Modernləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti yekunlaşır - FOTO

Hazırda oxunan: Modernləşdirilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti yekunlaşır - FOTO

180850

Orta Dəhlizin vacib seqmenti hesab olunan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttində aparılan təmir-genişləndirmə işləri yekunlaşmaq üzrədir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Bizim.Media-ya verilən xəbərə görə, dəmir yolu xəttinin Gürcüstandan keçən, uzunluğu 183 km olan mürəkkəb coğrafi relyefə malik sahəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işlərinin 95%-i uğurla yekunlaşıb. Sözügedən dəmir yolu xəttinin modernləşdirilməsinin əsas məqsədi Orta Dəhlizin rəqabətqabiliyyətini artırmaq və yüklərin əhəmiyyətli hissəsinin BTQ-yə cəlb edilməsidir.

Çin və Mərkəzi Asiya ölkələrindən quru yolla daşınan yüklərin ən qısa müddətdə Avropaya çatdırılmasında BTQ dəmir yolu xəttinin əhəmiyyəti olduqca böyükdür. Asiyadan gələn yüklərin Azərbaycan üzərindən biraşırımlı əməliyyatla Avropaya daha sürətli çatdırılması BTQ-nin regional nəqliyyat şəbəkəsindəki əhəmiyyətini daha da önə çıxarır.

Artmaqda olan yük tələbatını qarşılamaq üçün 2023-cü ildən başlayaraq layihə çərçivəsində kompleks təmir-genişləndirmə işlərinə başlanılıb, hazırda son tamamlanma işləri görülür.

Sözügedən ərazidə aparılan işlərlə yaxından tanış olmaq üçün 2 mart tarixində Azərbaycan, Gürcüstan və Türkiyə dəmir yolları idarələrinin rəhbərləri Rövşən Rüstəmov, David Peradze və Veysi Kurtun iştirakı ilə layihəyə birgə baxış keçirilib, layihənin qrafik üzrə vaxtında tamamlanması üçün yerində müvafiq müzakirələr aparılıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Rövşən Rüstəmov aparılan təmir-genişləndirmə işləri ilə bağlı bildirib ki, BTQ-nin çətin relyefə, dağlıq və meşəlik əraziyə malik Marabda-Kartsaxi sahəsində yol təsərrüfatının sağlamlaşdırılması, onun ötürücülük qabiliyyətinin artırılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi baxımından əsas işlər yekunlaşıb: “Məqsədimiz BTQ üzərindən yükdaşımaların həcmini ildə 5 milyon tona çatdırmaq, BTQ-ni Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməkdir. Mərkəzi Asiyadan, bütövlükdə isə Asiyadan Qərb istiqamətinə və əks istiqamətə göndərilən yüklərin həcminin artırılması artıq günün tələbidir, yeni reallıqdır. ADY modernləşdirilmiş BTQ dəmir yolu xətti ilə bu çağırışlara cavab verməyə, yükdaşımalar üzrə beynəlxalq səviyyədə rəqabətə hazırdır”.

Türkiyə dəmir yolları idarəsinin rəhbəri Veysi Kurt bildirib: "Bu gün artıq bir daha şahidi olduq ki, işlər həqiqətən də yüksək səviyyədə həyata keçirilir və yaxın zamanda biz yüklərin daşınmasına başlayacağıq".

BTQ layihəsi üzrə işlər 5 hissədən ibarətdir. Onlardan 3-nün tamamlanması həyata keçirilmiş və buna dair Gürcüstan Hökuməti tərəfindən rəsmi sənəd təqdim edilib.

Qeyd edək ki, Orta Dəhlizin ən vacib seqmentlərindən biri olan BTQ dəmir yolunun modernləşdirilməsi birbaşa Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən həyata keçirilir. Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində tikilmiş BTQ dəmir yolu xətti qısa müddətdə beynəlxalq nəqliyyat şəbəkəsində cəlbediciliyini artırıb, Şərqdən Qərbə və əks istiqamətdə yükdaşımalarda bu yoldan istifadəyə tələbat xeyli yüksəlib.












Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin