Maliyyə Nazirliyinin verdiyi məlumata bu ilin I rübündə Azərbaycanın icmal büdcəsinin gəlirləri 12 milyard 612 milyon manat, xərcləri isə 9 milyard 263,1 milyon manat təşkil edib. Bunlar da, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 18,9 faiz az və 23,7 faiz çoxdur. Son nəticədə icmal büdcədə 3 milyard 348,9 milyon manat qalıq yaranıb.
Belə vəziyyətdə isə ortaya sual çıxır:
Dövlət Büdcəsinə yenidən baxıla bilərmi? Qalıq vəsait sosial istiqamətlərə, xüsusən də əmək haqlarının artırılmasına yönəldilə bilərmi?
Məsələ ilə bağlı danışan Millət vəkili Vüqar Bayramov Bizim.Media-ya bildirib ki, bir sıra əvvəlki illərdə profisit səbəbindən dövlət büdcəsinə yenidən baxılaraq dəyişikliklər edilib:
"“Büdcə Sistemi” haqqında Qanuna əsasən, may ayının 15-dən tez və oktyabr ayının 15-dən gec olmayaraq cari ilin dövlət büdcəsinə yenidən baxılması barədə Milli Məclisi qarşısında məsələ qaldırıla bilər. Bu isə o deməkdir ki, dövlət büdcəsində formalaşan profisit və eləcə növbəti dövr üçün fiskal proqnozlar nəzərə alınmaqla bununla bağlı qərar verilir. Bu kontekstdən, gözlənilir ki, hökumət tərəfindən fiskal dəyərləndirmə aparıldıqdan sonra bu istiqamətdə yekun qərar veriləcək”.
Millət vəkili onu da qeyd edib ki, 2024-cü ilin ilk aylarında da Dövlət Büdcəsi profisitlə icra olunurdu:
“Bunun əsas səbəbi neftin qiymətinin dünya bazarında yüksək olması və qeyri-neft sektorundan daxilolmalarla bağlı idi. Praktik olaraq hər iki mənbədən vəsaitin daha çox daxil olması Büdcədə profisitin yaranmasına gətirib çıxarıb. Nəzərə alaq ki, profisitin yaranmasına görə hökümətdə davamlı müzakirələr aparılır.
Amma növbəti dövrlər üçün də proqnozlar da çox önəmlidir. Xüsusən də neftin ilin ikinci yarısındakı qiymətlərini proqnozlaşdırmaq çox vacibdir.
Bütün hallarda yaranmış profisitlə bağlı hökümətin müvafiq qərar verəcəyi gözlənilir. Yəqin ki, o zaman biz də parlamentdəki müzakirələrdə bir sıra istiqamətlərə, o cümlədən də sosial istiqamətlərə daha çox vəsait ayrılmasının mümkünlüyünə baxılmasını təklif edəcəyik. Çünki profisit fərqli istiqamətlərin də maliyyələşdirilməsinə imkan yarada bilər”.
Surxay Atakişiyev, Bizim.Media