Mərkəzi Bankın məlumatına görə, əhalinin banklardakı əmanətlərinin məbləği il ərzində 8,1 faiz artaraq 2023-cü il dekabr ayının 1-də milli valyuta ekvivalentində 12,524 milyard manat təşkil edib.
Əmanətlərin 65,8 faizi milli, 34,2 faizi xarici valyutada qoyulub. Milli valyutada olan əmanətlərin məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 16,3 faiz artıb, xarici valyutada qoyulan əmanətlərin məbləği isə 4,8 faiz azalıb.
Bu artım nə ilə bağlıdır?
Bizim.Media-nın mövzu ilə bağlı suallarını cavablandıran iqtisadçı-ekspert Pərviz Heydərovun sözlərinə görə, Əmanətlərin Sığortalanması Fondu tərəfindən bütün banklar üçün əmanətlərə sığorta faizi dərəcəsi müəyyən olunub:
MÖVZU İLƏ BAĞLI:
Azərbaycana xaricdən pul köçürmələri 2.8 milyard manat azalıb
“Bu da manat üzrə 12 faiz, dollar üzrə isə 2.5 faiz təşkil edir. Əgər hansısa bank əmanətlər üçün ondan artıq faiz təklif edərsə, dövlət heç bir təminat verməyəcək. Əgər bir vətəndaşın əlində yetərli qədər dollar varsa və bunu banka qoymaqla gəlir götürmək istəyirsə, o zaman seçim etməli olacaq.
Belə ki, ya dollarla əmanəti yatırıb, 2.5 faizlik, ya da manat ilə yerləşdirməklə 12 faizlik gəlir götürəcək. Dövlətin Əmanətlərin Sığortalanması Fondu vasitəsilə vətəndaşlara mesaj verir ki, bundan artıq vəsait yerləşdirərsə və ya bank bağlanarsa, həmin əmanətlər geri qaytarılmayacaq. Əsl səbəblərdən biri məhz budur”.
Onun sözlərinə görə, burada əsas söhbət məbləği kifayət qədər böyük olan vəsaitlərdən gedir:
“Əgər sadə bir vətəndaş 10-15 min manatlıq vəsaiti 12 faizlə yerləşdirərsə, elə də böyük gəlir əldə etməyəcək. Ancaq 30-100 min manat arasında əmanətə sahib olan vətəndaşların gəlirləri sərfəli olur. Manat üçün yüksək sığorta faizinin təklif olunması, milli valyutada əmanətlərin artımına səbəb olub.
Uzun müddətdir ki, manat ABŞ valyutası ilə münasibətdə sabit qalıb və 1 dollar 1.70 manatdır. Bu vətəndaşlarda manata olan inamı daha da artırır. Artıq belə düşünürlər ki, vəsaitləri dollara çevirərək evdə yastığın altında saxlamaqdansa, manatla banka yatırmaq daha sərfəlidir”.
Müsahibimiz vurğuladı ki, məhz bu səbəblərə görə də manatla əmanətlərin həcmi dollarla olan əmanətlərin həcmindən çoxdur:
“Burda bir məsələ də var. Belə ki, bəzi ölkələrdə vətəndaşların ehtiyat vəsaitlərini daha çox gəlirli sahələrə yatırmalarını stimullaşdırmaq üçün qiymətli kağızlar bazarını daha da inkişaf etdirirlər. Bizdə isə orta həcmli ehtiyat vəsaitlərə ya daşınmaz əmlaka yerləşdirirlər, ya da banka qoyurlar.
Ancaq xarici ölkələrdəki kimi vəsaitləri qiymətli kağızlara və ya hansısa bir şirkətin səhmlərinə yatırmaq ənənəsi hələlik yoxdur. Ona görə ki, bizdə qiymətli kağızlar bazarı zəif inkişaf edib”.
Rövşən Ziya, Bizim.Media