Xaricdən GMO toxumlar idxal olunur? – AÇIQLAMA 

Hazırda oxunan: Xaricdən GMO toxumlar idxal olunur? – AÇIQLAMA 

178487

Son vaxtlar ölkəmizdə keyfiyyətli toxum istehsalı xeyli azalıb. Seleksiya işinin zəif təşkili toxumçuluq sahəsində xeyli problemlər və boşluqlar yaradıb. Yaranmış boşluqları doldurmaq üçün də fermerlər xaricə üz tutublar. Maraqlıdır ki, xaricdən gətirilən toxumların da əksəriyyətinin genetik modifikasiya olunmuş - GMO məhsul olması iddia olunur.

Məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli ilə həmsöhbət olduq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, GMO toxumları çox bahadır:

“Ona görə də inanmıram ki, ölkəmizə GMO toxumları kütləvi şəkildə gətirilsin. GMO toxumları o ölkələrdə istifadə olunur ki, genetik modifikasiya olunmuş məhsulların istehsalına qanun icazə verir. Məsələn, ABŞ, Kanada, İsrail, Yaponiya və Avropa ölkələrinin bir neçəsi GMO məhsulların istehsalına icazə verir. Burda da heç bir problem görmürəm”. 

Ekspert əlavə etdi ki, Azərbaycana GMO toxumlarının gətirilməsi qanunla qadağandır:

“Digər tərəfdən ölkəmizə gətirilən toxumların nə qədər orqanik olduğunu da demək də çətindir. Məsələn, tərəvəz toxumları əsasən Rusiyadan və digər Avropa ölkələrindən gətirilir. Həmin toxumlar GMO deyil. Onlar hibrid toxumlardır. Yəni bir neçə toxumun sintezindən hazırlanıb. Ölkəmizdə də toxum hazırlanır. Bir çox məhsulların toxumları ölkəmizdə tədarük edilir. Məsələn, buğda və arpa toxumunun çox hissəsi özümüzdə istehsal edilir. 

Sadəcə, toxumçuluq ağır sahə olduğu üçün bununla çox məşğul olunmur. Amma yüksək məhsuldar buğda və arpadan fermerlər özləri toxum tədarük edirlər. Nəzərə alaq ki, toxumluq arpa və buğda çox baha satılır. Bəzən toxumun sənədi də təqdim edilir. Ancaq burada əsas məsələ sənəd yox, qiymətdir. Ucuz qiymətə təklif edilən  toxum təbii ki, şübhə doğurur. Məhz keyfiyyətsiz toxum səbəbi ilə Azərbaycanda məhsuldarlıq ilbəil aşağı düşür”.

Vahid Məhərrəmli onu da deyib ki, qarpız toxumlarının 100 faizi xaricdən gətirilir:

“Bu da onunla bağlıdır ki, uzun müddət istifadə edilən yerli sortlar tədricən öz məhsuldarlığını itirdi. Seleksiya işi taleyin ümidinə buraxılıb. Ona görə də qarpızın toxumu xaricdən gətirilir. Çox təəssüf ki, taxıl məhsullarının toxumları ilə bağlı seleksiya işləri görülmür. Xaricdən gətiriləm toxumların GMO olduğunu müəyyən etmək üçün laboratoriyalarda analizdən keçirilməlidir. Amma gətirilən toxumların laborator analizdən keçirilməsi barədə məndə hər hansı bir məlumat yoxdur”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin