Problemli kreditlər ARTIR – Səbəb vətəndaş məsuliyyətsizliyidir, YOXSA...

Hazırda oxunan: Problemli kreditlər ARTIR – Səbəb vətəndaş məsuliyyətsizliyidir, YOXSA...

177940

Son 3 ay ərzində vaxtı keçmiş kreditlərin həcmi 440.4 milyon manatdan 437.8 milyon manatadək azalıb. Azalma xarici valyutada olan kreditlərdə müşahidə olunub və bu müddətdə sözügedən kreditlərdə 7.9 milyon manat ekvivalentində azalma baş verib. 

Ancaq manatla problemli kreditlərin həcmi 324 milyon manatdan 329.3 milyon manata qədər yüksəlib. Bu da o deməkdir ki, dövr ərzində 5,3 milyon manat və ya 1,61 faiz artım baş verib.

Manatla olan problemli kreditlər niyə artıb?

Mövzu ilə bağlı fikirlərini Bizim.Media-ya açıqlayan iqtisadçı ekspert Fuad İbrahimov manatla olan problemli kreditlərin həcmin artmasının əsas səbəbini əhalinin ödəmə qabiliyyətinin aşağı düşməsi ilə əlaqələndirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Hansı bankın avtomobil krediti şərtləri daha SƏRFƏLİDİR? – ARAŞDIRMA 


“Son illər insanların gəlirləri azalıb, xərcləri isə artıb ki, bu da kreditlərin geri qaytarılmasına mane olur. Vətəndaş istər biznes, istər istehlak, istərsə də digər məqsədlər üçün bankdan aldığı kreditlə problemlərini həll etmək, yaxud özünə biznes sahəsi yaratmaq istəyir, amma bu mühiti yarada bilmədiyi üçün əlində vəsait heç bir işə yaramır, üstəlik, borcunu geri qaytara bilmir. Nadir hallarda isə problemin səbəbi vətəndaş məsuliyyətsizliyi ilə bağlıdır. Yəni, bəzi şəxslər gəlirləri olsa da, olmasa da borcunu ödəmək istəmir”. 

Dollarla olan problemli kreditlərin həcminin azalmasına gəlincə...

“2015-ci ildə baş verən hər iki devalvasiyadan sonra ölkədə dollarla kreditlərin verilməsi dayandırılıb. Ödənilən borclar isə həmin illərdən qalan və problemə çevrilmiş kreditlərdir. Hökumət bunların faizlərini ləğv etsə də, əsas məbləği saxlayıb. Vətəndaşlara da şərait yaradıb ki, dollarla olan borclarını tədricən ödəsinlər. Buna görə də xarici valyutada olan problemli kreditlərin statistikada xüsusi çəkisi getdikcə azalır. 

Əslində statistika açıqlanarkən, belə məlumatlar da əks olunmalıdır. Ancaq bu olmadığı üçün milli valyutada olan kreditlərin artması ilə bağlı problemlər ortaya çıxır”. 

Ekspertin sözlərinə görə, mövcud problemlərə baxmayaraq, milli valyutada olan kreditlər geri qaytarılır:

“Sistem dayanmadan və fasiləsiz işləyir. Bir qrup kreditini qaytarır, digər bir qrup isə yeni kredit alır. Problemli kreditlərin həcminin artmasına gəlincə, bu sahəyə nəzarət gücləndirilməli və “Asan Xidmət” kimi idarəetmə üsulu tətbiq edilməlidir. 

İkinci səbəb isə biznes mühitinin olmaması ilə bağlıdır. Aidiyyatı orqanlar iş qurmaq istəyən şəxsin sənədlərini tez bir vaxtda hazırlayaraq, təqdim etməli və ona lazım olan şəraiti yaratmalıdır”. 

Çözüm yolu nədir?

Bundan çıxış yolunun olduğunu söyləyən ekspert bildirdi ki, sahibkarlara tam azadlıq verilməlidir:

“Bazar iqtisadiyyatında tam liberallaşma getməli və vətəndaşın qarşılaşdığı problemin həlli üçün differensial yanaşma tətbiq olunmalıdır. Əgər nəyəsə nail olmaq istəyiriksə, konkret iş görməliyik”. 

Qərb dövlətlərinin təcrübəsini misal çəkən F.İbrahimovun sözlərinə görə, burada da kreditlərin ödənişi tələb olunur: 

“Ancaq vəsaiti götürən şəxsin riskləri minimum həddə çatdırılır. Bundan başqa, çoxlu sayda donor proqramlar tətbiq olunur və fors-major vəziyyət yaranarsa, dövlət və ya bank ona dəstək verir. Məhz Almaniyada bu üsuldan çox geniş istifadə olunur və biz də bu təcrübəni öyrənərək ölkəmizdə tətbiq edə bilərik”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin