Milli brendimizə çevrilən çayın ixracı NİYƏ AZALIB?

Hazırda oxunan: Milli brendimizə çevrilən çayın ixracı NİYƏ AZALIB?

174866

Dövlət Gömrük Komitəsinin son statistik göstəricilərinə əsasən, 2023-cü ilin dekabr ayının sonlarına qədər Azərbaycandan xarici ölkələrə 731.51 ton həcmində çay ixrac olunub. Bunun da maliyyə dəyəri 6 milyon 605 min ABŞ dolları təşkil edib. 

2022-ci ilin eyni dövründə isə bu rəqəmlər müvafiq olaraq 1 779.63 ton və 11 milyon 516.73 min dollar həcmində olub. Statistikadan da görünür ki, 1 il ərzində ixracın həcmində 1048,12 ton və ya 58,90 faiz, dəyərində isə 4 milyon 911,72 min dollar və ya, 42,65 faiz azalma baş verib.
 

MÖVZU İLƏ BAĞLI:

Çayxanalar da qiymətləri ARTIRDI – “Artıq sadə çay belə verilmir”


Qeyd edək ki, ixrac azalsa da, idxalın həcmi əhəmiyyətli dərəcədə artıb. Belə ki, 2023-cü il ərzində ölkəyə 13 675.95 ton həcmində çay idxal olunub ki, bunun da maliyyə dəyəri 70 milyon 557 min dollar təşkil edib. 

Bəs, ixracda bu qədər azalma nə ilə bağlıdır?  

İqtisadçı-ekspert Natiq Cəfərli Bizim.Media-ya açıqlamasında, Azərbaycanda yerli çay istehsalının elə də çox olmadığını bildirib:

“Buna görə də kiçik rəqəmlərlə ifadə olunur. İxrac etdiyimiz çayın böyük hissəsi xam məhsul şəklində Nepal, Şri-Lanka və İran kimi ölkələrdən gətirilir, yerli fabriklərdə qablaşdırılır”. 

Onun sözlərinə görə, son vaxtlar xaricdən gətirilən xam məhsulun miqdarı ciddi şəkildə azalıb: 

“Bu da ölkə daxilində qablaşdırılmaya, ixracın həcminə, eləcə də dəyərinə mənfi təsir edir. Bizdə çay istehsalı elə də yüksək səviyyədə olmadığı üçün iri həcmlərlə xaricə satmaq da mümkün deyil”.

Müsahibimiz, Azərbaycanın çay fabriklərində bir neçə çeşiddə və adda hazır çay məhsulu istehsal olunduğunu da diqqətə çatdırıb:

“Onun da bir hissəsi daxili tələbata yönləndirilir, bir hissəsi də “Made in Azerbaijan” brendi ilə xaricə satılır. Ölkələrin çoxunda, əsasən də Polşa, Çexiya, Türkiyə, Rusiya, Gürcüstan kimi ölkələrdə isə böyük rəğbətlə qarşılanır. Bu da onunla bağlıdır ki, bizim müəssisələrdə qablaşdırma və istehsal yüksək səviyyədədir”. 

İdxalın həcminin artmasına gəlincə, müsahibimiz, bunu daxili tələbatın kəskin artımı ilə əlaqələndirib:

“Ötən il ölkəyə gələnlərin sayında da xeyli artım baş verdi ki, bu da çaya olan tələbata təsir etdi. Daxili bazarda da yerli istehsala üstünlük verilir ki, bu da ixracın səviyyəsinə mənfi təsir edir”. 

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin