“Fermerlərə bu şərtlə güzəştli kredit veriləcək” – Komitə sədrindən AÇIQLAMA

Hazırda oxunan: “Fermerlərə bu şərtlə güzəştli kredit veriləcək” – Komitə sədrindən AÇIQLAMA

180129

“Ölkədə həyata keçirilən hər bir tədbir və ayrılan vəsaitlər aqrar sahənin inkişafına və fermerlərin fəaliyyətinin yaxşılaşmasına xidmət edir. Təkcə bu layihə deyil, dövlətin təqdim etdiyi layihələrin bir çoxu ölkədə kiçik və orta sahibkarlığın inkişafına böyük dəstək verir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağ və Şərqi Zəngəzurda sahibkarlara güzəştli kreditlər bu şərtlərlə veriləcək


“Bu, ümumi işin xeyrinə olacaq”

Akrar Kredit və İnkişaf Agentliyinin bu yaxınlarda fermerlərə dəstək üçün həyata keçirməyə hazırlaşdığı layihənin mahiyyətini şərh edən deputat, dövlətin həyata keçirdiyi bəzi tədbirləri diqqətə çatdırıb:

“Bunlar əsasən, fermer və sahibkarların bir çox vergilərdən azad olunması, eyni zamanda onların xərclərinin azaldılması ilə bağlı tədbirlərdir. Bunların hamısı ölkədə sahibkarlığın inkişafına xidmət edir. Əgər banklar müəyyən problemlərin həllinə kömək edirlərsə, bunun müqabilində fermerlərə lazım olan şəraiti yaradacaqlarsa, bu, ümumi işin xeyrinə olacaq”. 

Onun sözlərinə görə, kreditlərin ayrılması üçün bəzi şərtlər olacaq:

“İlkin şərt odur ki, sahibkarlar ayrılan vəsaitlərdən tətbiq olunan güzəştlərdən səmərəli istifadə etsinlər, eləcə də istehsalın artırılmasına, məhsuldarlığın yüksəldilməsinə, və yaratdıqları təsərrüfatın qanunvericiliyə uyğun şəkildə idarə olunmasına yönəltsinlər. 

Dövlət tərəfindən kiçik sahibkarlığın inkişafı üçün müəyyən qədər dəstək verilir, amma bundan düzgün istifadə olunmur. Torpaq və əkin sahəsi, yaxud da hansısa bir fermer təsərrüfatı var, dövlət də bunların inkişafı üçün müəyyən vəsaitlər ayırır, amma onu başqa məqsədlərə yönəldirlər və buna görə də hansısa bir sahə inkişaf etmir”. 

“Elmi yanaşma tətbiq olunmalıdır”

Bu baxımdan da müsahibimiz belə düşünür ki, bu vəsaitlərin təyinatı üzrə xərclənməsi daha vacibdir:

“Ayrılan pulun səmərəli xərclənməsi üçün elmi yanaşma tətbiq olunmalıdır. Təsərrüfatlar yeni texnologiyalarla və elmi əsaslarla idarə olunmalıdır. İlk növbədə isə kiçik təsərrüfatlar birləşdirilməlidir və kreditlər bilavasitə belə təsərrüfatların birləşməsinə, iri sahibkarlıq subyektlərinin inkişafına, məhsuldarlığın artırılmasına xidmət etməlidir. Ancaq bir çox hallarda həmin pullar kənar xərcləndiyi üçün sahibkarlar inkişaf edə bilmirlər və onlara ciddi ziyan dəyir”. 

Bəs layihədə nəzərdə tutulan kreditlər sahibkarlara verilən zaman dövlət bunun neçə faizini öz üzərinə götürəcək?

Komitə sədri vurğuladı ki, bu məsələ hökumətin gördüyü işlər siyahısına aid olduğu üçün bunun dəqiq cavabını özləri verə bilərlər:

“Bütün işlər reallığa əsaslanmalıdır. Hökumət də bunları nəzərə alaraq, dövlətin verilən kreditlərin neçə faizinə sahib çıxacağını müəyyən etməlidir. Bir də bu layihənin faydalı olub-olmamasını müəyyən etməlidir. Əgər heç bir faydası olmayacaqsa, tətbiq olunmamalıdır. 

Bu gün hökumət, ölkədə sahibkarlığın inkişaf etdirilməsinə çalışır. Əgər ayrılan kreditlər ucuz başa gəlirsə və fermerin xeyrinədirsə, o zaman dövlət də bunu qəbul edəcək. Əks halda, bundan imtina edəcək”. 

Qeyd edək ki, bir neçə gün əvvəl Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədr müavini Mehman İsmayılov media nümayəndələrinə açıqlamasında, qurumun müvəkkil banklarının fermerlər üçün yeni məhsul təqdim edəcəyini diqqətə çatdırıb. 

Onun sözlərinə görə, yeni layihə kənd təsərrüfatı məhsullarının istehsalçılarına əkin xərcləri üçün ayrılan bir illik kreditlərin faiz xərcinin bir hissəsini dövlətin ödəməsini nəzərdə tutur.

Sədr müavini, bankların öz vəsaitləri hesabına fermerlərin əməliyyat xərclərini qarşılamaq üçün kredit verəcəyini və kreditin faizini qismən dövlətin qarşılayacağını və layihə ilə bağlı şərtlərin rəy üçün aidiyyəti qurumlara təqdim edildiyini diqqətə çatdırıb. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin