Naxçıvan MÖCÜZƏSİ: Yaşıl enerjiyə tam keçid necə reallaşdırıldı? – İlham Şabanın ŞƏRHİ

Hazırda oxunan: Naxçıvan MÖCÜZƏSİ: Yaşıl enerjiyə tam keçid necə reallaşdırıldı? – İlham Şabanın ŞƏRHİ

188093

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Yola saldığımız həftə dünya bazarlarında neft qiymətlərinin üzü aşağı getməsi ilə yadda qaldı.

Qlobal bazarlar

Aprelin 18-də Brent markalı neft ay ərzində minimum qiymətə satılmağa başladı – qara qızılın çəlləyi 87 dollardan da ucuz qiymətə təklif edilirdi. Ötən həftədən Yaxın Şərqdə siyasi gərginlik fonunda neft qiymətləri 90 dollar həddini aşmışdısa və İranın İsrailə kütləvi raket hücumundan sonra neftin bu həftə ucuzlaşması yalnız ilk baxışda qəribə idi.

Düzdü, İran İsrailə hava zərbəsi endirdi, amma bunun nəticəsində hansısa fəlakətli bir hadisə yaşanmadı. Çünki ilk dəfə idi ki, İranın dəqiq hücumu ilə bağlı Amerika KİV-ləri artıq 2 gün öncə külli-aləmi məlumatlandırmışdı. Yəni masştablı “hərbi əməliyyat” planı nəyi var şəffaflaşdırılmış, mümkün zərbə alanın qorxusuz-ürküsüz hala gətirilməsi üçün hərtərəfli işlər görülmüş və əməliyyat başa çatandan sonra məlum olmuşdu ki, rəsmi Tehran 1979-cu ildən diplomatik əlaqələrini kəsdiyi, yəni danışmadığı Amerikanı üçüncü tərəf vasitəsi ilə hər şeydən xəbərdar edibmiş. Sonra da rəsmi Vaşinqton başda olmaqla G7 kimi nəhənglər yığışıb İsrailə dil-ağız etdilər ki, “bir iş idi, olan oldu, keçən keçdi, İrana hərblə cavab vermə”.

Bütün bunlardan sonra kəllə-çarxa çıxardılan neft qiymətləri təbii ki, əvvəlki halına qayıtmalı idi. Yəni bazar iştirakçıları artıq əmin oldular ki, Yaxın Şərqi silkələyəcək yeni bir müharibə ocağı olmayacaq. Tərəflər bir-birlərini diplomatik müstəvidə didsələr də, onların yerdə dava-qırğına çıxmaq meylləri azdır.

Yeni neft platforması

Azərbaycanın enerji bazarında isə əsas hadisə yeni neft platformasında ilk həcmlərin hasilatının başlanması  idi. Aprelin 16-da Azərbaycanın neft sənayesi üçün müsbət təsirli ola biləcək, çoxdan gözlənilən bir hadisə reallaşdı. Söhbət “Azəri-Çıraq-Günəşli” dəniz yataqları blokunda sayca 7-ci hasilat platformasının istismara verilməsindən və “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə ilk neftin alınmasından gedir.

Bununla bağlı “bp-Azerbaijan” şirkətinin açıqlamasında yer alan bir fikir diqqətimi cəlb etdi: “bp-nin strategiyası bu günün enerji sisteminə, yəni “Azəri Mərkəzi Şərqi”  kimi layihələrin işlənməsinə və həm də gələcəyin enerji sisteminə sərmayə qoymaqdır”. Çünki bu fikirdə qabaqcıl texnologiyaların tətbiqi və yaşıl enerjiyə gedən yol görünür.

Açması isə ondan ibarətdir ki, sözügedən platforma bp kimi dünyanın enerji şirkətləri arasında yeri olan bir qurumun bu səviyyədə ərsəyə gətirdiyi ilk platformadır. Uzaq məsafədən idarə oluna biləcək bir dəniz platformasıdır. Cəmi bir nəfərin iştirakı ilə buradan hasilatı fasiləsiz həyata keçirmək mümkündür.

Düzdür, hələ orada neftçilər çalışır, amma üzü gedilən yol, mədənçıxarma sənayesi kimi həyat üçün riskli sayıla biləcək bir istehsalat sahəsində insan əməyini texniki vasitələrlə tam əvəz etməyə hesablanıb. Özü də söhbət təkcə insanları ağır iş şəraiti ilə müşayət edilən fiziki əməkdən qurtulmaqdan getmir. Həm də tətbiq edilən yeni texnoloji həllər hesabına, avtomatlaşdırmanın və süni zəka elementlərinin tətbiqi nəticəsində kifayət qədər enerjiyə qənaət edilməsinə nail olmaqdır. Bu isə ənənəvi enerji istehsalında karbon dioksidin hiss ediləcək səviyyədə azalması, yaşıl enerji kursunda götürülən öhdəliklərə əməl edilməsinin real göstəricisidir.  

Müqavilənin uzadılmasına gedən yol

Və deyim ki, bu yola çıxmaq heç də asan olmayıb. Çünki bunun ərsəyə gəlməsi təkcə AÇG layihəsi üzrə tərəfdaş şirkətlər və Azərbaycan Dövlət Neft Şirkətinin razılaşması ilə bitməyib. Bu məsələ Azərbaycan hökumətinin maliyyə məsələlərinə “hə” deməsi ilə də çərçivələnməyib, daha çox rəsmi Bakının 2024-cü ildə “əsrin müqaviləsinin” 30 illik müqavilə müddətinin başa çatmasından sonrakı dövrə olan baxışlarından qaynaqlanır, desəm yanılmaram.

“Azəri Mərkəzi Şərqi” layihəsi 2017-ci ildə AÇG müqaviləsinin uzadılması yönümündə atılan tarixi bir qərarın əsas hissəsi idi. Çünki 2015-ci ildə dünya bazarlarında neft qiymətlərinin əvvəlcə 100 dollardan 54 dollara qədər enişi, daha sonra 2016-cı ildə 30 dollardan aşağı həddə düşməsi fonunda ilk növbədə şirkətlərin investisiya siyasətinə böyük dəyişikliklər edilməsinə gətirib çıxartdı.

Əsasən də belə hallar idarəçiliyi səhmdar kapitalından ibarət olan şirkətlərdə özünü daha çox büruzə verirdi. Çünki səhmdarlar təlatümlü biznes mühitində xərcləri azaltmaqla divident qazanmaq imkanından yararlanmaq fikrində olurlar. Yadınızdadırsa, 2015-ci ilin sonlarında hətta Azərbaycanın neft-qaz layihələrindən bir-neçə tanınmış Qərb şirkətləri də paylarını satmaqla çıxmaq qərarı verdilər.

Belə bir şəraitdə Azərbaycan rəhbərliyi uzaqgörən iki addım atır. Birincisi, İlham Əliyev 2016-cı ilin yanvarında Davos Dünya İqtisadi Forumunda OPEC üzvü olmayan neft ölkələrinin də imkanlarından yaralanmaq fikrini irəli sürür və daha çox səyləri bir araya gətirməklə dünya bazarındakı vaxtaşırı yaşanan təlatümlərin qarşısının alınmasını təklif edir. Və çox keçmir ki, OPEC+ kimi qurum yaranır və bu günədək də Azərbaycan onun fəal iştirakçılarından olaraq qalır.

İkinci addım isə, Azərbaycan neftinin şah damarı rolunda çıxış edən, 1994-cü ildə ölkəmizin xarici şirkətlərlə sövdələşə bildiyi ilk layihə - “Azəri-Çıraq-Günəşli” yataqlarının sonrakı inkişafına yeni nəfəs gətirmək idi. Əslində bu nəfəs bilirsinizmi nədən ibarət idi? Layihə iştirakçılarında onun uzunmüddətli dövr üçün  cəlbediciliyini ortaya qoymaq. Yəni müqavilənin başa çatacağı zamanı gözləmədən şirkətlərə yeni qazanc imkanlarının olmasını göstərmək. Təbii ki, göstərmək azdır, gərək həm inandırasan, həm də razılığa gələsən. Bunlar asan məsələ deyil. 

Nəticədə 2017-ci ilin 14 sentyabrında “Azəri-Çıraq-Günəşli” layihəsinin müddəti 2050-ci ilədək uzadıldı. Azərbaycan Dövlət Neft Şirkətinin layihədə iştirak payı 25%-dək artırıldı. Şirkətlər isə AÇG üçün yeni sərmayələrin yatırılması öhdəliyi götürdülər. 2019-cu ilin 19 aprelində isə artıq 6 milyard dollar dəyəri olan “Azəri Mərkəzi Şərqi” layihəsi üzrə kommersiya sazişi təsdiq edildi.

Mənim dediklərimin canı da bundadır ki, düz 5 il sonra texniki və texnoloji baxımdan dünya miqyasında əhəmiyyətli sayılan bir mühəndis-layihə işi uğurla başa çatdı və ilk neft hasil edildi. Neft sualtı infrastruktur vasitəsi ilə 130 km məsafə qət edərək Səngəçal terminalına çatdırılır, burada ilkin emaldan keçəndən sonra anbarlara yığılaraq əmtəəlik hala keçirildikdən sonra Azərbaycanın əsas ixrac boru kəməri olan Bakı-Tiflis-Ceyhanla dünya bazarlarına daşınmaq yoluna çıxır. Ceyhandan isə alıcılara. Ötən il 22 ölkə bizim “qara qızılın” alıcısı olmuşdu. 

Layihənin operatoru olan bp şirkətinin açıqlamasına əsasən, cari ildə “Azəri Mərkəzi Şərqi” platformasından daha iki quyunun istismara verilməsi planlaşdırılır. Bunun hesabına artıq ilin sonunda platformada günlük neft hasilatı 24 min barelədək yüksələcək. Gələn il istismar quyularının sayı artırıldıqca, hasilat da artacaq. Platformanın layihə gücü gündə 100 min barel neft çıxartmağa imkan verir və belə həcmlərin əldə edilməsi üçün təqribən iki ilədək zamana ehtiyac duyulur.

Platforma gəlirli olacaqmı?

Çoxlarını belə bir sual maraqlandırır: yeni platformanın işə düşməsi Azəri-Çıraq-Günəşlidə hasilatın azalmasının qarşısını alacaqmı? Onu deyim ki, 7 mlrd barel ehtiyatı olan yataqdan artıq 4,3 mlrd barel neft çıxartmışıq və yeni platforma hasilatın azalmasının qarşısını almağa yetərli deyil, onun əsas gücü müqavilə sahəsində hasilatın aşağı düşmə templərinin azalmasına xidmət etmək olacaq.

Sosial şəbəkələrdə müzakirə edilən bir məsələ isə ondan ibarət idi ki, bu platformaya xərclənən 6 milyard dolları çıxarda biləcəyikmi, Azərbaycan ziyana düşməyəcək ki? Onu deyim ki, cəmiyyətin belə məsələlərə diqqət yetirməsi zənnimcə yaxşı haldır. Yenə müraciət edək layihənin operatorunun məlumatlarına. bp və tərəfdaşları bu platformadan istismar müddəti dövründə 300 milyon barel neft hasil etməyi planlaşdırırlar. Pessimist qiymət proqnozu ilə yanaşsaq, satacağımız neftin orta qiymətini 50 dollar götürsək, gələn gəlir 15 milyarddan az olmayacaq.

Kəşfiyyata sərmayələr

Onu da əlavə edim ki, yeni platformanın gətirəcəyi dividendlər göz altına alınmasaydı, nə bp, nə də layihənin digər iştirakçıları “Azəri-Çıraq-Günəşli” yataqlarında yaxın 5 il üçün  unikal texnoloji üstünlükləri ilə seçilən 4D seysmik geofiziki kəşfiyyat işləri üçün 370 milyon dollar sərmayə ayırmaq haqda qərar verməzdilər. Məqsəd isə gələcəkdə laylardan neftin daha effektiv çıxarılmasına nail olmaqdır. 

Bakı-Supsanın 25 illiyi

Bu həftə AÇG-yə sıx bağlı bir layihənin də tarixi gününü yaşamışıq. Söhbət Bakı-Supsa neft kəmərinin istismara verilməsinin 25 illiyindən gedir. Kəmər istifadəyə veriləndən bu ilin aprelinədək artıq 100 milyon ton neft nəql edilib.

Azərbaycan Dövlət Neft Şirkəti sosial şəbəkələrdəki səhifəsində “25 il əvvəl ulu öndər Heydər Əliyevin iştirakı ilə Bakı-Supsa neft ixrac kəməri istifadəyə verilib” deyə bu əlamətdar tarixi hadisəni yad edib.

Qeyd edək ki, 1999-cu il aprelin 17-də Gürcüstanın Qara dənizdəki Supsa terminalında “Çıraq” yatağından Azərbaycan neftinin ixracı üçün nəzərdə tutulan Bakı-Supsa neft kəmərinin istismara verilməsi mərasimi keçirilib. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 7 milyon tondan artıq olsa da, hazırda buraxıcılıq gücü 5 milyon ton təşkil edir. Rusiya ilə Ukrayna arasında müharibənin başlaması ilə Qara dənizdə risklərin yüksəlməsi ilə əlaqədar “Azəri-Çıraq-Günəşli” yataqlarının işlənməsinin səhmdarları müstəsna hallarda bu marşrutdan istifadə etmək qərarına gəliblər. 2023-cü ildə kəmər ilə cəmi 135 min ton Azərbaycan nefti nəql edilib.

Ötən ildən Qazaxıstan hökuməti öz neftini nəql etmək üçün Bakı-Supsa kəmərinə maraq göstərib. Bu ilin martında hökumətlərarası danışıqlarda bu mövzu da baxılan məsələlər siyahısında idi. Gürcüstan hökumətinin rəsmiləri də Bakı-Supsa kəmərinin bu il işə düşməsinə ümid etdiklərini bəyan ediblər. 

Naxçıvanın yaşıl enerjisi

İndi isə sizlərə neftlə ad çıxaran Azərbaycandan yaşıl enerji sahəsində əldə etdiklərimiz və edəcəklərimiz haqda məlumat vermək istərdim. Bu həftənin əvvəli sensasiya hesab ediləcək bir xəbər gündəmə gəldi. Naxçıvan Muxtar Respublikası 3 gün özünün elektrik enerjisinə olan ehtiyaclarını ənənəvi enerjidən istifadə etmədən ödəyə bilib. Onu deyim ki, belə bir hadisə indiyə qədər Azərbaycanda baş verməyib. Hansısa şəhər, qəsəbə və ya kəndin özünü yaşıl enerji hesabına hansısa saat ərzində belə təmin etməsini xatırlamıram.

Aprelin 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinə istinadən informasiya agentliklərinin yaydığı məlumatdan aydın olur ki, enerji təchizatı ilk dəfə olaraq 100 faiz alternativ və bərpa olunan enerji mənbələri hesabına təmin edilib. Yəni bu o deməkdir ki, muxtar respublika özünün elektrik enerjisinə tələbatını ödəmək üçün mavi yanacaqdan istifadə etməyib. O yanacaq ki, Bakıdan min bir əziyyətlə İranla dəyişiklik edilməklə 2005-ci ilin noyabrından Naxçıvan Muxtar Respublikasına çatdırılır. Ona görə də baş verən hadisə çox mühüm əhəmiyyətə malikdir. Çünki yaşıl enerjinin gücünə şəkk-şübhə edənləri inandırmaq üçün danılmaz faktdır.

İstərdim bu bölgənin enerji istehsalının nədən qaynaqlandığı ilə Sizləri daha ətraflı tanış edim. Ötən il Naxçıvan Muxtar Respublikasında 481 mln kVt/saat elektrik enerjisi istehsal edilib. Bu həcmin 325 milyon kVt/saatı istilik elektrik stansiyalarında, 95 milyonuı su elektrik stansiyalarında, 61 milyon kVt/saatı isə günəş elektrik stansiyaları tərəfindən istehsal edilib. Və diqqətinizə çatdırım ki, Azərbaycanda istehsal olunan günəş elektrik enerjisinin 76,8 faizi məhz Naxçıvanın payına düşüb.

Bu fakt məni Naxçıvanın günəş enerjisi ilə daha yaxından tanış olmağa sövq etdi.

Naxçıvan Dövlət Energetika Xidmətinin məlumatlarına görə, 2015-ci ildə Babək rayonunda ilk günəş elektrik stansiyası istifadəyə verilib, sonralar onun gücü 22 MVt-a qədər artırılıb. 2019-cu ildə Kəngərli rayonunda 5 MVt gücündə günəş elektrik stansiyası istismara verilib. Daha sonra daha iki rayonda günəşin enerjisini elektrikə çevirməyə başlayıblar və hazırda ümumilikdə muxtar respublikada 39 MVt gücündə günəş stansiyaları fəaliyyətdədir.

Onu qeyd edim ki, Naxçıvan Muxtar Respublikasının əlverişli günəş enerjisi potensialına malik olması xarici investorların da diqqətindən yayınmayıb. Hazırda Fransanın “TotalEnergies” şirkəti ilə 250 MVt gücündə, “Nobel Energy” şirkəti ilə isə 400 MVt gücündə günəş elektrik stansiyalarının tikintisi üzrə əməkdaşlıq edilir. Ümumilikdə isə 2028-ci ilə qədər burada 1500 MVt gücündə bərpa olunan və yaşıl enerji hesabına güclərin yaradılması planlaşdırılır ki, onun da 1000 MVt-nı Türkiyəyə ixrac etmək mümkündür.

Yəni yaşıl enerji təkcə dekarbonizasiya məsələlərində önə keçəcək bir sahə deyil, həm də enerji təhlükəsizliyi və kommersiyanın, qazancın vacib elementidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin