Ölkədə və dünyada neft və qaz ətrafında baş verən hadisələr İlham Şabanın təqdimatınd
Novruz tətillərindən sonra Azərbaycan əsl bahar havasına qədəm qoyub. Elə Avropada da artıq yaz fəsli özünü göstərməkdədir. Havaların mülayimləşməsi isə birbaşa enerji daşıyıcılarının qiymətlərində özünü əks etdirir. Çünki ona tələbat ən azından məişətdə azalır.
Qlobal bazarlar
Bu həftə Avropa qaz infrastrukturu Assosiyasiyası açıqlayıb ki, Avropa İttifaqı üzrə yeraltı qaz anbarlarında olan ehtiyatlar 65,3 mlrd kubmetr həcmindədir və onlarda olan ehtiyatlar ümumi tutumun 59,2 faizini təşkil edir.
Nəticədə mart ayında London birjasında Niderlandda təhvil verilməklə satılan qazın qiyməti ortalama 300 dollar ətrafında ticarət edilib, ayın əvvəli və ortasında isə bundan da aşağı qiymətdə olub. Ötən il bu zaman isə qaz oralarda bilirsinizmi neçəyə satılırdı? 1000 kubmetri 500 dollardan baha idi.
Yəni bundan çıxarılan nəticə odur ki, hətta Avropa kimi onilliklər boyu Rusiya enerjisindən kifayət qədər yüksək səviyyədə asılı olan bir məkanda aparılan islahatlar, bazarda yaradılan rəqabət mühiti və yaradılan yeni infrastrukturun effektiv idarəçiliyi hesabına optimal qiymətə nail olmaq mümkündür.
“Azneft”də dəyişikliklər
Bayram tətillərindən sonra ölkəmizin enerji bazarının ən səs-küylü hadisəsi Azərbaycan Dövlət Neft şirkətinin əsas dayağı olan “Azneft” İstehsalat Birliyindən gəldi. SOCAR-da “Azneft”ə digər qurumlarla müqayisədə həmişə həssas yanaşıblar. Çünki dövlətin əlində olan neft və qazın çıxarılması bu qurumdan asılıdır.
Və bu baxımdan SOCAR-ın martın 28-də “Azneft”ə baş direktoru vəzifəsinə təyinatı maraqla qarşılandı. Özü də rəhbərliyə neft-qaz sənayesinə dərin izlərlə bağlı bir şəxsi gətirildi. Bu, “Ümid” yatağı istismar veriləndən onun min bir əziyyətini öz çiyinlərində çəkmiş Əli Qurbanovdur. Özü də neftçi ailəsindən çıxıb.
Amma elə zənn etməyin ki, 2019-cu ilin dekabrından “Azneft” İB-nə rəhbərlik edən Şahmar Hüseynov bu sahəyə daha az bağlı olub. Şahmar müəllim ümumiyyətlə, orta məktəbdən sonra neft mədənində külüngünü vuran, neft çıxara-çıxara da Ali məktəbdə təhsil almış bir neftçidir. Onun neft sənayesindəki zəngin təcrübəsi nəzərə alınaraq SOCAR prezidentinin müşaviri təyin edilib.
Mənim diqqətimi bilirsiniz nə çəkdi? Şahmar müəllim neftə necə ürəkdən bağlıdırsa, Əli Qurbanovun da enerjisi qaza bağlılığıdır.
Təsəvvür edin ki, SOCAR bütün fəaliyyəti dövründə 2010-cu ildə ilk dəfə yataq açır, özü də qaz yatağı. Elə bir yataq ki, indiyə qədər o dərinlikdən – 6 min metrdən nəinki heç nə çıxartmaq SOCAR-a müvəffəq olmamışdı, heç o dərinliyə gedib çıxmaq belə müşkül bir işə çevrilmişdi. Ona görə çox mürəkkəb geoloji struktura malik bu yatağa “Ümid” adı verildi.
İndi qalırdı “Ümid“i işlətmək. 2012-ci ilin sentyabrında yatağın istismarı başlayandan bu çətin vəzifə Əli Qurbanova həvalə edilir. Deyə bilərsiniz ki, axı burada nə çətin iş var, bp də, Total da Xəzərin daha dərin hissəsindən və daha dərin quyulardan qaz çıxarırlar. Elədir, amma fərq bilirsiniz nədədir? Biri var hasilatı 3 milyard dollarlıq platformadan həyata keçirəsən, kapitaldan da korluq çəkməyəsən, biri də var ondan 10 dəfədən çox ucuz vəsaitlə ortaya nəticə qoyasan. İkincisi, dərin qatlardan xammal çıxarılması texnologiyalarını almaqla yanaşı, onlardan kifayət qədər baş da çıxarda bilməlisən ki, yarı yolda qalmayasan.
Əli Qurbanovun 13 ilə yaxın “bp-Azerbaijan” şirkətində çalışması, hətta bir müddət bp şirkətinin Alyaskada apardığı əməliyyat işlərində qazma, hasilat və mədənlərdə əməliyyat risklərinin azaldılması işlərində çalışması bu işdə SOCAR-ın dadına çatdı, desəm yanılmaram.
“Ümid”ə bağlı ümidlər
Ona görə də SOCAR 2017-ci ildə “Ümid” yatağının gələcək istismarı və həmçinin onun yaxınlığında yerləşən “Babək” strukturunda kəşfiyyat işlərinin aparılması və işlənməsi üzrə müqavilə imzalayıb yaradılan “Umid Babək Əmliyyat Şirkəti”nə tərəddüd etmədən Əli Qurbanovu təyin edir.
Onun rəhbərliyi altında “Ümid” yatağında hasilatın artımı yönümündə bir sıra addımlar atılıb, şirkətin idarəçiliyinin kiçik bir kollektiv hesabına effektivliyi yüksəldilib, maliyyə göstəriciləri yaxşılaşdırılıb. Ən böyük uğuru kimi isə əməliyyat şirkətinin hasilat göstəricilərinin artımında əldə edilən nailiyyətlərdir.
“Ümid” yatağında qazın çıxarılmasında dönüş ili 2020-ci ilə təsadüf edir. O zaman əvvəlki illə müqayisədə hasilat 2,2 dəfə artırılır və ilk dəfə illik qaz hasilatı 1 milyard həddini keçir. 2023-cü ildə isə qaz hasilatını əvvəlki illə müqayisədə 64%-dək artırmaq mümkün olur, yəni 2 milyard kubmetrə. Bu il yenə də artım olacaq. Amma bizim “Ümid”dəki hədəflərimiz daha pozitiv göstəricilərə köklənib.
Elə bu yaxınlarda, martın 1-də Bakıda “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarını açılışı zamanı Azərbaycan Prezidenti İlham Əliyev çıxışda bəyan etdi ki, yaxın 3-4 il ərzində “Ümid” yatağından hasilat həcmləri 3 milyard kubmetrə qədər artırıla bilər.
Qeyd edim ki, 2012-ci ilin sentyabrından indiyə qədər “Ümid” qaz-kondensat yatağından 9 milyard kubmetr təbii qaz və 1,4 milyon ton kondensat hasilatına nail olunub.
TANAP
Bu həftənin əvvəlində Trans-Anadolu qaz kəmərini idarə edən TANAP A.Ş. fəaliyyətləri zamanı təhlükəsiz iş rejimində əldə etdikləri bir uğuru açıqlayıb. Məlumatda bildirilir ki, “30 iyun 2018-ci il tarixindən, yəni TANAP-ın istismara verildiyi gündən indiyədək kəmərlə 60 milyard kubmetr Azərbaycan qazı nəql edilib.
Qeyd edək ki, TANAP Türkiyənin və bəzi Avropa ölkələrinin enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayır.
TANAP-la daşınan qaz həcmlərinin bölgüsünə nəzər salsaq, görərik ki, indiyə qədər daşınan mavi yanacağın 42%-i Türkiyə bazarına, 58%-i isə Avropa İttifaqı ölkələrinə yönəlib. Bundan sonrakı illərdə isə Avropa bazarlarında satılan Azərbaycan qazının həcmləri artıma getməlidir. Çünki Cənub Qaz Dəhlizinin mərhələli şəkildə genişləndirilməsi məhz Avropadakı istehlakçıların Azərbaycan qazından istifadəsinə tuşlanıb.
Qaz satışında yeni alıcılar
Azərbaycan qazı hazırda Avropanın 4 ölkəsinə: Yunanıstan, İtaliya, Bolqarıstan və Rumıniyaya stabil nəql edilir. Cari ildə Serbiya və Macarıstan da Azərbaycan qazının alıcılarına çevriləcəklər.
S&P Global beynəlxalq reytinq agentliyinin mart hesabatında isə bildirilir ki, Cənub Qaz Dəhlizi genişləndirilərkən Azərbaycan qazının ilk idxalçıları sırasında yeni bir Avropa ölkəsi olacaq. Bu, Albaniyadır. Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir və onun 2026-cı ildən başlanması planlaşdırılır.
Göründüyü kimi Azərbaycan rəhbərliyinin zamanında uzaqgörən siyasəti nəticəsində kifayət qədər qaz infrastrukturuna kapital yatırıb özümüzlə istehlakçılar arasında stabil enerji ticarəti üçün imkanları gerçəkləşdirmişik. Bu kapitalı isə Azərbaycana əsasən “qara qızılımız” gətirib.
Neftin gətirdiyi qazanc
Təkcə “Azəri-Çıraq-Günəşli” yatağından dövlətə çatan mənfəətin dəyəri 170 milyard dollardan çox olub. Hazırda Azərbaycan neft həcmlərinin azalması dövrünü yaşayır. 2010-cu ilin sentyabrından hasilat üzü aşağı gedir və bundan sonra da artım ehtimalı yoxdur. Yəni laylarda olan neft ehtiyatları o zamana qədər çıxarılacaq ki, onlar kommersiya baxımından istehsalçı üçün cəlbedici olsun. Bunu indidən proqnoz etmək isə bir qədər müşküldür. Çünki bilinmir ki, 10 il, 20 il sonra bazarda hansı vəziyyət hökm sürəcək və qiymətlər hansı diapazonda dəyişəcək.
Hazırkı günün neft qiymətləri isə bizim üçün kifayət qədər əlverişlidir. Ceyhan temrinalından qlobal bazarlara çıxarılan Azeri Light markalı neftin qiyməti mart ayı ərzində 85 dollardan baha satılıb. Hələ 87 və 88 dollar həddini aşan qiymətlər də olub. Özü də bu qiymətlər FOB tipli müqavilələr üçündür. Yəni terminalda nefti tankerə yükləyirsən, vəssalam. Nəql və sığorta xərclərini satan qarşılamır.
Ona görə də əsas məsələ neftimizin gətirdiyi hər dolları daha rasional xərcləməkdir ki, onun ildən ilə azalmaqda olan qazancı müqabilində daha böyük nəticələrə nail olmaq imkanını əldən buraxmayasan.
Bizim.Media
- A-
- A
- A+
İqtisadiyyat
13:40 / 30.03.2024
“Azneft”də dəyişikliklər, qaz qiymətlərində ucuzlaşma... – İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: “Azneft”də dəyişikliklər, qaz qiymətlərində ucuzlaşma... – İlham Şabanın ŞƏRHİ
Hazırda oxunan: “Azneft”də dəyişikliklər, qaz qiymətlərində ucuzlaşma... – İlham Şabanın ŞƏRHİ
184863
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.