Ət idxalında KƏSKİN ARTIM – Səbəb tələbatın çoxalmasıdır, yoxsa…

Hazırda oxunan: Ət idxalında KƏSKİN ARTIM – Səbəb tələbatın çoxalmasıdır, yoxsa…

181049

Xəbər verdiyimiz kimi yanvarda Azərbaycana 8 milyon 542 min ABŞ dolları dəyərində 4 min 410 ton ət idxal olunub. Dövlət Gömrük Komitəsinin məlumatına görə  ötən ilin müvafiq dövrü ilə müqayisədə 63.8 faiz artım olub. Ötən ilin yanvarı ilə müqayisədə ölkəyə idxal olunan ətin statistik dəyərində isə 1.7 dəfə artım qeydə alınıb.

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirdi ki, 2015-ci ildən bəri ət istehsalı ilbəil azalır:
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda ət istehsalı nə qədər ARTIB?


“Son 2 ildə isə bu sahədə antirekord qeydə alınıb. Hesab edin ki, yay aylarında bir qayda olaraq ətə tələbat azaldığına görə qiymətlər aşağı düşürdü. Çox təəssüf ki, 2023-cü ilin yayında bu ənənə pozuldu. Ət yay aylarında bahalaşmaqda davam etdi. Artan tələbatsa, təbii ki, idxala öz təsirini göstərir. Bu səbəbdən ət idxalı da aybaay artır”.

Həmsöhbətimiz yerli istehsalın azalmasının səbəblərindən də danışdı:

“Birincisi örüş yerlərinin azalmasıdır. Hazırda kənd yerlərində örüş yeri olmadığından heyvanlar ancaq tövlələrdə bəslənilir. Bu da məhsulun maya dəyərini artırır. Təbii ki, əksər kənd adamları da rəqabətə tab gətirə bilmədi, heyvanlarını dəyər-dəyməzinə satdılar. Nəticədə istehsal ciddi şəkildə azaldı. Ona görə də əhalinin qırmızı ətə olan ehtiyacı bu gün daha çox idxal hesabına ödənilir. Yəqin ki, yaxın aylarda da ət idxalı artacaq”. 

Akif Nəsirli hesab edir ki, ət idxalını azaltmaq üçün yerli istehsalı stimullaşdırmaq lazımdır:

“Hər bir kənd üçün örüş yerləri yaradılmalıdır. Rentabelsiz sahələrə diqqət azaldılmalıdr. Bundan başqa işğaldan azad olunmuş ərazilərin imkanlarından istifadə edilməlidir. Bildiyimiz kimi, tarixən Laçın, Kəlbəcər yaylaqları heyvandarlar üçün bir nəfəslik idi. Ən azından ilin 3-4 ayını insanlar öz heyvanlarını yaylaqlarda açıq örüşlərdə bəsləyirdi. Həmin örüş sahələri yenidən dövriyyəyə qaytarılsa, əminəm ki, yerli istehsal artacaq. Ən əsası da təbii örüş sahələri bütün rayonlar üzrə bərpa olunmalıdır. Bunun alternativi yoxdur”.

İqtisadçı ekspert Fuad İbrahimov isə idxalın artmasını tələbatın çoxalması ilə əlaqələndirib:

“Təəssüf ki, heyvan ətinə olan ehtiyaclarımızı hələ ki yerli istehsal hesabına ödəyə bilmirik. Bildiyimiz kimi, kənd təsərrüfatı sahələrinin şaxələndirilməsi sayəsində örüş sahələri dövriyyədən çıxdı. Örüşlərin azalması da yem bazasının kiçilməsinə səbəb olur. Ona görə də yerli istehsalda təkcə azalma yox, həm də bahalaşma var. İndiki halda idxal yerli tələbatın doğru-düzgün ödənilməsinə və qiymətlərin bahalaşmamasına xidmət edən amildir. Yerli tələbatı ödəmək üçün bu idxal bizə lazımdır. 

Amma biz daha çox istehsal üzərində düşünməliyik. Bunun üçün də kifayət qədər imkan var. Məsələn, işğaldan azad olan torpaqlarımızda təhlükəsizlik prosesi başa çatandan sonra sürətli inteqrasiya prosesi gedəcək. Hələ sovetlər dönəmində Laçın, Kəlbəcər və digər rayonlarda heyvandarlıq çox yüksək səviyyədə inkişaf edib. O ərazilərdə heyvandarlıq üçün unikal imkanlar var. 
Düşünürəm ki, balans mərhələli şəkildə bərpa olunacaq. Amma indiki vəziyyətdə idxal qaçılmazdır. Hazırda idxal qiymət artımının qarşısını alacaq hələlik yeganə amildir. Amma əbədi ola bilməz. Çünki bu faktor xaricə valyuta axınına da təkan verir. Ona görə də yerli resursları hərəkətə gətirməliyik”.

Surxay Atakişiyev, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin