İran-İsrail gərginliyi enerji qiymətlərinə necə təsir etdi? – İlham Şabanın ŞƏRHİ 

Hazırda oxunan: İran-İsrail gərginliyi enerji qiymətlərinə necə təsir etdi? – İlham Şabanın ŞƏRHİ 

185928

Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatında

Bu həftənin ilk iş günü 1 aprelə təsadüf etdi. Yəni gülüş gününə. Amma qlobal bazarlarda pozitivlik ab-havası hiss edilmirdi. Hamı sanki nəsə bir gərginlik olacağını gözləyirdi. Və...

Qlobal bazarlar.

Həmin gün yerli vaxtla təqribən 17 radələrində İranın Dəməşqdəki konsulluq binası İsrail tərəfdən atılan raket hücumuna məruz qaldı, dağıntı və tələfat oldu. Bazar iştirakçıları sanki nəfəslərini dərib rəsmi Tehranın buna cavabını gözləyirdilər. İran prezidenti, daha sonra isə İranın ali dini rəhbərinin “İsrailin bu cinayəti cavabsız qalmayacaq” bəyanatı neft qiymətlərini elə sürətlə üzüyuxarı apardı ki... Neft qiymətləri az zamanda 87, 88, 89 həddini də aşa bildi. Aprelin 4-də isə neftin ən bahalı partiyası 91 dollar həddini keçməyə belə özündə enerji tapdı.

Bu hal mənə bilirsiniz nəyi xatırlatdı: ötən ilin 7 oktyabrında HƏMAS-ın İsrailə hücumundan sonra neftin 90 həddini keçməsinə. Necə deyərlər, siyasi gərginliyin enerjisi məhz ilk olaraq enerji daşıyıcılarının qiymətində özünü əks etdirir.

Bu həftə neft qiymətlərini qızışdıran bir hadisə də vardı. Bu, OPEC+ monitorinq komitəsinin iclasının nəticələri ilə bağlı idi.

Təşkilatın bəyanatında vurğulanıb ki, komitə bazar konyukturasını diqqətlə qiymətləndirməkdə davam edəcək və “OPEC və qeyri-OPEC ölkələrin hasilat imkanlarını” istənilən vaxt əlavə tədbirlər görməklə bazarı qane edəcək inkişaf yoluna çıxarmağa hazırdır.

Bəli, deyilən sözlər diplomatik tərzdə söylənilsə də, amma bazarda neft qiymətləri 90 dolları aşan zaman onun enişi üçün hansısa tövsiyələr etməyi lazım bilməyən təşkilat bazar iştirakçılarına deyir ki, narahat olmayın, qiyməti bu hala gətirən siyasi gərginlikdir, səngiyən kimi ona adekvat da eniş olacaq.

Onda sual yaranır: yaxşı, bəs nə zaman dünya illər boyu pozulmuş sabitliyi bərpa edəcək ki, neft də “stress” vəziyyətindən çıxıb tələb-təkliflə müəyyənləşən qiymətinə dönsün? Təbii ki, bu sual cavablandırılmır, şərh ediləndə isə dumanlı şəkildə olur. Dumanlı vəziyyətdə isə bazardan nə desən gözləmək mümkündür.

Proqnozlar

Amerikanın nüfuzlu “JP Morgan” bankının təhlilçiləri yaxın perspektivdə neftin bir barelinin qiymətinin 100 dollara yüksəlməsi ehtimalını da mümkün hesab edirlər. Qeyd edim ki, məhz bu bank fevralda Brent markalı neftin qiymətinin apreldə 90 dollar  səviyyəsinə qalxması barədə bazar iştirakçılarını xəbərdar etmişdi.

Onların fikrincə, neft tədarükünün OPEC+ tərəfindən azaldılması siyasətinin davam etdirilməsi may ayında bir barelin qiyməti 95 dollara yüksəldə bilər və OPEC-in 1 iyunda keçirilməsi planlaşdırılan iclasında neft qiymətlərinin aşağı salınması yolunda praktik qərarlar qəbul edilməzsə, onda sentyabra qədər neftin 100 dollara həddinə yaxınlaşması təəccüblə qəbul edilməməlidir.

Bəs qiymətin belə artımı Azərbaycanın gəlirlərinə necə təsir edir? Təbii ki, bahalı satılan neftin gəlirləri də çox olur.

Neft-qaz gəlirləri

Bu həftə sonu Azərbaycan Dövlət Neft Fondunun ölkənin ən iri neft və qaz layihələrindən I rübdə əldə edilən gəlirlərindən də bu aydın görünür. Əvvəlcə, qazdan başlayaq. Çünki “Şahdəniz” yatağından əldə edilən gəlirlər çox qeyri-adi təsir bağışlayıb.

Neft Fondu “Şahdəniz”in mənfəəti ilə əlaqədar 2007-ci ildən bu yana rastlaşmadığı bir hadisə ilə üzləşib. Təsəvvür edin ki, Şahdənizdən dövlətə çatan mənfəət ilk rübün nəticələrinə görə, 8,2 dəfə azalaraq cəmi 78,5 milyon dollar təşkil edib. Neft Fondu qiymətin nədən bu qədər azalmasını şərh etməyib. Amma görünən odur ki, Avropa bazarlarında qazın kəskin ucuzlaşmasının gəlirlərimizə təsiri düşündüyümüzdən də çoxdur.

Belə ki, fevralın ortasından sonra təqribən iki həftə qaz qiymətləri 300 dollardan aşağı qiymətə satılmışdı. Elə bu həftə də qazın hərrac qiymətləri 295 dollar ətrafında ticarət edilib. İki il öncə bu zaman isə qazımızı 6 dəfə bahasına satırdıq. Ona görə də 2022-ci ildə Şahdənizdən 1,44 mlrd dollar qazanc əldə edə bilmişdik.

Azəri-Çıraq-Günəşli blokunda da hesabat dövründə gəlirlərimiz aşağı düşüb. Şahdənizdən fərqli olaraq, burada neft qiymətlərinin artımı ilə gəlirlərimizin  artımını görmək mümkündür. Belə ki, gəlirlərin təsnifat cədvəlinə diqqət yetirsək görmək mümkündür ki, əgər yanvar ayında AÇG-dən daxilolmalar 387,6 milyon dollardan artıq olmuşdusa, artıq mart ayında gəıirlər 585,8 milyon dollara qədər yüksəlib. Yəni satış qiymətinin artımı gələn gəlirlərə kifayət qədər təsir edir. 

Ümumilikdə isə AÇG-dən gəlirlərin azalmasının səbəbi müqavilə sahəsindən çıxarılan neft həcmlərinin aşağı düşməsindədir. İndi bütün ümidlər yaxın günlərdə AÇG-də yeni hasilat platformasından ilk neftin alınmasınadır. Amma hasilatın stabilləşdirilməsi üçün təbii ki, müəyyən zaman gərək olacaq ki, istismar quyuları tam istifadəyə verilsin və hasilat layihə gücünə çatsın.

Bolqarıstana qaz ixracı

Azərbaycanın 2020-ci ilin son günündən Avropa məkanında qaz satışına başlaması ildən ilə artır, qazımızın təkcə alıcıları çoxalmır, həm də bizim qazın çatdırıldığı ölkələrin enerji təhlükəsizliyində tutduğumuz mövqelər də yüksəlir.

Bu həftə Bolqarıstanın Enerji və Su Tənzimləmə Komissiyasının (EWRC) açıqladığı proqnoza görə, apreldə Azərbaycan qazının ölkə daxili istehlakda xüsusi çəkisi 51,1% təşkil edəcək. Əvvəlki planlarda isə bu göstərici maksimum 33% səviyyəsinə çata bilərdi. Qeyd edim ki, 2023-cü ilin yekunlarına görə, Azərbaycan Bolqarıstan bazarında qaz təhcizatına görə birinci olub. “Avrostat”ın məlumatlarına əsasən, ötən il Azərbaycan Yunanıstan bazarında isə ikinci yerə yüksəlib.

Rumıniya ilə enerji əməkdaşlığı

Bu həftə əvvəli Azərbaycanla Rumıniya arasında keçirilən 8-ci hökumətlərarası birgə komissiyanın iclasında da enerji əməkdaşlığının genişləndirilməsi məsələləri diqqətdə olub.

SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bildirib ki, Dövlət Neft Şirkəti Rumıniya ilə imzaladığı qaz tədarükü müqaviləsini daha iki il uzada bilər. Əvvəl imzalanmış müqavilə əsasında, 2024-cü ilin 31 dekabr tarixinədək SOCAR Rumıniyaya 1 milyard kubmetrədək qaz tədarük edib.

Nəsirov daha sonra əlavə edib ki, son üç ildə SOCAR törəmə müəssisələri vasitəsilə Rumıniyaya 1,2 milyon ton neft məhsulları tədarük edib. SOCAR Türkiye vasitəsi ilə Rumıniyaya 1,1 milyon ton neft məhsulları və 33 min ton kimya məhsulları, “SOCAR Trading” isə 70 min tona yaxın neft məhsulları tədarük edib. O, həmçinin qeyd edib ki, SOCAR Rumıniyada hazırda 74 yanacaqdoldurma məntəqəsini işlədir və bu ölkədə 70 milyon avro sərmayə qoyub.

SOCAR-ın xarici ölkələrdə uğurlu fəaliyyəti, əsasən də neft-qaz infrastrukturunun istismarı, neft emalı və neft-kimya müəssisələrinin tikintisi və yenidənqurulması, neft və neft məhsullarının qlobal və lokal bazarlarda satışı üzrə əldə etdiyi nailiyyətlər digər ölkələrin şirkətlərini də Azərbaycan Dövlət Neft Şirkəti ilə əməkdaşlıqda maraqlı olmalarını ortaya qoyur.

Konqonun SOCAR-la razılaşması.

Bakıya rəsmi səfərə gələn Konqo prezidentinin Azərbaycan rəsmiləri ilə apardığı danışıqlarda da enerji əməkdaşlığı diqqət mərkəzində olub. Aprelin 4-də Bakıda yüksək səviyyəli danışıqların yekunlarına əsasən ikitərəfli əməkdaşlığın genişləndirilməsinə yönəlmiş sənədlər paketi imzalanıb. Onların arasında iki sənəd məhz SOCAR-la əməkdaşlıq məsələlərinə bağlıdır.

Sənədlərdən birincisi, SOCAR ilə Konqo Milli Neft Şirkəti (SNPC) arasında təlim haqqında Anlaşma Memorandumu”dur. Digər sənəd isə SOCAR-ın Konqo Milli Neft Şirkətinə məxsus neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqda şərtlər razılığıdır. Yəni keçmiş Fransız koloniyası olan bu Afrika ölkəsi ilə Azərbaycanın neft hasilatı arasında müəyyən oxşarlıqlar da var. Hasilata Qərb şirkətlərini də cəlb ediblər, dənizdə də neft çıxarırlar, düzdür həcmləri Azərbaycanın hasilatından iki dəfə azdır. Həm də Qərb şirkətlərinin xidməti kifayət qədər bahalıdır. Buna görə də Azərbaycanla qarşılıqlı maraqlar çərçivəsində neft sənayesində birgə layihələr həyata keçirmək niyyətindədirlər.

Alternativ enerji mənbələri

Neftin qürub çağını yaşayan Azərbaycan “yaşıl enerji” mənbələrinə diqqəti get-gedə artırır. Bununla bağlı energetika naziri Pərviz Şahbazov Asiya İnkişaf Bankının nümayəndə heyətini qəbul edərkən maraqlı məlumatlarla çıxış edib.

Nazirin sözlərinə görə, Azərbaycan 2027-ci ilə qədər bərpa olunan enerji mənbələrindən enerji istehsal edəcək 9 elektrik stansiyasını istismara verməyi planlaşdırır.

Görüş zamanı Azərbaycanda COP29 konfransı ərəfəsində (2024-cü ilin noyabrında) Bakıdakı Böyükşor gölündə Asiya İnkişaf Bankı ilə həyata keçirilən gücü 100 kVt olan fotovoltaik sistem layihəsinin istismara verilməsinin vacibliyi də qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin