Fermer dövlət tərəfindən təyin olunmuş subsidiyanı 3 ildir niyə ALA BİLMİR? – Rəsmi AÇIQLAMA  

Hazırda oxunan: Fermer dövlət tərəfindən təyin olunmuş subsidiyanı 3 ildir niyə ALA BİLMİR? – Rəsmi AÇIQLAMA  

181063

Məlum olduğu kimi 2020-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı sahəsində çalışan fermerlərə öncədən müəyyən edilmiş məbləğdə subsidiyalar təqdim olunur.

Bunun üçün fermerlər mobil telefonlar, planşetlər və kompüterlər vasitəsilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) yaradılan şəxsi kabinetə daxil olaraq heç bir idarəyə getmədən subsidiya almaq üçün müraciət edə bilərlər.

Redaksiyamıza müraciət edən Bərdə rayonunun Mehdili kənd sakini Hilal Yaqub oğlu Qarayev 2021-ci ildən ona dövlət tərəfindən subsidiya verildiyini, amma məbləğin ona çatmadığını iddia edir.

Onun iddiasına görə, pul karta köçürülən kimi bloklanır:

“2022-2023-cü il üzrə dövlət tərəfindən təyin olunmuş subsidiya mənə verilmir. Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev nazirin qəbulunda olarkən mənə bildirdi ki, “sənin “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı"ın daşınmaz əmlakın dövlət reyestrindən keçməyib”. 

Halbuki “Torpağa mülkiyyət hüququna dair dövlət aktları 2020-ci ildə verilib və o vaxt heç kimin bu sənədi daşınmaz əmlakın dövlət reyestrindən keçməyib. 2020-ci ildə Bərdə rayonu üzrə bütün dövlət aktlarının surəti işlənib və onun əsasında subsidiya verilib. İki ildir dövlət aktlarını dəyişmişəm. Mənə maraqlıdır ki, sənədlərim yerində deyilsə, subsidiyanı təyin edib, sonra da niyə məbləğini tuturlar? Elə bil kartım oyun-oyuncaqdır... Məbləği karta vururlar, bir həftə sonra çıxarırlar, yaxud da bloklayırlar ki, çıxara bilməyim. 3 ildir başıma eyni vəziyyətdir. 

Bankdan yoxlatdırdım. Məlum oldu ki, məbləğ qeyri-müəyyən yerə köçürülür. Axı, niyə köçürülür? Əgər verdiyim bəyannamədə hər hansı səhvim olubsa, onlar subsidiyaya qadağa qoymalıdırlar. O zaman niyə hər il məbləği köçürüb, sonra da geri çəkirlər?! Subsidiyanın məbləği elə də böyük deyil. 58 manat 60 qəpik nağd ödənişdir, 177 manat isə nağdsız...Mənə maraqlı olan odur ki, bunu niyə köçürürsən, sonra da geri alırsan?!”

Şikayətçi qeyd edib ki, bundan əvvəl, taxıl, pambıq və yonca əkininə görə ona dövlət tərəfindən subsidiya təyin olunub və vaxtı-vaxtında məbləği alıb. 

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov Bizim.Media-ya açıqlamasında bildirib ki, vətəndaş bəyan yalnışlığına görə cərimə olunub:

“4 il bundan əvvəl əkin məlumatlarını yalnış daxil etdiyinə görə cəriməyə düşüb və ona ödənilmiş bəyana görə ödəniş 3 il ərzində geri çəkilib. Vətəndaş yonca bəyan edib. Yerində monitorinq aparılıb və əkini də yoncadır. Bu il may ayına qədər bəyan prosesi başa çatdıqdan sonra subsidiyası ödəniləcək”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin