. Yəni bir layihəni icra edərkən onun kommersiya baxımından rentabelliyi daim öndə durur. İkincisi, Azərbaycan çalışır ki, enerji layihələri inteqrasiyaya xidmət etsin. Bizim bütün enerji layihələrimiz əməkdaşlığa aparır.

Bu gün Cənub Qaz Dəhlizi ilə əhatə olunan ölkələrə nəzər salsanız görərsiniz ki, bu ölkələrin bəziləri arasında münasibətlər heç də yaxşı deyil. Amma bu layihələr onları birləşdirir. Çünki ortada müştərək maraqlar mövcuddur. Burada uduzan tərəf yoxdur və nəticədə enerji sülhə doğru aparır.

Azərbaycan Prezidenti tarixə nəzər yetirərək bildirir ki, neft adətən müharibəyə, qan tökülməsinə gətirib çıxarır. “İndi isə biz paradiqmanı dəyişirik və hələ ki, buna müvəffəq olmuşuq”, deyə vurğulayır.

Cənab İlham Əliyev ilk dəfə açıqlayıb ki, Azərbaycanda keçiriləcək COP-un mövzusu beynəlxalq iqlim dəyişmələrinin qarşısını almaq üçün maliyyə məsələlərinin həllinə yönələcək. Biz neft və qaz hasil edən ölkələrin maliyyə töhfəsi üzrə əlaqələndirilmiş səylər göstərməliyik və bu, tamamilə obyektiv olacaq. 

Neft və qaza tələbat. Dövlət başçımız ənənəvi enerji daşıyıcılarına dünyada hələ uzun illər tələbat olacağını bildirib. Yəni hansısa tarixdə ondan tam imtina etməklə qlobal müstəvidə məsələnin həllinə nail olmaq həqiqətən sadəlövhlük olardı. Çünki dünya buna ona görə hazır deyil ki, bunu kimsə istəmir, sadəcə dünya iqtisadiyyatı qoyulan tapşırığın öhdəsindən gəlmək gücündə deyil. Axı neft, qaz və kömür kimi enerji ehtiyatları dünyada coğrafi baxımdan qeyri-bərabər bölündüyü kimi, ölkələr də inkişaf səviyyələrinə görə çox fərqlidirlər.

Bu baxımdan Azərbaycan Prezidenti çata bilinməyəcək bir nəticəni hədəfləməkdənsə, ən yaxşı həllin sinerji, yəni birgə fəaliyyətlə əldə edilən nəticəni yaradan yolda gördüyünü bildirib. Həqiqətən də çox rasional yanaşmadır.

Azərbaycanla Avropa arasında ziddiyyət

Azərbaycan Prezidenti daha sonra Avropada ənənəvi enerji daşıyıcıları ilə bağlı qoyulmuş məhdudiyyətlərə toxunub və ortaya çıxan ziddiyyətləri göstərib.

Onun sözlərinə görə, bir tərəfdən Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyir - bu məqsədlə təqribən iki il bundan əvvəl Avropa İttifaqı ilə Azərbaycan arasında energetika sahəsində strateji tərəfdaşlıq üzrə bəyannamə imzalanıb. Bu sənədə əsasən bizim Avropaya qaz təchizatımız 2021-ci ildə 8 milyard kubmetrdən 2027-ci ildə 20 milyard kubmetrə qədər artmalıdır.

“Bu, bir öhdəlik deyil, bu, bir hədəfdir. Biz bu hədəfə doğru gedirik”, deyə dövlət başçısı məsələnin mahiyyətini açıb.

Bu il Avropaya qaz təchizatımız təqribən 12 milyard kubmetr olacaq. Bu, 2021-ci illə müqayisədə 4 milyard kubmetr çoxdur. Beləliklə, Azərbaycan öz tərəfdaşları ilə daha çox investisiya qoyur, daha çox qaz hasil edir, lakin Avropa Komissiyası eyni zamanda ənənəvi enerji layihələrinin maliyyələşdirməsi üçün maliyyə institutlarına məhdudiyyətlər qoyur. Məsələn, Avropa İnvestisiya Bankı bu məsələni tamamilə portfelindən çıxardıb. Avropa Yenidənqurma və İnkişaf Bankı isə yalnız kiçik bir vəsait ayırıb.

Prezident bu yerdə məntiqi bir sual qoyur: “Avropa Azərbaycandan necə əlavə qaz əldə etmək istəyir ki, heç maliyyələşməni də təmin etmək istəmir”.

İkinci məsələ isə daha da maraqlıdır: Avropa Azərbaycandan daha çox qaz hasil etməyi və təchizatı daha da artırmağı istəyir. Amma Azərbaycana heç bir zəmanət vermir ki, bizim qazımıza uzun müddət ərzində tələbat olacaq. Beləliklə, biz yalnız 5-10 il üçün milyardlarla investisiya yatırıb sonra xərclərimizi geri qaytarmaya bilmərik.

Prezident konkret misal da göstərir: Cənub Qaz Dəhlizi və “Şahdəniz” layihəsinin 2-ci mərhələsinə yatırılmış investisiyalar bu gün hələ də qaytarılmayıb. Biz hələ də borc ödəyirik. Qaz satışından əldə etdiyimiz əsas vəsaiti borcun ödənilməsinə sərf edirik.

Qlobal bazarlar

Onu qeyd edim ki, qaz qiymətləri də Avropa bazarlarında sabit deyil və kəskin dəyişmələrə məruz qalır. Əgər 2022-ci ildə Avropada qazın orta qiyməti 1400 dollar həddini keçmişdisə, bir il sonra 492 dollara qədər ucuzlaşdı. Əgər biz başa vurduğumuz həftənin qiymət dinamikasına nəzər yetirsək, görərik ki, 330-355 dollar arasında dəyişir. Və boru kəməri ilə Avropa bazarına gələn həcmlər ildən ilə kəskin azalmağa başlayıb. Çünki rəsmi Brüsselin siyasəti qazın tankerlərlə Avropa bazarına daşınmasına dəstək verməsidir.

Avropaya yaşıl enerji ixracı

Azərbaycan müşahidə edir ki, Avropa İttifaqı “yaşıl enerji” siyasətinin irəliləməsi üçün necə ciddi-cəhdlə çalışır. Buna görə də Avropaya yaşıl enerji ixracı ilə bağlı masştablı bir layihəyə dəstək verib. Söhbət Qara dənizin dibi ilə Avropa bazarına uzanan ən uzun sualtı magistral elektrik xəttinin çəkilməsindən gedir. Enerjinin istehsalçısı kimi yenə Azərbaycan çıxış edəcək.

Avropa burada yenə tələb irəli sürür: göndərilən elektrik enerjisi neftdən və qazdan hasil edilməməlidir. Azərbaycan buna da razılaşır və bu sahədə inqilabi sayılacaq addımlar atır. Nədir onlar? Məlumdur ki, yaşıl enerjinin istehsalı bahalı prosesdir, yəni iri kapital qoyuluşu tələb edir. Hökumət isə bu sahəyə özəl yatırımları cəlb etmək istəyir və cəlb etməyə də nail olub.

Amma işlərin masştabını genişləndirmək üçün elektroenergetika bazarını 2028-ci ilin sonuna qədər dövlət tənzimlənməsindən tədricən çıxaracaq qanun qəbul edir. Söhbət elektrik qiymətlərinin bazar iştirakçıları tərəfindən formalaşdırılmasından gedir.  Bundan əlavə enerji effektivliyi haqda qanun da gündəmə gəlir ki, ölkə daxilində izafi istehlak yaranmasın.    

“Yaşıl” mənbəli layihələr

Artıq Azərbaycan ötən ilin oktyabrında ölkədə alternativ enerji mənbələri üzrə ilk iri elektrik stansiyasını istismara verib. Prezidentin açıqlamasına görə, bu il isə əlavə dörd günəş və bir külək elektrik stansiyasının təməli qoyulacaq və onların ümumi gücü 1300 meqavat təşkil edəcək. Onu qeyd edim ki, bu stansiyalar Biləsuvar, Neftçala, Cəbrayıl və Bakı ətrafında inşa ediləcək. Bu isə bizim potensialımızı 1500 və hətta ondan da artıq edəcək.

Bu, COP29 öncəsi deyərdim ki, yaxşı bir başlanğıcdır. Çünki bizim həm dənizdə, həm də quruda nəhəng külək və günəş elektrik enerjisi potensialımız var. Buraya su elektrik stansiyalarını da əlavə etsək, - sadəcə, Qarabağda və Şərqi Zəngəzurda son 3 ildə su elektrik stansiyalarının gücü 170 meqavata yaxın olub. Azərbaycan Energetika Nazirliyinin proqnozlarına görə, cari ilin sonunda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yaradılan enerji mənbələri hesabına illik 750 mln kVtsaat-dan çox elektrik enerjisinin istehsalı gözlənilir.

Azərbaycana atom enerjisi lazımdırmı?

Və bu yerdə Rusiyadan olan ekspert Azərbaycan Prezidentinə nüvə enerjisinin ölkəmizdə inkişafı ilə bağlı sual ünvanlayır. Yəni soruşmaq istəyir ki, “Rosatom” Türkiyədə nüvə reaktoru tikir, bəs burada da mümkündürmü?

Dövlət başçısı nüvə enerjisinin bir çox üstünlüklərinin olduğunu söyləməklə yanaşı onun çoxmilyardlı, bahalı enerji generasiya mənbəyi olduğunu da diqqətə çatdırır. Bəli, atom enerjisi heç bir enerji resursu olmayan ölkələr üçün cəlbedici ola bilər, çünki onlar onsuz da enerjinin idxalı üçün milyardlarla vəsait xərcləyirlər, amma enerji ixracatçısı olan ölkə üçün bu şaxələndirmə yox, deyərdim ki, izafi xərc maddəsidir.

Türkmən qazının nəqli

Prezident yenə də Türkmən qazının Azərbaycan vasitəsilə Avropaya çatdırılması sualı ilə qarşılaşıb və soyuqqanlı şəkildə qərarı qaz sahibinin, yəni Türkmənistanın verməli  olduğunu deyib.

“Əgər onlar Xəzərə, oradan da Azərbaycandan keçərək Avropaya gedəcək Transxəzər qaz kəmərini çəkmək barədə qərara gəlsələr, bizə müraciət edəcəklər. Bunu da etməyiblər. Biz isə bu layihənin təşəbbüskarı kimi çıxış etməyəcəyik”, deyə İlham Əliyev məsələyə növbəti dəfə aydınlıq gətirib.

Ermənistanın qaz təminatı

Prezident Forum iştirakçılarının marağına səbəb olan bir məsələyə də toxunub. “Biz Zəngəzur dəhlizi haqqında danışanda, onu təkcə dəmir yolu və ya avtomobil yolu kimi görmürük, o cümlədən onu potensial qaydada enerji əlaqəsi kimi də görürük. Çünki elektrik kabellərindən biri əgər Ermənistandan keçərsə ixrac imkanlarımızı artıra bilər. Bu əlaqə, hətta qaz boru kəməri də ola bilər, çünki bu gün Naxçıvana təbii qazı təchiz etmək üçün biz İranla razılaşmamıza arxalanırıq”, deyə İlham Əliyev bildirib.

Onun sözlərinə görə, əgər kəmər Ermənistandan keçərsə, hamı üçün faydalı olar və əlbəttə ki, çox xərclərə qənaət etmiş olarıq və dövlət başçısı regional əməkdaşlığın bölgə ölkələri ilə yaxşı münasibətlərə əsaslanmasını söyləyərək əlavə edib ki, “bu, Cənubi Qafqaz üçün ən yaxşı ssenaridir”.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin