Şaxtanın bölgələrdə yaratdığı FƏSADLAR – “Günah qarda deyil, fermer işini elə qurmalıdır ki…”

Hazırda oxunan: Şaxtanın bölgələrdə yaratdığı FƏSADLAR – “Günah qarda deyil, fermer işini elə qurmalıdır ki…”

173679

İki gün öncə ölkənin, demək olar ki, bütün ərazisinə qar yağdı. Qışda qar yağması gözlənilən olsa da yaranan çətinliklərdən sonra qarlı-şaxtalı günlərə hazır olmadığımız üzə çıxdı. Belə ki, paytaxtın əsas küçələri istisna olmaqla məhəllə küçələrinin qardan təmizlənməsi günəş istisinin ümidinə qaldı. Həmçinin, Bakının bəzi ərazilərində saatlarla işıq, internet, istilik olmadı.

Sadalanan problemlərin daha çoxu isə qar yağan bölgələrdə müşahidə olundu. Rayonlararası yollar bağlandı, bir neçə rayonun çox sayda kəndinə elektrik enerjisinin verilməsində uzunmüdətli fasilələr yarandı. 

Qar kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara da ziyansız ötüşmədi. Belə ki, Cəlilabadda əksər təsərrüfatlarda örtük altında becərilən sahələr qar altında qalıb.

Güclü qara tab gətirməyən dəmir armaturlar əyilərək çiyələk sahəsinin üzərinə düşüblər. Bu da qara hazır olmamağın başqa bir nümunəsidir. Əslində, qış aylarında qarın yağması kənd təsərrüfatına xeyirlidir. Elə xalqın ta qədimdən indiyədək qara ruzi-bərəkət kimi baxması da məhz buradan qaynaqlanır.

“Sahibkar işini elə qurmalı idi ki...”

Liberal İqtisadçılar Mərkəzinin rəhbəri Akif Nəsirli mövzu ilə bağlı Bizim.Media-ya danışarkən bildirib ki, belə məsələlərdə qarın günahı yoxdur:

“Yağan qarın, birmənalı olaraq, kənd təsərrüfatı üçün xeyri var. Çiyələk təsərrüfatı ilə məşğul olan sahibkar öz işini elə qurmalı idi ki, belə problem yaranmasın. İstixana qış üçün nəzərdə tutulur. Burada qarda günah axtarmağa ehtiyac yoxdur. 

Qarın zərəri işini ehtiyatlı görməyən sahibkarlara dəyib. İstixanalar möhkəm olmaldıır ki, küləyə, yağışa, qara davamlı olsun. Bakı şəhərində də qar ciddi problemlər yaratdı, amma kənd təsərrüfatı məhsullarının gələcəkdə yüksək məhsuldarlıq göstərməsi üçün bu qarın yağması vacib idi”.

Ekspert yağan qarın zərərindən çox xeyri olduğunu deyib:

“Qışda qar yağmalı, şaxta düşməlidir ki, yerin münbit qatında yaşayan həşaratlar, zərərvericilər soyuğun, şaxtanın təsirindən ya ölsünlər, ya da yerin daha dərin qatlarına köç eləsinlər. Bu, erkən yazda buğdanın üstündə xəstəliklərin azalması üçün vacibdir. 

Məsələn, üç ildir ki, Azərbaycan fermerlərinin əksəriyyəti birinci biçim yoncanı yığa bilmir, çünki həşarat məhv edir. Ötən il noyabr-dekabr ayları ərzində çıxan erkən taxıl cücərtilərini həşaratlar yeyib, məhv edib, ziyan vurub. Bu ziyanların qarşısını qardan, şaxtadan başqa heç nəylə almaq çətindir, bəlkə də heç mümkün deyil”. 

Günay Şahmar, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin