Azərbaycanın ikinci böyük şəhəri Gəncədə əhali sayında sürətli artım müşahidə olunmaqdadır. Bunu rəsmi statistikada da görmək mümkündür.
Belə ki, Gəncə Şəhər Statistika İdarəsinin açıqlamasına görə, 2023-cü il yanvar ayınının statistikasına əsasən, şəhər üzrə əhalinin sayı 330 000 nəfər olub. Son 10 ildə şəhərdə əhalinin sayı təxminən 60 000 nəfərə yaxın artıb.
Gəncədə insanların sayının artması mənzil bazarına da təsir göstərir.
Tələb çoxaldıqca, qiymətlər də durmadan artır. Son bir ildə, əsasən də mart-noyabr aylarında bina evlərinin qiymətində böyük dəyişikliklər nəzərə çarpır. Təkcə onu demək kifayət edir ki, bina evlərinin qiymətində ötən illə müqayisədə 30 faizə qədər artım var.
Rieltor Anar Əkbərovun sözlərinə görə hazırda şəhərin mərkəzi yerlərində bina evlərinin kvadratı orta hesabla 1500-2000 manat arasında dəyişir:
“Bu gün Gəncədə əmlak bazarında istər həyət evlərinin, istərsə də bina evlərinin qiymətində böyük artım var. Bu yeni tikilən binalara da aiddir. Son aylar evlər 30 faizədək bahalaşıb. Əgər ilin əvvəlində şəhərin ən yaxşı məhəllələrindən sayılan Mahrasa Bağı qəsəbəsində ümumi sahəsi 137 kvadrat metr olan 4 otaqlı mənzilin qiyməti şəraitindən asılı olaraq 75-90 min manat arasında dəyişirdisə, hazırda bu rəqəm 95-110 min manat cıvarındadır.
Bu şəhərin bütün ərazilərinə aiddir. Lakin mərkəzdən bir qədər kənarlarda, məsələn Sevinc qəsəbəsi deyilən ərazidə həyət evləri digər yerlərə nisbətdə bir qədər ucuzdur”, - deyə Anar Əkbərov əlavə edib.
Ev alqı satqısı ilə məşğul olan şirkətdən isə bildirdilər ki, bina evlərinin qiymətində son aylar fərqliliklər nəzərə çarpır.
Torpaq qiymətlərinə gəlincə...
Şəhərin Natəvan qəsəbəsində sotu 500-1000 manata da torpaq sahəsi tapmaq mümkündür.
Şirkətin əməkdaşı bunu həmin qəsəbənin şəhərin mərkəzindən çox uzaqda yerləşməsi və bu ərazilərdə infrastrukturların çox aşağı səviyyədə olması ilə əlaqələndirir:
“Şəhərin Natəvan və Sevinc qəsəbələrində qiymətlər digər ərazilərə baxanda aşağıdır. Buradan torpaq almaq istəyənlərin də sayı elə də çox deyil. Əsasən tələbat şəhərin mərkəzi və ona yaxın olan ərazilərədir. Məsələn bu yaxınlarda Gəncə Univermağının arxasında yerləşən küçədə təxminən 3 sota yaxın torpaq sahəsini 45 000 manata satıblar. Mərkəzə yaxın ərazilərdə istər bina evləri, istərsə də həyət evləri və torpaq sahələri çox bahadır” deyə şirkətin əməkdaşı əlavə edib.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu
- A-
- A
- A+
İqtisadiyyat
14:20 / 15.02.2024
Gəncənin mənzil bazarında SON DURUM – “Əvvəllər 70 minə olan evlər indi...”
Hazırda oxunan: Gəncənin mənzil bazarında SON DURUM – “Əvvəllər 70 minə olan evlər indi...”
Hazırda oxunan: Gəncənin mənzil bazarında SON DURUM – “Əvvəllər 70 minə olan evlər indi...”
178283
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.